05 oktyabr 2022 09:21
488

Zəfər yolunun başlanğıcı

Vətən sevgisi ruhları təmizləyən ən qüvvətli rüzgardır. Füsunkar gözəlliyinə malik olan Cəbrayıllı rayonu Azərbaycan Respublikasının cənubunda kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Qarabağın ecazkar təbiəti, zümrüd meşələri, əzəmətli dağları , buz bulaqları, zəngin tarixi-mədəni abidələri ilə yadda qalan gözəl yerlərindən biridir. Rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Burada dəmir filizi, neft yataqlarının olduğu da məlumdur.İşğaldan əvvəlki vaxtlarda Cəbrayıllı rayonunda elmin , mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 360-dan çox zəngin bulaqlar, müxtəlif türbələr, tarixi-dini memarlıq nümunələri vardı. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi.

Lakin Cəbrayıllı rayonu 1993-cü il avqust ayının 23-də Ermənistan tərəfindən işğal edilmiş, 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 150 mədəniyyət ocağı , 132 abidə 100-ə yaxın kənd vəhşicəsinə dağıdılmışdı. Cəbrayıl rayonu həmişə strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olmuşdur.

2020-ci il oktyabrın 4-də  Ali Baş Komandan İlham Əlyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu, yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Rəşadətli Ordumuzun qələbəsindən sonra şəhər işğalçılardan azad edildi və  bizim müzəffər Ordumuz gücünü dünyada tanıtdı. Mənfur ermənilər gördülər ki, türkün yumruğu sərt, ürəyi mərd onun Vətəninə göz dikənin başına dərd olar.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını bu xoş müjdə ilə sevindirmişdi.

Şanlı tarixi birlikdə qeyd etmək üçün cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdi.  

Azərbaycan Respublikasının Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən sonra 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və  Cəbrayıl rayonlarında olublar. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev ilk səfəri zamanı Vətənimizin necə vandal düşmənlə üz-üzə qaldığını , onun tarixi Azərbaycan torpaqlarında hansı vəhşiliklər törətdiyini bütün dünyaya göstərdi.   Prezident Cəbrayıl şəhərində Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldıraraq Azərbaycanın gücünü, Müzəffər Ordumuzun əzmini , ehtişamını dünyaya tanıtdı. Dövlətimizin başçısının Xudafərin körpüsündə bayrağımızı qaldırması Azərbaycan xalqı üçün qürurdur. Xalqımızın mənəviyyatında , tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur. Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu səfər çərçivəsində Prezident yalnız yeni layihələrin icrasi ilə yadda qalmadı. Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident İlham Əliyev  rayona səfər edərək təməlqoyma tədbirlərində iştirak etdi. Belə ki, həmin gün Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin , Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası”Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu. Ölkə rəhbəri eyni zamanda 1103510kV-luq “Cəbrayıl” yarımstansiyası, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev 4 oktyabrın tariximizdə əbədi qalacağını və bu qələbənin böyük mənası olduğunu qeyd etdi. Hər bir döyüşün əhəmiyyəti böyükdür, çünki Azərbaycan Ordusunun Vətən müharibəsi əməliyyatlarını bir-birindən ayırmaq olmaz, bunlar zəncirvari, bir-birinə təsir edən döyüşlərdir.Torpaqlarımızın işğaldan azad edilməsinin üç qəhrəmanı var. Onlardan birincisi dövlətimizin başçısı İlham Əliyev, digər ikisi isə onun yaratdığı ordu və arxasında dayanan dəstək olan xalqdır.

Prezident işğal edilmiş ərazilərimizdə səfərini sistemli olaraq davam etdirmiş və həmin ərazilərin yenidən qurulması , bərpası ilə bağlı tapşırıqlar vermişdi. İşğaldan azad olunan ilk ərazilərə Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı qoyuldu.

Bu gün Azərbaycan Respublikasının Prezidenti azad edilmiş torpaqları yenidən bərpa etmək, dirçəltmək əzmindədir. Azərbaycanın azad edilmiş ərazilərində reallaşan bərpa, yenidənqurma işləri gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir təməldir. Prezidentin azad edilmiş Qarabağ torpaqları ilə bağlı hədəfləri çoxdur.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə inanırıq. Vətən çalışqan insanların çiyinləri üstündə yüksəlir. Biz azad olunmuş hər torpaq , oturduğumuz yerlərin daşı üçün can verdik. Vətənin hər ovuc torpağı özünü fəda etmiş qəhrəmanların xatirəsidir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına taleyinə güclü təsir göstərdi.

Bugünkü uğurumuz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan , Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində reallaşdı.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın “dəmir yumruq” kimi birləşməsinin əsas səbəbidir.

Şəbnəm Babayeva,
Bakı şəhəri, 17 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi