04 oktyabr 2022 03:22
526

Azərbaycan Bolqarıstan üçün arzuolunan, etibarlı tərəfdaşdır

Dövlət başçısı İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində iki strateji tərəfdaş ölkənin prezidentlərinin mətbuata bəyanatlarında münasibətlərin inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi 

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı (Aİ) ilə, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bunun təsdiqi olaraq təkcə  son bir ildə Avropa İttifaqı ilə ölkəmizin yüksələn xətlə inkişaf edən əlaqələrinə diqqət yetirmək kifayətdir.  Azərbaycanla qurum arasında məhsuldar əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında da  vacib rol oynadı.  Avropa İttifaqı ilə  Azərbaycan arasında enerji dialoqu yaradılıb. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, bu ilin 16 iyulunda   Avropa Komissiyasının Prezidenti xanım Ursula  Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində  dövlət başçısı  İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə  «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında bu məqam bir daha diqqətə çatdırıldı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq  böyük nailiyyətdir. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki,  əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və  bundan sonra da böyük uğurlara imza atacağıq: «Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.»

Sentyabrın 30-da dövlət başçısı İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı  bu ölkənin Prezidenti  ilə keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə  görüşdə  sözügedən sənədin imzalanmasına diqqət yönəldilərək Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Bir mühüm məqam xüsusi olaraq diqqətə çatdırıldı ki, Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Bu gün isə ölkəmiz həm də qaz ixracatçısına çevrilib.  Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev çıxışında bu layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. Bildirdi ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. İndi isə  Bolqarıstana daxil olur.

Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihənin uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə etdi.  2018-ci ilin mayında  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi. Göründüyü kimi, Azərbaycan  vəziyyətdən   asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında başa çatdırmağa səy göstərir. TAP-ın istifadəyə verildiyi zamana qısa ekskurs etsək  görərik ki,  həmin il ölkəmiz həm İkinci Qarabağ müharibəsini yaşadı, həm də dünya, o cümlədən Azərbaycan koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirirdi. Dövlət başçısı İlham Əliyev Bolqarıstana səfəri zamanı bolqarıstanlı   həmkarı ilə mətbuata bəyanatlarında bu məqamı xüsusi qeyd etdi ki, səfərim  bir az gecikib. Amma buna səbəb COVID-di. COVID-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər etmişəm. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki,  strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır: «Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir.»

«Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır. Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik» söyləyən Bolqarıstan Prezidenti Rumen Radev bəyanatında bildirdi ki, bu rəsmi səfərin ikiqat rəmzi var. Birincisi, bu il diplomatik münasibətlərimizin 30 ili tamam olur.  İkincisi, bu səfər çərçivəsində  Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı qeyd edilir. Bu strateji layihə həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor  ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki,  təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Bu layihə  Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyir.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannamə əlaqələrimizin yüksələn xətlə inkişafına geniş imkanlar açıb.  Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Avropa İttifaqının üzvü olaraq həm ölkəmizin qurumla əlaqələrinin inkişafına öz töhfəsini verir, həm də ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişafı üçün yeni  prioritetlərin müəyyənləşdirilməsinə səy göstərir.

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir.   Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz  neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir.  Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə  qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.  Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda  heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Bu il  Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlanması da bunun təsdiqidir.

Ölkə Prezidenti daim çıxışlarında, Avropa İttifaqı rəsmiləri ilə görüşlərində, quruma üzv ölkələrə səfərləri, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı  bu mühüm məqamı da diqqətə çatdırır ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Əvvəldə də qeyd etdiyimiz kimi,  enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək ölkəmizin təşəbbüsləri reallığa  çevirən ölkə kimi nüfuz qazandığını görərik.
 Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi. Əməkdaşlıq öncə regional çərçivədə qurularaq illər geçdikcə coğrafiyasının genişlənməsi fonunda Cənub Qaz Dəhlizi layihəsi gündəmə gətirildi. Bu layihə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirildi. 

Artıq layihənin icrası uğurla başa çatıb. Cənub Qaz Dəhlizi həm Azərbaycana, həm də qonşu dövlətlərə  və Avropa ölkələrinə böyük fayda gətirəcək, sözügedən layihə  ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərinin təsdiqidir.

Qeyd etdiyimiz kimi, son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Avropa İttifaqının rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə olduğunu bildirən Avropa İttifaqının təmsilçiləri bildirirlər ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Avropa ölkələrinə səfərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.

Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam da xüsusi yer alır ki,  birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İnvestisiyaların həcminin artırılması üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Azərbaycana böyük uğurlar qazandıran neft strategiyasının uğurla həyata keçirilməsində  öz payı olan SOCAR-ın bu və ya digər ölkələrdə uğurla həyata keçirdiyi investisiya layihələri  onun beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin Bolqarıstana səfəri zamanı keçirdiyi görüşlərdə, bolqarıstanlı həmkarı ilə mətbuata birgə bəyanatlarında da bu məsələyə xüsusi diqqət yönəldildi.  SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. «Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu: «Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik.»

Diplomatik əlaqələrinin 30 ilini arxada qoyan Azərbaycanla Bolqarıstan arasında münasibətlərin dünəninə və bu gününə bir daha diqqət yönəldən cənab İlham Əliyev bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlərin dayandığını bildirdi. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var: «Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.»

Onu da qeyd edək ki, sentyabrın 30-da  Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşdü. Görüşdə  ölkə Prezidenti  bu inamı ifadə etmişdir ki,  Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətləri nəzərə alınacaq. Biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır.

Ümumilikdə qarşılıqlı səfərlər, gündəmə gətirilən məsələlər ölkələr arasında əlaqələrin inkişafında əsas rol oynayır. Hər bir səfər qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin müzakirəsi baxımından xüsusi diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin Bolqarıstan səfəri Azərbaycanın qaz ixraçatçısı kimi artan roluna bir daha işıq saldı. Malik olduğu enerji resurslarından səmərəli istifadə edən Azərbaycan əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdirilməsində maraqlıdır.

Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.

Yeganə Əliyeva, «İki sahil»