03 oktyabr 2022 11:32
317

Dövlətçiliyin möhkəm təməlini yaradan Ulu Öndər

Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilmir. 1923-cü ildəAzərbaycan xalqının əsrlər boyu bəslədiyi azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərini gerçəkləşdirmək üçün Allah özü dahi şəxsiyyət Heydər Əliyevi xalqımıza bəxş etdi. Ömrünü xalqının, dövlətinin parlaq gələcəyinə həsr edən Ulu Öndər dühası, özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə dövlətə rəhbərlik fəaliyyətinin bütün mərhələlərində Azərbaycan xalqının rəğbət və etimadını, inamını qazandı.

Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli dövlət xadimi, müdrik siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradaraq onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin çox mühüm mərhələsini təşkil edir. Məhz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın hərtərəfli inkişafına ən etibarlı təminat olmuşdur.  Ulu Öndər 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqımızı vətəndaş müharibəsindən, milli müstəqilliyin itirilməsi təhlükəsindən, hərc-mərclik və xaos mühitindən qurtarmışdır. 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin həyatında yeni dövrün əsası qoyulmuşdur. Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyindən sonra dövlətin müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün real əsaslar yaranmışdır. Heydər Əliyevin Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi başlamışdır. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı olmuşdur. Qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. 1993-2003-cü illərdə dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Ulu Öndər Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yürütmüş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Milli maraqlara cavab verən xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmişdir. Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir.

Günel Əbdürəhmanova
YAP-ın gən fəalı