Məlumdur ki, siyasi proses subyektdən kənar təsisatların və qüvvələrin qarşılıqlı fəaliyyəti nəticəsində təşəkkül tapan obyektiv amillərlə, öz qanunauyğunluqları ilə şərtlənir. Siyasi proses sosial vakuumda yox, məhz sosial mühitdə üzə çıxan çoxsaylı obyektiv və subyektiv xarakterli hadisələrin təsiri sayəsində baş verir. 1990-cı illərdə ölkəmizdə baş verən hərc-mərclik, bəzi adamların hakimiyyət hərisliyi, qanunsuz silahlı dəstələrin qarətçilik əməlləri, bir tərəfdən də bədnam qonşumuz olan ermənilərin bizim dədə-baba torpaqlarımıza acgözlüklə etdikləri hücumlar ictimai – siyasi vəziyyəti və xalqın güzəranını gündən-günə ağırlaşdırmış, ölkəmizi parçalanmaq və məhvolma qarşısında qoymuşdu. Hər yerdə anarxiya, özbaşınalıq hökm sürürdü. Belə bir ağır dövrdə vətənimizin, xalqımızın qüdrətli, xilaskar bir şəxsiyyətə, siyasi proseslərin ölkəmizin öz axarına düşüb inkişaf etməsi üçün ona dayaq olan böyük, güclü partiyaya ehtiyacı var idi. Bunu dövr, vətən, xalq gözləyirdi və tələb edirdi. 1992- ci ildə xalqımızın avanqard bir dəstəsi, adları tarixə düşmüş 91 nəfər ziyalısı əsl vətəndaşlıq cəsarəti göstərərək, Naxçıvana-dünya şöhrətli böyük şəxsiyyətə- Heydər Əliyevə rəsmi müraciətlə üz tutdu: “Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır.Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Mövcud iqtidar ictimai- siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur.” Məşhur “91-lər”in tarixi müraciəti belə yekunlaşırdı: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”. Bəli, o zaman yaranan, xalqı Vətəni bütün bəlalardan, xaosdan xilas edən, ölkədə dinclik, əmin-amanlıq yaradan,vətəndaşlarımızın yaşayışını, rifah halını getdikcə yüksəldən, axırda da vətən torpaqlarını 30 illik işğaldan-əsarətdən qurtaran həmin partiya və həmin partiyanın rəhbərləri olan ulu öndər Heydər Əliyev və qalib və müzəffər Prezidentimiz İlham Əliyev oldu. Mən Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi 30 illiyi ərəfəsində onun fəaliyyətinə başqa yazılardan fərqli olaraq elmi, siyasi, fəlsəfi yanaşmalarla nəzər salmaq istərdim.
Yeni Azərbaycan Partiyası siyasi prosesin strukturunun subyekti, yəni real hakimiyyət və ya onun daşıyıcıları; prosesin məqsədi kimi yaradılan və ya əldə edilən obyekti, yəni prosesin vasitələri, metodları, resursları, prosesin icraçıları yaranandan daim xalqın, Vətənin tərəqqisi yolunda fəaliyyət göstərmişdir. Təbii ki, YAP ölkəmizdə gedən siyasi prosesin ideal və mənəvi tərəfləri onun resursları kimi çıxış edir. Siyasi prosesin ideal və mənəvi tərəfləri, elm, bilik, texniki və maliyyə vasitələri, vətəndaşlarımızın əhval- ruhiyyəsi, prosesin iştirakçıları və onların ideologiyası, ictimai əhatə dairəsinin daim zənginləşməsi,vətəni sevmək, onu qorumaq, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmaq, Ulu Öndərin həmişəyaşar ideyasını təbliğ etmək, yaymaq, yaşatmaq... və digər amillər daxildir. Doğma və yenilməz partiyamızın ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə, siyasi ustalıqla işlənib hazırlanmış, hazırda ölkəmizin ictimai- siyasi həyatında misilsiz rol oynayan siyasi nəzəriyyə və konsepsiyalar siyasi məqsədlərin gündən-günə daha geniş vüsətdə həyata keçirilməsində öz ideallaşdırılmasını daha geniş əks etdirir. YAP siyasi prosesə aid məqsədləri elə formalaşdırır ki, hər bir qədirbilən Azərbaycan vətəndaşı bir daha şahid olub inanır ki, ölkəmizin ictimai-siyasi həyatında baş verən hər bir siyasi gedişat, siyasi, uğurlu hadisələr-işğaldan azad olunmuş rayonların ərazilərində bərpa, yeni, böyük quruculuq işləri sosial- tarixi proseslərin xüsusi fəaliyyəti kimi böyük önəm kəsb edir. Yeni Azərbaycan Partiyasının çoxistiqamətli siyasi proseslərin inkişaf səbəbləri çoxcəhətlidir-azərbaycançılıq, milli dövlətçilik, müstəqil ideologiya, maliyyə və ya digər xarakterli hadisələr sayəsində iqtisadiyyatda, sosial strukturda, mənəvi- siyasi dəyərlər sistemində baş verən dəyişiklik, eləcə də cəmiyyətin siyasi sferasının özünün təkamülü nəticəsində yaranan tərəqqi və inkişafın iri addımları göz önündədir.
Yeni Azərbaycan Partiyasının Sədri, qalib və müzəffər Prezidentimiz cənab İlham Əliyevin diplomatik uğurları müxtəlif əhəmiyyət kəsb edən siyasi proseslərin bütün iştirakçıları, öz mənafe və tələbatının dövlət hakimiyyət təsisatlarının qərarlarında getdikcə daha böyük mənalar kəsb etməkdədir. Elə buna görə də möhtərəm Prezidentimiz, yenilməz, çoxminli partiyamızın rəhbəri İlham Əliyevin çoxistiqamətli siyasi, dövlətçilik fəaliyyətində çoxsaylı funksiyalar sırasında strateji funksiya başlıca yer tutur. Bu funksiyanın dolğun məzmunu Azərbaycan cəmiyyətinin qüdrətli inkişaf strategiyasının və taktikasının unikal təcəssümüdür. Partiyamızın 6-cı qurultayında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “ Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri xalq qarşısında göstərdiyi xidmətlər Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi” Prezidentimizin təbiri ilə desək,-mütərəqqi fikirli insanlar ,- indi YAP- ın ətrafında birləşən siyasi elita yüksək səriştəlilik, qabiliyyət və peşəkarlıqla əhatə olunmuşdur. Strateji funksiyanın uğurla reallaşması yalnız elitanın keyfiyyətli kadr tərkibi ilə müəyyən olunur, həmçinin cəmiyyətdə qərarlaşan ictimai rəyin vəziyyətindən və onun qəbul edilən siyasi qərarda əks etdirilməsi ilə bağlı vəziyyətdə inkişaf edir.
Siyasi elitanın fəaliyyəti ilə bağlı olan funksiyalardan digəri kommunikativ əlaqələndirici funksiyadır, yəni xalqın bütün təbəqələri ilə daim təmasda, əlaqədə olmaq işidir. Bu funksiya siyasi proqramlarda əhalinin müxtəlif sosial qrupları və təbəqələrinin mənafe və tələbatının əks etdirilməsini və bunların praktiki fəaliyyətdə reallaşmasını nəzərdə tutur. Kommunikativ funksiya özündə müxtəlif sosial birliklərin əhval- ruhiyyəsinin xüsusiyyətlərini üzə çıxarmağı, ən mühüm müxtəlif məsələlərə dair ictimai rəydə baş verən dəyişikliklərə dərhal və düzgün münasibət bildirməyi səciyyələndirir. Bu funksiya eləcə də sosial məqsədlərin, ideya və dəyərlərin müdafiə olunmasını nəzərdə tutur.
Yeni Azərbaycan Partiyasının Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov siyasi elitanın fəaliyyətini ifadə edən təşkilatçılıq funksiyası isə işlənib hazırlanmış xəttin praktikada reallaşmasını, siyasi qərarların strateji xəttinin müxtəlif siyasi tədbirlər sistemində ifadə olunmasını dilə gətirərək öz çıxışında demişdir: “Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir proses mümkün deyildir. Azərbaycan bir çox hallarda çox mühüm proseslərin təşəbbüskarıdır və bütün hallarda bölgədə gedən bütün layihələrin iştirakçısıdır.”
Siyasi hakimiyyətin fəaliyyətinin başlıca məzmunu bütövlükdə cəmiyyəti idarə etməkdən, ona rəhbərlikdən ibarətdir. Həmin fəaliyyət nəinki cəmiyyətin, dövlətin idarə edilməsində, eləcə də ictimai həyatın ayrı- ayrı sferalarının tənzimlənməsində daha bariz şəkildə özünü göstərir, bu baxımdan Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi həyatında ümumxalq Yeni Azərbaycan Partiyasının başlıca fəaliyyəti hər addımda özünü göstərir.
Qalib və Müzəffər Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayında dərin məzmunlu çıxışında konseptual nöqteyi-nəzərdən onu da vurğulamışdır ki, həmin dövrün, zamanın canlı şahidləri fikir və düşüncələrini, təəssüratlarını gənc nəsillər üçün paylaşsınlar. Bu tövsiyə biz qələm sahiblərinin qarşısında bir vəzifə qoyur,-biz o şanlı günləri daha geniş səpkidə, bütün cizgiləri və rəngarəngliyi ilə yazmalı, gələcək nəsillərə vaxtında və obyektivliklə çatdırmalıyıq. Bu, həm də dövrün ictimai- siyasi sifarişi kimi qəbul olunmalıdır. Bizdən sonra gələnlər bilməlidirlər ki onların yaşadıqları xoş, işıqlı zaman hansı çətinliklərin hesabına əldə olunmuşdur, kimlər bu sahədə necə böyük əzab və əziyyətlər çəkmişdir. Tarixi VII qurultayda o da vurğulanmışdır ki, Azərbaycan XXI əsrin müharibəsini aparmış, Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı və iradəsi ilə ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultaydakı nitqində bildirib: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
Tahir Məmmədov,
"İki sahil TV"nin məsul redaktoru,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
Yazı Yeni Azərbaycan Partiyasının 30-cü ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir