03 oktyabr 2022 23:28
479

Azərbaycan-Bolqarıstan münasibətlərində enerji sahəsində əməkdaşlıq mühüm yer tutur

Cənubi Qafaqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.

Qeyd etmək lazımdır ki, ölkəmizin başçısı,  Prezident İlham Əliyevin bu yaxınlarda Bolqarıstan dövlətinə rəsmi səfəri və bu ölkənin dövlət başçısı Prezident Radev ilə görüşü iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir.

Beləliklə əlaqələr şaxələnir-iqtisadi tərəfdaşlar müxtəlif platformalarda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ortaq mövqedən çıxış edir, bir-birini dəstəkləyir. İkitərəfli əməkdaşləq öz növbəsində regional inkişafı, xalqların rifahını və təhlükəsizliyi, siyasi yaxınlaşmanı stimullaşdırır.

Eyni zamanda, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusi qeyd etmək lazımdır. Bu Bəyannamə Azərbaycan-Bolqarıstan əlaqələrini yüksək səviyyədə qaldırıb.

Azərbaycanın enerji ehtiyatları həm milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə-iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yancaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Azərbaycan və Bolqarıstan arasında münasibətlərdə enerji sahəsində əməkdaşlıq sahəsi əhəmiyyətli yer tutur. Dövlət rəhbərlərinin görüşündə bu istiqamətə də diqqət yetirilib. Azərbaycanla Bolqarıstan enerji sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb.

Ümumiyyətlə, Azərbaycan özünün enerji təhlükəsizliyinin təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da vacib rol oynayır.

Bütün bunlar Azərbaycanın artan gücü, qüdrəti sayəsindədir. Bu inkişafın əsas səbəbkarı isə Prezident İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi inkişaf strategiyasıdır.

Gəncəli Rəhimzadə,
Xətai Rayon İcra Hakimiyyətində məsləhətçi,
YAP Xətai rayon təşkilatının fəalı