Cəbrayıl şəhərinin 27 illik əsarətdən sonra işğaldan azad olunmasından 2 il ötür. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Cəbrayıl şəhərinin və bir neçə kəndimizin işğaldan azad olunması xəbərini bütün cəbrayıllılar böyük sevinc və coşqu ilə qarşıladılar.
Rəşadətli Ordumuzun Zəfərə gedən yolunda mühüm qələbələrdən biri Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşqu ilə qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi Cəbrayıl rayonunda törətdikləri vəhşiliklərdir. Onlar 1993-cü il avqustun 23-də rayonu işğal edərək 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv etdilər. Bu yerin sakinləri köçkün həyatı yaşamağa məcbur oldular.
Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı. Cəbrayılın erməni işğalından azad edilməsi özlüyündə çox böyük hadisə, tarixi Qələbə idi. Çünki 30 ilə yaxın müddətdə bu torpaqlar erməni işğalı altında qalmış, düşmən bu torpaqlarda müxtəlif istehkamlar, müdafiə sədləri inşa etmişdi.
Cəbrayılın azad edilməsi düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Cəbrayılın azad edilməsi, Ordumuzun rayonun ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçirməsinə və sonrakı əməliyyatlara da müsbət təsirini göstərdi. Belə ki, Cəbrayılın azad edilməsi Xocavənd və Hadrutun azad edilməsi ilə bağlı uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Cəbrayılın azad edilməsi Azərbaycan xalqının böyük Qələbəyə olan ümidini, inamını daha da artırdı.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Gülsabah Bədəlova,
Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş tibb bacısı,
YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilat sədrinin müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir