04 oktyabr 2022 11:45
272

Cəbrayılın azad olunması qələbəmizin müjdəsi idi

Azərbaycan xalqı dünyada mövcudn olan ən köklü xalqlardan biridir. Bizim milli tariximizdə bir çox şanlı qələbələr, qürur mənbəyimiz olan hadisələr olmuşdur.  Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı