2020-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. O günü, o həyəcan, fərəh, qürur dolu xəbəri çox yaxşı xatırlayırıq. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir: "Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi". Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır.Müzəffər Ali Baş Komandanın müqəddəs bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu abidə körpüdə Azərbaycan bayrağının ucaldılmasının böyük tarixi, siyasi önəmi vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur. Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev ötən iki il içində Cəbrayıla dörd dəfə səfər edib, bayraqucaltma, təməlqoyma və açılış mərasimlərində, digər tədbirlərdə iştirak edib. 04 oktyabr 2021-ci il tarixdə növbəti səfər zamanı cənab İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-nin birgə servis mərkəzinin təməlqoyma mərasimi, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi və digər təməlqoyma mərasimlərində iştirak etmişdir. 200 hektarı əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün bölgənin, o cümlədən Cəbrayıln inkişafı üçün önəmli hadisədir. Bu böyük layihə artıq icra olunmaqdadır. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıla gələn vətəndaşlar rahat gələ biləcək və buradan keçən Zəngəzur dəhlizindən faydalanacaqlar. Onu da vurğulayaq ki, ARDNŞ və BP azad olunmuş Cəbrayıl rayonunda 240 MVt-lıq gücə malik elektrik enerjisi stansiyasının tikintisini müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda Günəş elektrik stansiyanın tikintisi üzrə danışıqlar artıq yekunlaşmaq üzrədir.
Xatırlamaq yerinə düşər ki, işğal nəticəsində ermənilər Cəbrayıl rayonuna milyardlarla dollar ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar. Ermənilər Cəbrayılın daşını daş üstə qoymamış, şəhəri, qəsəbə və kəndləri viran etmişdi. işğal altında saxlanılan digər ərazilər kimi Cəbrayılda da yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Cəbrayılı azad edə bilməməyimiz üçün bir neçə zolaqlı mürəkkəb mane quraşdırmış – səngərlər, tunellər qazmış, təmas xəttinə çoxsaylı minalar basdırmış ermənilər, hər keçən il bir qədər də özlərinə əmin olurdu. Belə düşünürdülər ki, Azərbaycan uzun müddət davam edən işğalla barışmaq zorunda qala bilər. Ancaq unutduqları, hesablamadıqları bir həqiqət vardı: Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcək! Doğma Vətən torpaqları uğrunda canından keçən, qanını torpağa qatan, sağlamlığını itirən oğullarımız ölkəmizin şanını-şərəfini qorudu, qürurunu özünə qaytardı. Bəli, şanlı ordumuz mümkün olmayanı mümkün etdi və 30 ilə yaxın həsrətə, dərdə qısa müddət içində son verdi.
Hələ 5 yanvar 1994-cü ildəki məşhur Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı şanlı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Zəfərə və Böyük Qayıdışa daha da yaxın etdi.
Qürurla qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni təcavüzkarlarından azad edərək işğala son qoydu. Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalını təsis edib. Qeyd edək ki, Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıla səfəri çərçivəsində həmçinin Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdu. Ən əsası, bu gün Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir