03 oktyabr 2022 15:30
541

Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı Onun  hələ  SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr  həyata keçirdiyi illərdə özünü parlaq surətdə təzahür etdirmişdir. Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.  Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edirdi.   

Məlum olduğu kimi,  1993-cü illərdə hakimiyyət böhranı, ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi, parçalanma təhlükəsi, sosial-iqtisadi vəziyyətin ağırlığı və xalqın son dərəcə ağır pisxoloji durumu reallıq idi.  Bir sözlə, dövlətin məhv olması üçün hər şey ortada idi. Tariximizə faciə və tənəzzül dövrü kimi daxil olan 1990-1993-cü illərdə Azərbaycan məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı.  Məhz həmin ağır vaxtlarda - 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu. Ulu Öndərimiz bütün bu işləri böyük şövqlə, xalqını, dövlətini sevərək edirdi. Bu yolda heç bir təzyiqdən, təxribatdan çəkinməyərək, bütün əngəlləri və maneələri mahir ustalıqla aşaraq böyük hədəflərə doğru şərəfli bir yol aldı.  1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində müstəsna rol oynadı və Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Mürəkkəb siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.  Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçkilərində xalq öz liderinə heç bir tərəddüd etmədən, şəxsiyyətinə böyük inam və etimadla səsini verdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Bu, eyni zamanda belə deməyə əsas verir ki, 1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi.

Ulu Öndər Heydər Əliyev ilk gündən demokratiya yolu tutdu. Vətəndaşların daxili azadlığını, sərbəstliyini, mənəvi ucalığını ali dəyər hesab edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Dahi şəxsiyyət ölkədə formalaşan siyasi sabitliyin davamlılığını təmin etmək üçün özünün elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasını irəli sürüb və mərhələlərlə onun icrasına nail olub. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun əsası qoyulub. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetlərini, hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır.

Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.  Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Yüksək intellektə, parlaq zəkaya, peşəkar idarəçilik keyfiyyətlərinə sahib Ümummilli Lider Heydər Əliyev xalqdan aldığı sarsılmaz dəstəklə xilaskarlıq missiyasını uğurla yekunlaşdırdı.

Ulu Öndər   Heydər Əliyevin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ulu Öndərin müzəffər davamçısı cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bu siyasi kursun layiqli davamı nəticəsində bu gün ölkəmiz bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın liderinə çevrilib.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri