Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri və eləcə də paytaxt Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ölkəmizin regional mövqeyinin gücləndirilməsində xüsusi rol oynayacaq.
Ötən ay Ermənistan tərəfinin bir sıra qlobal media qurumlarında feyk təbliğatı kontekstində Azərbaycanın regional proseslərdə mövqeyinin təqdimatı vacib idi. Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır.
Serbiya prezidenti Aleksandar Vuçiçin “cənab İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacaqdı”, həmçinin Şimali Makedoniyanın prezidenti Stevo Pendarovskinin Avropada ən çox arzuolunan şəxsin məhz Azərbaycan Prezidentidir” deməsi də məhz ölkəmizə və dövlət başçımıza verilən xüsusi dəyərdir.
Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) layihələrinin reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyin formalaşmasına xüsusi töhfə verdiyini bir daha təsdiq edir.
İGB-nin reallaşması məsələsi Cənub Qaz Dəhlizi layihəsi ərsəyə gəldikdən sonra daha da aktuallaşdı. Bu, daxili şəbəkə vasitəsi ilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrə çıxması deməkdir. Bununla da Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına da xüsusi töhfə vermiş olacaq.
Rəqəmlər də göstərir ki, Azərbaycanın Avropanın enerji təhlüksizliyinin formalaşmasına verdiyi töhfə daha genişlənməkdədir. 2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracatımız 50 faizdən çox artıb və illik nəqlin 11.5 milyard kub metrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir.
İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır. Bu rəqəmin yaxın gələcəkdə 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3.5 milyard kubmetrdən 5.5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Ruminiya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da gücləndirilməsinə xidmət edir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir