03 oktyabr 2022 14:16
593

Heydər Əliyev siyasəti müstəqil Azərbaycanın dünəninin, bu gününün və sabahının özəyidir

 Tarixi şəxsiyyətlər unudulmur. Nadir tarixi şəxsiyyətlər isə yaddaşlara əbədi həkk olunur, xatirələrdə yaşadılmaqla yanaşı, zəkalarının nuru və ruhlarının sevgisi ilə milyonların həyat yoluna işıq salır. Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Sözün həqiqi mənasında, dünyada həyat həmin insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Şərə qarşı mübarizədə insanlığa güc verən bu dahi şəxsiyyətləri yetişdirən millət bəxtiyardır. Azərbaycan xalqı, türk milləti Heydər Əliyev kimi dühası ilə daim fəxr edir və əbədi olaraq edəcəkdir.

 Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik ictimaisiyasi fəaliyyəti böyük bir dövrü əhatə edir. Sovet rejiminin inkişafda olan dövrü, mürəkkəb keçid prosesləri, Azərbaycanın dövlət müstəqilliyi mərhələsi kimi səciyyələnən 35 illik bir dövrün aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr, əslində, çox mənalı və ibrətamiz məktəbdir.

 Heydər Əliyev siyasətinin ana maddəsi xalqımızın dövlət müstəqilliyi ideyasının gerçəkləşdirilməsindən ibarətdir. Uzaqgörən dövlət xadimi kimi o, hələ sovet hakimiyyəti illərindən etibarən Azərbaycanın dövlət müstəqilliyinə doğru düşünülmüş qəti addımlar atmışdır.

 Heydər Əliyev siyasi təlimində xüsusi əhəmiyyətə malik olan məsələlərdən biri də ictimai-siyasi sabitlikdir. Azərbaycanda dövlət müstəqilliyinin başlanğıc illərində, xüsusən AXC-Müsavat hakimiyyəti zamanı cəmiyyətdə yaranmış xaos, çaşqınlıq ciddi və təhlükəli bir böhranın yaranmasına gətirib çıxarmışdı. Ölkədə təhlükəli vəziyyət yaradan, qorxu, vahimə oyadan, çaşqınlıq toxumları səpən gizli ilahlı dəstələrin, terrorçu qrupların qətiyyətlə zərərsizləşdirilməsi Heydər Əliyevin ictimai-siyasi sabitliyi təmin etmək baxımından həllinə nail olduğu əsas məsələlərdən biri idi. Hətta dövlət çevrilişinə cəhd göstərən, silahlı yolla hakimiyyəti devirmək istəyən, sağdan-soldan dəstək alan axınların kökünün kəsilməsi Azərbaycanda müstəqilliyin sabahına ümidlə baxmağa böyük inam yaratdı. Bu mənada Azərbaycanda bərqərar olan sabitlik görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən ölkəmizə bəxş edilmiş böyük ərməğandır, əvəzsiz nemətdir. Sabitlik Heydər Əliyev inkişaf strategiyasının siyasi-ideoloji və hüquqi təminatıdır. Sonrakı böyük inkişafın təməlində möhkəm sabitlik amili mühüm yer tutur.

 Ulu öndər deyirdi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”. Bu səbəbdəndir ki, heç zaman Azərbaycanı ulu öndərsiz təsəvvür etmək mümkün olmayacaqdır. Onun fikirlərinə, tövsiyələrinə və nümunəvi davranışına daim ehtiyac olacaqdır. Heydər Əliyev dünya miqyasında imzası olan siyasətçidir. Azərbaycan bu imza ilə fəxr edir!

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı