Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdı və ümummilli lider zirvəsinə yüksəldi. Ulu öndərin yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
"Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". Ulu öndər Heydər Əliyev bu andını 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildiyi gün xalqına, bütün dünyaya bəyan etdi. Ulu öndərin həyat və fəaliyyətinin elə bir məqamı, elə bir mərhələsi yoxdur ki, onun bu anda sədaqətinin şahidi olmayasan. Və düşünürsən ki, bu şərəfli ömrü yaşamış insan Vətəninə, canı qədər sevdiyi Azərbaycanına, xalqına sədaqət andını öz pak vicdanı qarşısında içib.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Azərbaycan dövlətçiliyi və Prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı ağır sınaqlardan qələbə ilə çıxdı. Böyük azərbaycanlı Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan Prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan ölüm-dirim burulğanından çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur - sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.
İslam Bafadarov,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir