05 oktyabr 2022 17:40
1006

Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi

Bu gün Cəbrayıl, həmçinin işğaldan azad edilmiş digər ərazilərimiz  müasir tələblər səviyyəsində yenidən qurulur

Artıq iki ildir ki, tarixi Zəfərimizin başlanğıcı kimi dəyərləndirilən, dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında ölkəmizdə Anım Günü kimi təsis olunan 27 sentyabr tarixindən etibarən 44 günün hər günü  5 şəhərin, 4 qəsəbənin, 300-a yaxın yaşayış məntəqəsinin, həmçinin strateji yüksəkliklərin işğaldan azad edilməsi  tarixi kimi qeyd olunur. 4 oktyabr tarixə Cəbrayıl şəhərinin və  rayonun 9 kəndinin  azad elilməsi kimi yazıldı. Bu müjdəni 4 oktyabr 2020-ci il tarixində xalqa müraciətində çatdıran dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etmişdi ki, bu qələbələrimiz davamlı olacaq, işğal altında olan bütün torpaqlarımız azad ediləcək, onlarda bərpa və quruculuq işləri həyata keçiriləcək. Dövlət başçısı İlham Əliyevin Vətən müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata müsahibələrinə diqqət yetirdikdə hər birində Qələbəmizə böyük əminlik ifadə olunduğunu, postmünaqişə dövrünün reallıqlarından bəhs edildiyini görürük.

Prezident İlham Əliyevin bütün çıxışlarında qeyd olunduğu kimi, 30 illik işğal dövründə insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq Ermənistana sülh təklif etdik.

Təkcə Cəbrayıl rayonunun erməni vandalizminə məruz qalmış maddi-mədəni abidələrinə diqqət yetirmək kifayətdir.  Belə ki, “Divlər sarayı” mağarası,  “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı  Mazannənə, Mərmərnənə məqbərələri kimi arxeoloji, “Başıkəsik gümbəz”,  “Qala”, “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məscid hamamı”, Şıxlar kəndindəki “Dairəvi  türbə”,  Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli  türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı  məhv edilmiş və ya  dağıntıya məruz qalmışdır. Bu mühüm statistikanı  qeyd etməliyik  ki, işğal nəticəsində  Cəbrayıl rayonuna  13,928 milyard  dollar  məbləğində ziyan dəyib. 1050 kv. km-i əhatə edən  52000 nəfər əhalisi olan  rayon ərazisi və bu ərazidəki  72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın  kənd ermənilərin işğalına məruz  qalaraq vəhşicəsinə dağıdılıb.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliklərinin şahidləridir. 30 ildə bu torpaqlarda daşı daş üstə qoymayan mənfur düşmən bu ərazilərin onlara aid olduğunu iddia edəndə ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən bəzi dünya gücləri heç olmasa onlara “Bu vəhşiliyə son qoy!” mesajını verə bilərdilər.

Bu gün Cəbrayıl, həmçinin işğaldan azad edilmiş digər ərazilərimiz  müasir tələblər səviyyəsində yenidən qurulur, əvvəlki  simalarına qayıtmaları üçün səylər göstərilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu işlərin görülməsində yeganə rəqib zamandır. Çünki dağıntıların miqyası o qədər genişdir ki, onları qısa zamanda bərpa edib başa çatdırmaq mümkünsüzdür. Bütün hallarda  torpaqlarımız sahibində olduğu üçün sevinclidir və əmindir ki, tezliklə soydaşlarımızı qarşılamaqla yeni həyatlarına başlayacaqlar.

Tarixi Zəfərimizdən, Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edərkən bu məqamı da  önə çəkmək gərəklidir ki,  bu uğurların qazanılmasında  stmulverici amillər vardır. Azərbaycan Silahlı Qüvvələrinin hazırkı  gücü, qüdrəti  möhkəm təmələ əsaslanır. Bircə faktı qeyd etmək kifayətdir ki,  ulu öndər Heydər Əliyevin qətiyyətinin nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu. Məhz həmin gün Azərbaycan Silahlı Qüvvələrinin güclü əks-hücumu nəticəsində  Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz şəhəri erməni silahlı qüvvələrindən azad edildi. Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğalçılardan təmizləndi. Strateji yüksəkliklər işğalçılardan azad edildikdən  sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə  yüksəkliyi işğaldan azad edildi. Bütün bunlar onu deməyə əsas verir  ki, 44 gündə  Azərbaycan Ordusunun  Müzəffər Ali Baş Komandanı  İlham Əliyevin qətiyyəti, iradəsi  əsasında qəhrəmanlıq tarixini yazması möhkəm təmələ əsaslanır. 30 ilə yaxın münaqişənin sülh danışıqları əsasında həlli istiqamətində məqsədyönlü  addımlar atan, tarixi faktlar, real həiqəqətlər əsasında  Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyev  Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini işğaldan azad etməsi münasibətilə xalqa müraciətində bəyan etmişdir ki, otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir.

Azərbaycan 44 gündə dünya dövlətlərinin, beynəlxalq təşkilatların 30 ildə ata bilmədiyi addımı atdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan Silahlı Qüvvələrinin “Dəmir yumruq” əməliyyatının ardınca erməni silahlı birləşmələrinə verdikləri “Qisas” və “Qətiyyətli cavab” dərsləri bir daha bu çağırışı özündə ehtiva edir ki, ərazi bütövlüyümüzə qarşı bütün addımların qarşısı qətiyyətlə alınır və alınacaq.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi