04 oktyabr 2022 17:19
618

Zəngəzurun qapısı-Cəbrayıl

Məlum olduğu kimi, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Rayon ərazisisində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, kəndlər işğal zamanı vəhşicəsinə dağıdılıb.

Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Cəbrayıl rayonunun ərazisi münbitliyinə və təbii sərvətlərinə görə də fərqlənmişdir.

İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişaf etdiyi rayon olmuşdur.

Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra tezliklə dövlət quruculuğunu təkmilləşdirmək, ordunu yenidən qurmaq, nizam və intizamı möhkəmləndirmək sahəsində fəaliyyətə başladı. Güclü dövlətə yol, iqtisadiyyatın inkişafından keçir. Ona görə də bütün sahələrdə olduğu kimi iqtisadiyyatda da əsaslı islahatlar başlandı. Bu siyasət Ulu öndərin layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə uğurla davam etdirildi. Azərbaycan öz tarixinin sosial-iqtisadi tərəqqi və mədəni intibah dövrünə qədəm qoydu. Nəticədə sosial-iqtisadi inkişafın Azərbaycan modeli yaradıldı. Məhz bu model böyük Zəfərimizin təminatı oldu. Bu zəfərin ilk qığılcımı 2016-cı il Aprel döyüşləri olmuşdu. Bu döyüşlər zamanı  Azərbaycan Ordusunun əks hücumu nəticəsində ərazilərimizin bir hissəsi işğaldan azad edildi. O cümlədən Cəbrayı rayonu istiqamətində  Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edilmişdi. Qarabağa qayıdış məhz buradan başlandı.

2020-ci il 27 sentyabr… Bu müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı oldu. Bu tariximizə şərəflə yazılan Zəfər erasıdır. Elə həmin gün ilk qələbə xəbəri ilə xalqımız müjdələndi. Şanlı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində bir sıra yaşayış məntəqələrimizi, o cümlədən Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini azad etdi. Bu böyük qələbənin ilk müjdəsi idi. Bu müqəddəs yürüşün başlanğıcı oldu. Bu müqəddəs yürüşün ilk həftəsində Cəbrayılın azad edilməsi ilə ilk rayon mərkəzinin azad edilməsi ilə əlamətdar oldu. Müzəffər Ali Baş Komandanın bu müjdəsi milləti bir yumruq kimi birləşdirmişdi. Milləti millət edən tarixi yaddaş, birgə sevinc və kədər olur.  Bu tarixin şahidi olduğu əsl Vətən müharibəsi idi. Dilindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq səfərbər olmuşdu. Artıq millət dəmir yumruğa çevrilmiş düşmənin başına enirdi.

Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Şanlı Azərbaycan Ordusu  2020-ci il 3 oktyabr tarixində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjal kəndlərini işğaldan azad etdi. Cəbrayılın azad edilməsi Vətən müharibəsində hərbi və strateji cəhətdən müstəsna əhəmiyyət daşıyır. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində rayon mərkəzi və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Cəbrayılın azad edilməsi nəticəsində digər ərazilərimizin işğaldan qurtulmasını təmin etdi.  Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Tezliklə Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu müqəddəs qalibiyyətin tacı Şuşanın azad edilməsi oldu. Düşmən kapitulyasiya imzalamağa məcbur oldu.

2020-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. Müzəffər Ali Baş Komandan Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli iftixar rəmzidir.

 Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızın igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Cəbrayılın işğaldan azad olunmasının birinci il dönümündə ölkə başçımız bölgəyə yenidən səfər etmiş və Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoymuşdur. 

Hazırda azad edilmiş bütün torpaqlarımızda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri gedir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektar artıq ərazini əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılmışdır. Cəbrayıla geniş yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir.

Cəbrayıl həmçinin Zəngəzurun qapısıdır. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyəti üçün xüsusi önəm daşıyır. Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlaması xalqımız üçün tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Zəngəzur dəhlizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinin və strateji dühasının nəticəsidir. Bu tarixi ərzilərimizin əlaqələndirilməsi ilə yanaşı enerji və yük daşımalarında şaxələndirmə baxımdan vacibdir. Azərbaycan dövlətinin siyasəti hər zaman körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub.

Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İnanrıq ki, tezliklə yaxşı nəticələr olacaq.

Prezident İlham Əliyev 2021-ci ildə üç dəfə Cəbrayıl rayonuna səfər etmişdir. Dövlətimizin başçısı 14.02.2021-ci il tarixdə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olmuş, 26.04.2021-ci il tarixdə Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmiş, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək, hərbi qulluqçular ilə görüş keçirmiş, 04.10.2021-ci il tarixdə KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

İşğal dövründə xarabazara çevrilən Cəbrayılda bu gün quruculuq və abadlıq işləri geniş miqyasda davam edir. Şərqi Zəngəzur və Qarabağ əfsanəvi Simurq quşu kimi küllərindən yenidən doğulur. Məkanın əsl sahiblərinin-xalqımızın əzmi və nəfəsi bölgəni yenidən cənnətə çevirəcək.

Hafiz Cabbarov,
Bakı şəhəri, Heydər Əliyev adına liseyin Tarix müəllimi