“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Ulu öndər Heydər Əliyev
Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqı zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub: 1993-cü il 3 oktyabr... Xalqımızın özünün gələcək taleyini, müqəddəratını həll etdiyi gün.
İdrakın səsinə qulaq asanlar, tarixi reallığı və şəxsiyyətin təcrübəsini qiymətləndirməyi bacaranlar yaxşı bilirdilər ki, həmin illərdə dövlət başçısı kimi həm dövləti, həm də öz vəzifəsini qoruyub saxlaya biləcək yeganə siyasətçi Heydər Əliyev idi. Ona görə də 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyətinin etimadını qazanmış Ulu Öndər Heydər Əliyev 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Oktyabrın 3-də prezident seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən ulu öndər Heydər Əliyev, ilk növbədə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasına nail oldu. Xaos və anarxiya yaradan, istənilən anda və istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ümumi səfərbərliklər, eləcə də ordunun vahid komanda altında birləşdirilməsi nəticəsində düşmənə layiqli cavab verildi, ərazilərimizin işğalının davam etdirilməsinin qarşısı alındı. Nəticədə, düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu. Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: "Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır”.
Ümummilli Lider Heydər Əliyevin həyatı və gərgin fəaliyyəti bahasına dünyaya Günəş kimi doğan Azərbaycan, indi beynəlxalq arenada tarixi ənənələrlə müasirliyin ən bariz sintezidir. Bu sintez Ulu Öndər Heydər Əliyev müdrikliyi və xalqın birliyindən yaranıb... Bütün bunlar isə 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir.
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli lider Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində söylədiyi bu fikirlər Ulu Öndərin müdrik və uzaqgörən şəxsiyyət olduğunun bariz nümunəsidir.
Bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atıb. O da qeyd olunmalıdır ki, prezidentimiz cənab İlham Əliyevin, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəyə və yüksək şəxsi keyfiyyətlərə, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuza malik olması, eyni zamanda ata vəsiyyətinə sadiq qalması doğma Qarabağ uğrunda savaşda parlaq zəfərimizin əsas şərti oldu.
Bu gün xalqımız öz Prezidentinə əminliklə arxalanır. Qəhrəman Azərbaycan xalqı haqlı olaraq inanır ki, müstəqil Azərbaycan Heydər Əliyev dühasının ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Nəzakət Əsgərova,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru,
Qabaqcıl təhsil işçisi, Əməkdar müəllim
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir