03 oktyabr 2022 20:46
445

3 oktyabr - müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gündür.

“1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gündür. Xilaskar missiyası ilə böyük siyasətə qayıdan Heydər Əliyevin daxili və xarici siyasəti sayəsində uzun illərin hakimiyyətsizliyinə, anarxiyaya, etnik seperatçılığa son qoyuldu. Azərbaycanın dövlətçiliyi məhvolma təhlükəsindən birdəfəlik xilas oldu.”

Bunu “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib.

Rəşadət Xalıqov bildirib ki, Ulu öndərin çoxşaxəli  siyasəti tezliklə öz bəhrələrini verdi. Azərbaycan beynəlxalq aləmdə demokratik imicini qoruyub saxlamaqla dünya birliyinin tam və bərabər hüquqlu üzvünə çevrildi. Heydər Əliyev sübut etdi ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir:

“Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir”,

Rəşadət Xalıqov diqqətə çatdırıb ki, beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin carçısı ulu öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirib. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi və Ümummilli lider Heydər Əliyevin çıxışlarında vəsiyyət etdiyi kimi bu gün Şuşaya da, Laçına da, Ağdama da, Füzuliyə də, Cəbrayıla da, Zəngilana da, Qubadlıya da, Kəlbəcərə də gedir, bayramlarımızı qeyd edə bilirik.

“1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Əlbəttə ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də 3 oktyabr 1993-cü ildən başlayan yolun, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsidir” – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ilin  “Heydər Əliyev İli” adlandırılması Ümummilli liderin Azərbaycan və azərbaycanlılar üçün əhəmiyyətini, ona bəslənən sevgi və ehtiramı daha açıq ifadə edir və göstərir ki, Ulu öndər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, daim qəlbimizdə yaşayacaq.