05 oktyabr 2022 23:46
1809

Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycan müstəqillik qazanandan sonra gənc bir dövlət kimi bir çox çətinliklərə sinə gərmiş, azadlığımızı, müstəqilliyimizi əlimizdən almağa çalışanlarla mübarizə aparmışdır.  Qarabağ münaqişəsini həll etməyə, mənfur qonşuların törətdiyi fəsadları aradan qaldırmağa çalışdığı bir vaxtda həm  daxili siyasət xəttini, həm də xarici siyasəti  düzgün formalaşdırmağa çalışırdı. Dünya ölkələri ilə müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri bağlanır və müstəqilliyimizi tanıtmaqdan ötrü dünya dövlətləri və bir çox beynəlxalq təşkilatlarla danışıqlar aparılırdı. Dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dünya ölkələri ilə iqtisadi, siyasi, mədəni və idman əlaqələri yaradıldı.  Belə ölkələrdən biri də Bolqarıstan Respublikasıdır. Bolqarıstan Azərbaycanın müstəqilliyini ilk dəfə 14 yanvar 1992-ci ildə tanımış, ilk diplomatik əlaqələr 1992-ci ildə iyunun 5-də qurulmuşdur. Ümummilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci ildə Bolqarıstana səfər etdikdən sonra diplomatik əlaqələr daha da inkişaf etmiş və nəticədə 1999-cu ildə Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması barədə sərəncam imzalamışdır. Sofiyada Azərbaycan səfirliyinin açılması iki ölkə arasında diplomatik əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur.

Azərbaycanla Bolqarıstan arasında hərtərəfli münasibətlərin qurulması məhz cənab İlham Əliyevin dəvəti ilə 7-8 oktyabr 2004-cü ildə  Bolqarıstan Prezidenti Piranovun Azərbaycana gəlişindən sonra başlandı.  İki ölkə arasında birgə bəyannamə, Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndəliyinin yaradılması haqqında birgə bəyannamə , Azərbaycan Teleqraf Agentliyi ilə Bolqarıstan Teleqraf Agentliyi arasında saziş, Azərbaycan Respublikası hökuməti ilə Bolqarıstan hökuməti arasında səhiyyə, tibb elmi sahəsində , investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında, ticari-iqtisadi, elmi-texniki, ticarət gəmiçiliyi haqqında, hərbi sahədə saziş imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasının Prezidenti Ruben Radefin dəvəti ilə Bolqarıstan Respublikasına rəsmi səfərə getmişdir. Sofiya hava limanında Azərbaycan Respublikasının Prezidentini Bolqarıstanın dövlət və hökumət nümayəndələri qarşılayıblar. Səfərin məqsədi Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etmək idi. Azərbaycan Respublikasının Prezidentinin belə mötəbər bir mərasimə dəvət olunması böyük siyasi-iqtisadi hadisədir. Cənab İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edərkən qeyd etdi ki, enerji təhlükəsizliyi hər bir ölkə üçün milli təhlükəsizliyinin vacib bir hissəsidir və çox önəmlidir. Artıq iki ildir ki, Azərbaycan qazı Avropa bazarına nəql olunur. Cənub Qaz Dəhlizi böyük bir layihədir. Biz bu layihədə iştirak etməklə fəxr edirik. Bu layihə Avropa qaz strukturunun xəritəsini dəyişəcək. Bu o deməkdir ki, qaz Avropaya yeni marşrutla nəql olunacaq. Bunun üçün respublikamız kifayət qədər qaz ehtiyatına malikdir. “Şahdəniz” yatağı hazırda istismar olunan yeganə yataqdır, lakin digər yataqların da işlənməsi mümkündür. Azərbaycan Avropada etibarlı bir tərəfdaş kimi tanınmaqdadır. Bunu indiyə kimi işlənmiş neft layihələri təsdiq etməkdədir. İndi isə qaz ixracı ilə bağlı yeni layihələrə imza atmaqdayıq. Ötən il qaz ixracımız 19 milyard m3 təşkil etmişdir. Onun 8,2 milyard m3-i Avropaya nəql olunmuşdur. Biz bu il ixracımızı 22 milyard m3-ə çatdıracağıq və onun 11,5 milyard m3-i Avropaya çatdırılacaqdır. Biz qaz ixracatını 2027-ci ilə qədər iki dəfə artırmaq niyyətindəyik. Bunun üçün kifayət qədər resurslarımz da var. Biz tərəfdaşlarımızla TANAP layihəsini də genişləndirib qaz ixracını 16 milyard m3-dən 32 milyard m3-ə, TAP layihəsi çərçivəsində 10 milyard m3-dən 20 milyard m3-ə çatdırmağı planlaşdırırıq.

Müşahidə etdiyimiz bu proseslər Azərbaycanın dünyanın iqtisadi sektorunda nə qədər böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. Bu, düzgün qurulmuş siyasətin, düzgün tənzimlənmiş iqtisadiyyatın uğurudur. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə hər gün uğura bir addım da yaxınlaşır. Dünya dövlətləri də bunu görür və ölkəmizin rəhbərini beynəlxalq səviyyəli görüşlərdə, konfranslarda layiq olduğu şəkildə qarşılayıb bizimlə əməkdaşlıq etməyə cəhd göstərirlər. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç cənab İlham Əliyevə: “Əziz dostum, görürəm bu gün Avropada çox məşhur olmusunuz” – deməyi dərin mənalı ifadədir.  Bu ifadənin arxasında o dayanır ki, Prezidentimizin uğurlu siyasəti nəticəsində ölkəmiz müxtəlif sahələr üzrə Avropada çox məşhurlaşmış, digər ölkələrin diqqətini cəlb etmişdir. Bizim Avropada və eləcə də dünyada tanınmağımızın səbəbi təkcə iqtisadi və təbii sərvətlər baxımından zəngin bir ölkə olmağımız deyil, tanınmağımızın səbəbi həm də 2020-ci ildə 44 günə Qarabağı düşmən tapdağından azad etməyimiz, öz əzəli torpaqlarımıza sahib olmağımızdır. Qarabağa zəfər qazanaraq dönüşümüz bizi nəinki Avropada, hətta dünyada tanıtdı. Ali Baş Komandan cənab İlham Əliyev dünya liderləri içərisində söz sahibi olmuş, getdiyi bütün ölkələrdə daha böyük təmtəraqla qarşılanmaqla bərabər atdığı hər bir imza , razılaşdığı hər bir layihə hamı tərəfindən bəyənilir və dəstəklənir.

Cənab İlham Əliyevin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində dediyi kimi, Azərbaycan etibarlı bir əməkdaşdır və gələcək illərdə daha böyük layihələrə imza atmaq əsas məqsədlərimizdən biridir.

Günel Səmədova,
Bakı şəhəri, Xətai rayonu 221 nömrəli tam orta məktəbin direktoru