04 oktyabr 2022 01:36
559

Əli Kərimli «mühacir bazarı»na müştəri axtarır

AXCP-nin «islahatçı sədr»inin aksiya təşkil etməkdə məqsədi havadarlarından daha çox pul qoparmaqdır

AXCP sədri Əli Kərimlinin öz maraqlarına uyğun illərdən bəri istifadə etdiyi «mühacir bazarı»nın məqsəd və məramı bəllidir. Xarici ölkələrdə siyasi sığınacaq almaq istəyənlərə xüsusi məzənnə paketi təklif edən «islahatçı sədr» bu yolla xeyli qazanc əldə edib. Mühacir alveri Əli Kərimlinin yararlandığı yeganə gəlir mənbəyi deyil. Həmişə bir əlində bir neçə qarpız tutmağa alışan yurdu viran olmuş «yurd şefi» xarici ölkələrə «transfer etdiyi» antimillilərdən Azərbaycan əleyhinə təxribatların təşkilində də istifadə edir. Ermənipərəst xarici havadarlarından əlavə kölə haqqı alan Əli Kərimlinin «qaz vurub qazan doldurmaq» xəstəliyi sağalmaq bilmir. «Cəbhəçilər»in ortada yeyib, qıraqda gəzən Əli Kərimlinin təlimatına uyğun bu günlərdə keçirməyə cəhd etdikləri icazəsiz aksiyanın təşkilində də məqsəd yeni «siyasi məhbus» bazarında alveri qızışdırmaq idi.

Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan Milli Məclisin qarşısında keçirilməsinə cəhd göstərilən aksiyanın iştirakçıları Əli Kərimlinin yeni alıcılarıdırlar. «Yurd şefi»nin özünəməxsus hazırladığı satqınlıq təlimatına uyğun daha çox qışqıranlara ilk növbədə mühacir statusunun veriləcəyindən şirnikləşənlər də elə Əli Kərimli əqidəsində olub Vətəni satanlardır.

Təbii ki, guya «Siyasi partiyalar haqqında» yeni qanun layihəsinə etirazlarını bildirənlərin nə siyasətdən, nə də adı çəkilən sənəddə əks olunan maddələrin, edilən dəyişiklərin mahiyyətindən xəbərləri yoxdur. Sadəcə, Əli Kərimlidən aldıqları pulun müqabilində bir yerə yığışmışmağa cəhd etmişdilər. Azsaylı iştirakçılar arasında çoxluq təşkil edən qadınların siyasətdən xəbərsiz olduqları elə ilk baxışdan hiss edilirdi. Soruşan olsaydı heç aksiyanın məqsədini də açıqlaya bilməzdilər. Əvvəlki təcrübəsini təkrarlayan Əli Kərimlinin niyyəti yenə də 5-10 manatlıq iştirakçıları Milli Məclisin qarşısına toplamaq, xarici havadarlarına hesabat vermək, onlardan əlavə pul qoparmaq idi.

Dünyada olduğu kimi, ölkəmizdə də baş verən yeniliklərdən xəbərdar olan Əli Kərimli kimi, digərləri də yaxşı bilirlər ki, «Siyasi partiyalar haqqında» Qanun 30 il bundan əvvəl qəbul olunduğu üçün həmin sənədin müasir dövrün tələbləriniə uyğun təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan yeni qanunun qəbuluna edilən dəyişliklərə etiraz etmək üçün səbəb yoxdur. Əlavə olaraq bildirək ki, aksiyaların, küçə yürüşlərinin, mitinqlərin təşkili «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq, eyni zamanda, müvafiq icra orqanlarının razılığı əsasında müəyyənləşdirilir. Əhalinin təhlükəsizliyinin qorunması, ictimai nəqliyyatın hərəkətinə maneçilik törədən halların qarşısının alınması üçün əvvəlcədən təyin olunmuş ərazilərdə keçirilən aksiyalar icazəli hesab edilir. Milli Məclisin qarşısında keçirilməsi elan olunan aksiya icazəsiz olduğu üçün təhlükəsizliyin təminatı baxımından qarşısı alındı. Xatırladaq ki, torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanların ruhuna belə hörmət etməyən Əli Kərimli əvvəlki illərdə Şəhidlər xiyabanında da belə aksiya təşkil etmişdi.

Azərbaycana qarşı xəyanətini ermənipərəst dairələrdən aldığı sifarişləri, təlimatları daha çox «qadın etirazçılardan» istifadə etməklə həyata keçirən Əli Kərimli bu dəfə də eyni prinsipinə sadiq qalmışdı. Həmişə müqəddəs olan qadın ləyaqətini belə unudan «islahatçı sədr»in «Kim daha çox qışqırsa, o qədər artıq mükafatlandırılacaq» təlimatına uyğun hay- küy salanların Azərbaycan qadınına yaraşmayan bəzi hərəkətləri ikrah doğururdu. Sərhədlərimizdə baş verən erməni təxribatlarının, şəhidlərimizin ağrı-acısının göynəyinin bitmədiyi məqamda qadınlarımızın özlərinə belə əl qatmaları ana fəryadı deyil, saxta görüntü təsəvvürü yaradırdı. Bəzək-düzəkləri yerində, saçları dəbdə olan sarı rəngə boyanmış həmin qadınların çöhrəsindən nəyəsə narazılıq duyğuları hiss olunmurdu. Bu mənzərədən aydın olurdu ki, Milli Məclisin qarşısına hansı məqsədlə yığışdıqlarını bilməyənlər sadəcə olaraq say artırmaq naminə toplananlar idi. Əli Kərimlinin, «Milli Şura»nın tör-töküntülərindən ibarət, daha çox ailə təsəvvürü yaradan «etirazçılar» hansı məqsədlər üçün istifadə edildiklərindən belə xəbərsiz idilər. Bütün dünya ictimaiyyətinin Azərbaycan reallıqlarını dəstəklədiyi, qüdrətli ordumuzun rəşadətinə heyrətləndiyi bir məqamda cılız düşüncəli, milli xəyanətkar Əli Kərimlinin Vətənə xəyanət ssenarisinin oyunçusuna çevrilmək Azərbaycan vətəndaşına yaraşmayan, ikrah doğuran hərəkətdir.

Qonşu ölkələrdə, Avropa dövlətlərində baş verən hadisələrə, Rusiya –Ukrayna müharibəsinin hər iki ölkədə yaratdığı acınacaqlı vəziyyətə nəzər salaq. Rusiya- Ukrayna müharibəsinin başlandığı ilk günlərdən hər iki ölkədə yaranan iqtisadi , sosial böhranlar , pensiyaçıların üzləşdikləri çətinliklər, ərzaq qıtlığı, mağazalar qarşısında yaranan növbələr artıq qarşısıalınmaz həddə çatıb. Enerji böhranından əziyyət çəkən qitə dövlətlərinin üzləşdiyi çətinliklərdən çıxış yolları hələ də axtarılır.

Amma 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqı bir gün də olsun nəinki çörək, heç bir ərzaq sarıdan çətinlik hiss etmədi. Əməkhaqları, pensiyalar, müavinətlər vaxtlı-vaxtında ödənildi. Pandemiyanın, Vətən müharibəsinin davam etdiyi ağır günlərdə belə Prezident İlham Əliyevin təşəbbüsü ilə aztəminatlı ailələrin həyat tərzinin yaxşılaşdırılması üçün mərhələlər üzrə həyata keçirilən sosial paket layihələri, islahatlar heç bir ölkədə mövcud olmayan vətəndaşlara diqqət və qayğı idi. O çətin anlarda səsi çıxmayan, bir nəfərə belə əl uzatmayan, əksinə, xarici ölkələrdə formalaşdırdığı antimilli ünsürlərin vasitəsi ilə ölkəmizə qarşı kampaniyalar təşkil edən Əli Kərimli və Böyük Britaniyada istirahət edən «Milli Şura»nın kağız üzərindəki sədri Cəmil Həsənlinin Azərbaycan vətəndaşı kimi danışmağa haqları yoxdur.

«Unutqan» Əli Kərimliyə bəzi məqamları xatırladaq. Hakimiyyəti zəbt etdikləri müddətdə Azərbaycan iqtisadiyyatını çökdürən, bütün sənaye müəssisələrindəki valyutalarla alınan avadanlıqları satan, Azərbaycanda çörək növbəsi yaradan, ölkəni dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoyan, bu gün isə özlərini xalqa fədai obrazında göstərərək mənfur niyyətlərini həyata keçirmək üçün siyasətdən xəbərsiz insanlardan istifadə edənlər vicdanlarını, mənəviyyatlarını satan xəyanətkarlardır. AXC-Müsavat cütlüyünün ermənilərə satdıqları torpaqlardan didərgin düşənlərə 30 ildə qayğısını əsirgəməyən, onları hər cür imtiyazlarla təmin edən, qaçqın statusları arxada qalan insanlara arxa-dayaq olan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda aparılan quruculuq işlərindən xəcalət çəkməyənlər, şəhidlərə, müharibə əlillərinə göstərilən dövlət qayğısını görməyənlər kar və kordurlar. Vətən müharibəsindən ötən iki ildə işğaldan azad olunan ərazilərdə görülən işlərin sürətli davamı, 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanın Ağalı kəndində «ağıllı kənd», «yaşıl enerji» layihələrinin həyata keçirilməsi, illərdən bəri həsrətində olduğumuz Zəngəzur dəhlizinin reallaşması üçün göstərilən qətiyyət Azərbaycan, xalq naminə kimlərin daha çox fədakarlıq göstərdiyinin real həyatda təsdiqidir. Hakimiyyətdə olduqları müddətdə xalqı vədlərlə aldadan boşboğazların xəyalları artıq keçmişdə qalıb. Şuşanı boşaldıb ermənilərə təhvil verən, silah-sursatı satıb təcrübəsiz gənclərimizi düşmənlə üz-üzə qoyan AXC-Müsavat cütlüyünün iqtidarsız xəyanətkarlarından fərqli olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa kimi digər torpaqlarımız da işğaldan azad edildi. İndi həmin ərazilərdə aparılan quruculuq işlərini bütün dünya ictimaiyyəti heyranlıqla izləyir. Bu kimi faktları çox sadalamaq olar. Əli Kərimli, Cəmil Həsənli kimi, həqiqəti görmək istəməyən naxələflər gözlərindən qara pərdəni götürsələr kimin kim olduğunu görə bilərlər. Aldıqları təlimatlar, pullar hesabına meydana çıxan beş-üç nəfərin Azərbaycan xalqı adından danışmağa haqları, səlahiyyətləri çatmır. Əli Kərimli xəyanətinə dəstək verənlər də «islahatçı sədr»ləri kimi, Vətənə, böyüdükləri torpağa arxa çevirənlərdir.

Xuraman İsmayılqızı, «İki sahil»