Ermənistan öz havadarlarının köməyi ilə ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan torpaqlarını işğal etməyə başladı. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunu işğal etdilər.
Cəbrayıllılar Azərbaycan əsgərləri ilə birlikdə öz ata yurdları uğrunda mərdliklə vuruşdular. O zaman Cəbrayıl uğrunda gedən döyüşlərdə 362 azərbaycanlı şəhid, 191 nəfər isə əlil oldu. 6 nəfər cəbrayıllı Azərbaycanın Milli Qəhramanı adına layiq görüldü. Məcburi köçkün düşən cəbrayıllılar respublikamızın 58 rayonunda məskunlaşdırıldı. Hər birimiz kimi cəbrayıllılar da çox inanırdılar ki, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün 27 sentyabr 2020-ci ildə əks hücum əməliyyatlarına başladı. Vətən müharibəsi kimi tarixə düşən bu savaşın ilk günündən Azərbaycan oğulları böyük igidlik, qəhrəmanlıq göstərdilər. Müharibənin ilk günü - 27 sentyabr tarixində ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda daha 5 kəndi işğaldan azad etdi. 4 oktyabr tarixində isə rəşadətli Ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi. Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi.
2020-ci il noyabrın 20-də “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın işğaldan azad olunmasına” görə medalı ilə təltif edilmişdir.
Dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandırması böyük tarixi və siyasi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi və bu hadisə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Ordumuz Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərini də işğaldan azad edərək strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədi. Üstəlik Zəngilan, daha sonra isə Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi nəzarətə götürüldü.
Hazırda Cəbrayıl rayonunda böyük quruculuq işləri uğurla davam etdirilir. Müasir standartlara cavab verən 4-5 zolaqdan ibarət yollar çəkilir. Böyük infrastruktur layihələri icra edilir. Postmüharibə dövründə Prezident İlham Əliyev Cəbrayıl rayonuna 4 dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməl qoyma mərasimlərində iştirak edib. Tezliklə cəbrayıllılar doğma yurdlarına - gözəl, müasir Cəbrayıla qayıdacaqlar.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir