03 oktyabr 2022 12:26
420

Ölkəmizin artan gücü müstəqilliyimizin təminatıdır

Müharibə - bu söz necə dəhşətli səslənir, lakin söhbət torpaqlarımızın 30 illik işğalından azad olunması uğrunda gedirsə, bu müharibə hər bir vətəndaş üçün toy-bayram oldu. Bir müddət əvvəl müharibə tələbi ilə döyüşlər başlarsa hərbi xidmətə könüllü olaraq yazılan gənclərimizi hamımız xatırlayırıq. Mübariz xalqımın mərd oğlanları geriyə baxmadan müharibə başlayan kimi səfərbər oldular. Yüksək döyüş ruhu onların gözlərində, hərəkətlərində və hər bir jestində sezilirdi. Onları döyüşə yola salan yaxınlarına “Başını dik tut, mən haqqımızı almağa gedirəm, ya şəhid, ya da qazi olaraq qayıdacam” – deməkləri kadrlarda tarixə düşdü. Əsgərinin belə döyüş əzmi olan ordu heç vaxt və heç bir halda uduza bilməzdi. Gedişatı izləyən digər xarici millətlərdən olan nümayəndələr xatirələrində yazırdılar ki, biz ilk dəfədir müharibəyə sevinən xalq görürük. Əlbəttə ki, onlar 30 il əvvəl xalqımıza çəkilən dağın böyüklüyünü anlamazlar.

Dünya müstəvisində bizə qarşı haqsızlıq edən və Qarabağda baş verən böyük faciələri bilib susan xarici siyasət xadimlərinin, 30 il Qarabağ probleminin həllini uzadanların ağlına belə gəlməzdi ki, xalqımızın ürəyində alovlanan qisas hissi azalmır, əksinə artırdı.

27 sentyabr 2020-ci il - həmin tarix gələcək nəsillərimizin yaddaşında şanlı səhifənin açılışı kimi əbədi qalacaq. Müharibənin ilk günü artıq Füzuli və Cəbrayıl rayonlarının 6 kəndi azad edilmişdi. İlk şəhidlərimiz artıq canlarını vətən yolunda fəda etmişdilər. Bugün Azərbaycanda Vətən müharibəsinin şəhidlərinin Anım Günü olacaqdı.

Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ordu və xalqımız bir yumruq olub 44 gün ərzində düşmənin başını əzdi. Nəhayət dünya ictimaiyyəti Qarabağın və Zəngəzur torpaqlarının kimə aid olduğunu dəqiqliklə anladı.

Anım gününün 2-ci ildönümündə Respublika Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoydular. Respublika Prezidenti İlham Əliyev lövhənin qarşısında çıxışı zamanı: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”- demişdir.

Vətən Müharibəsində döyüş əməliyyatlarında müasir silahlar, raket və pilotsuz uçan aparatlardan istifadə edildi. Biz dövlət olaraq dünyaya həm iqtisadi, həm daxili və xarici siyasətimizlə qətiyyətli sözümüzü deməyi bacardıq.

Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə isə kömək olsun!

Həqiqət Həmzəyeva, 
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə əlaqələr bölməsinin mütəxəssisi