05 oktyabr 2022 16:18
1482

Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayətdir

«Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. Hazırda müvafiq qurumların nümayəndələri kütləvi məzarlığa baxış keçirir. Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, kütləvi məzarlığın aşkar edilməsi ermənilər tərəfindən törədilmiş cinayətlərin daha bir sübutudur. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi ağlagəlməz bir vəhşilikdir.
K.Bayramov vurğulayıb ki, Ermənistanın ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycana qarşı başladığı yeni ərazi iddiası zamanı Qərbi Azərbaycandan iki il ərzində 250 mindən çox azərbaycanlı öz dədə-baba yurdundan didərgin salındı, 217 nəfər vəhşicəsinə öldürüldü, bu ölkədə etnik təmizləmə ilə yanaşı, 300-dən çox məscid, 500-dən çox qəbiristanlıq yerlə-yeksan edildi. Xocalı soyqırımı törədilməklə 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 1275 nəfər girov götürüldü.
Bu gün Ermənistan, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsindən hələ də boyun qaçırır. Birinci Qarabağ müharibəsi zamanı çox sayda soydaşımız işgəncələrlə öldürülərək kütləvi məzarlıqlarda basdırılıb. Bütün bu vəhşiliklər isə 30 ilə yaxın müddətdə işğal altındakı tarixi torpaqlarımız azad olunduqdan sonra üzə çıxıb. Şuşa rayonunun Daşaltı, Xocavəndin Edilli, Ağdamın Sırxavənd, eləcə də, Xocalı rayonunun Fərrux kəndləri və digər ərazilərdə aparılan müvafiq axtarış tədbirləri ilə insanlığa sığmayan,xüsusi amansızlıqla törədilmiş cinayətlər  artıq sübuta yetirilib. Bütün bu vəhşiliklər beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması və  ermənilərin törətdiyi müharibə cinayətləridir.
Deputat diqqətə çatdırıb ki, xarici ekspertlər tərəfindən də ermənilərin Azərbaycanda törətdikləri dəhşətli dağıntlar, şəhər və kəndlərin yerlə yeksan edilməsi Xirosima və Naqasakiyə atılan atom bombasından  sonrakı xarabazarlığa bənzədilib. Bu gün  Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir və gec-tez erməni vandalları ölkəmizə qarşı törətdikləri əməllərə  görə cavab verməli olacaqlar.