Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Qarabağın öz dilbər guşələri ilə seçilən buz bulaqları, zümrüd meşələri, əzəmətli dağları, zəngin tarixi-mədəni abidələri ilə yadda qalan gözəl yerlərindən biridir bu torpaq.1993-cü ilin 23 avqustunadək burada həyat vardı, insanlar yaşayırdı, təsərrüfatla məşğul olurdu, uşaqlar həyətdə oynayırdı. 29 il əvvəl həyətlərdəki uşaq səslərini avtomat şaqqıltısı, top gurultusu və asfaltı əzib yararsız hala salan hərbi maşınların uğultusu əvəz etdi. Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın erməni işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib. Torpağımızın ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarıına qarşı aparılan müharibədə 350-dən çox cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub. Şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə «Azərbaycanın Milli Qəhramanı» adına layiq görülüb.
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Tarixi abidələrə misal kimi məşhur Xudafərin körpülərini (XII əsr), Sultan Məcid hamanını, Diri Dağındakı Qız qalasını, dini abidələrə isə bölgə əhalisinin and yeri olan «Hacı Qaraman» ziyarətgahını misal göstərmək olar. Cəbrayıl rayonunda müxtəlif türbələr – rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, “Şıxbaba türbəsi” (XIV əsr), Xubyarlı kəndindəki “Dairəvi”,Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, məqbərələr , türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur.
İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.
2016-cı ilin aprelində işğaldan azad olunmuş Lələtəpə yüksəkliyi istiqamətindən Cəbrayıl rayonuna doğru irəliləyirik. Cəbrayılın yalnız bir kəndi – Cocuq Mərcanlı 1994-cü ildə azad edilib, Lələtəpə strateji yüksəkliyi də geri qaytarıldıqdan sonra kənddə yaşayış bərpa olunub.
Amma 2020-ci il sentyabrın 27-dən bəri Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl şəhəri də daxil olmaqla, rayonun bütün kəndləri Ermənistan Silahlı Qüvvələrindən təmizlənib.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir