03 oktyabr 2022 11:57
525

Ulu öndər Heydər Əliyev XX əsrin ən güclü siyasətçilərindən biridir

Ümummilli liderin siyasi kursunun əsasını dövlət müstəqilliyini qoruyub saxlamaq, ölkənin imicini beynəlxalq aləmdə yüksəltmək və xalqın rifahını yaxşılaşdırmaq təşkil edirdi

Uca yaradan Azərbaycan dövlətini yıxılmaqdan, xalqımızı məhv olmaq təhlükəsindən qorumaq üçün xalqımıza ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etmişdir.

Ümummilli lider Heydər Əliyev mənsub olduğu xalqa xidmət etmək missiyasına ömrünün sonuna kimi sadiq qaldı. Bu müqəddəs yolda dahi lider çox əziyyətlər çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi. Çünki dahi şəxsiyyət Heydər Əliyev öz xalqını çox sevirdi, hər bir azərbaycanlının xoşbəxt, firavan yaşamasını arzulayırdı. Ulu öndər öz xalqının tarixini, mədəniyyətini, adət ənənələrini gözəl bilirdi  və bu, hər zaman kökdən gələn mirası yaşatmışdır. Azərbaycançılıq ideologiyasının da müəllifi məhz Heydər Əliyev olmuşdur.

1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn ulu öndər Heydər Əliyevə qədər Azərbaycan  Sovetlər birliyində ən yoxsul respublikalardan idi. Rəhbərliyə başladığı ilk illərdən dahi lider heç kəsin cürət edə bilməyəcəyi inqilabi qərarlar qəbul etdi. Qısa vaxt ərzində Azərbaycan iqtisadi cəhətdən sovet respublikaları arasında ön sıralara yüksəldi. Ulu öndərin Azərbaycan dilinin ana dili olması barədə bəndin Azərbaycan SSRİ-nin Konstitusiyasına salınması böyük cəsarət və qətiyyət tələb edirdi. 70-ci illərdən başlayaraq Azərbaycanda sənaye, kənd təsərrüfatı, xüsusən neft sektoru sürətlə inkişaf etməyə başladı. O zamanlar Sovet rəhbərliyi azərbaycanlı gənclərin hərb sahəsində təhsil almalarına mane olurdu. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəb və Ali Hərbi Komandirlər Məktəbi yaradıldı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin ən böyük ali hərbi məktəblərində təhsil almağa göndərildi. Müstəqil Azərbaycanın inkişafında səmərəli fəaliyyəti ilə seçilən yüksək ixtisaslı kadrlar ulu öndər tərəfindən 70- 80-ci illərdə Sovetlər İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərilərək təhsil almış insanlardır. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda inşa edilmiş Dərin Özüllər Zavodu bu gün müstəqil Azərbaycanın neft sənayesinin inkişafına böyük töhfə verməkdədir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyə gəlməzdir.

1970-ci illərdə keçmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırmışdır.  Ermənilər Qarabağın Ermənistana birləşdirilməsi ideyasını qaldırmışdılar. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilər yerində otuzduruldu. Heydər Əliyev dahi, uzaqgörən siyasətçi,  güclü diplomat idi. Ulu Öndər bilirdi ki, Azərbaycan nə vaxtsa müstəqil dövlət olacaq. Onun Azərbaycan üçün gördüyü işlər Azərbaycan dövlətinin müstəqilliyinə hesablanmışdır.

3 oktyabr 1993-cü ildə keçirilən Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində şanlı bir gün oldu. Xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Heydər Əliyev məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən qurtardı. Ölkəmizi tərəqqi, inkişaf yoluna çıxardı.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslər, siyasi partiyalar Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını başa düşüb, bu böyük siyasi xadimi ölkə rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və digər bir çox faciələrlə üzləşməz, torpaqlarımızın 20 faizi işğal altına düşməzdi.

Ulu öndər Prezident seçildikdən sonra ölkədə hüquqi, ictimai-siyasi sabitliyi təmin etdi, ölkə daxilindəki qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, ən əsası vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. Dahi rəhbər Ermənistan silahlı qüvvələrinin qarşısını aldı, müasir, peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etdi. 1991-1993-cü illərdə Azərbaycanda özbaşınalıq, hərc-mərclik hökm sürürdü. O vaxtlar Azərbaycana səriştəsiz, siyasətdən uzaq insanların rəhbərlik etməsi ölkədə olduqca ağır vəziyyət yaratmışdır. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmədikləri, eləcə də baş verə biləcək təhlükənin qarşısını ala bilməyəcəklərini anlayıb Heydər Əliyevdən imdad istədilər.

1993-cü il iyunun 9-da xalqın və hakimiyyətdə olan insanların təkidli tələbi ilə ulu öndər Bakıya gəldi. Xalqının xilası naminə öz həyatını təhlükəyə ataraq Gəncəyə getdi və Azərbaycan xalqına misli görünməmiş fəlakət gətirə biləcək qiyamın qarşısını aldı. Müstəqillik illərində qarşıya çıxacaq bütün çətinlikləri, problemləri həll edə biləcək yeganə şəxsin Heydər Əliyev olduğunu xalq çox gözəl  bilirdi.

Heydər Əliyev fitri istedada, zəkaya malik fenomen bir şəxsiyyət, dünya siyasətinin kamil bilicisi, müdrik dövlət başçısı idi. Dünya liderləri Heydər Əliyevi XX əsrin ən güclü siyasətçilərindən biri hesab edirdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun əsasını dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycan dövlətinin imicini beynəlxalq aləmdə yüksəltmək, Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq təşkil edirdi. Heydər Əliyev müstəqill Azərbaycan dövlətinin təməlini qoydu, vətəndaş cəmiyyətini formalaşdırdı, milli mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynadı. Qərbə inteqrasiya yolunu seçən ulu öndər hər zaman xalqın mənafeyini, milli maraqları üstün tuturdu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu dahi insanın qətiyyəti və güclü iradəsi nəticəsində reallaşdı. Qərb dövlətlərinin və nəhəng neft şirkətlərinin “Əsrin müqaviləsi”nə imza atmaları onların Heydər Əliyevə olan inamından irəli gəlirdi. Onlar başa düşürdülər ki, Heydər Əliyevin imzası xalqın milli marağını ifadə edir, Azərbaycan xalqı bu dahi şəxsiyyəti sevir və ona güvənir.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri başladı. Ulu öndər respublikamızda rüşvətxorluqla, korrupsiya, terrorizmlə mübarizədə qətiyyətli qərarlar qəbul etdi. Heydər Əliyev hər kəsə başa saldı ki, qanun hər kəsdən, hər şeydən ucadır.

Heydər Əliyev Azərbaycanda qadın hüquqlarının qorunmasına xüsusi diqqət ayırırdı. O, cəmiyyətdə qadınların istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə yüksək vəzifələrdə çalışmalarına böyük dəstək verirdi. Ulu Öndərin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada məşhur bir dövlətə çevrildi. Qısa müddətdə xarici siyasət sahəsində Azərbaycan böyük uğurlara imza atdı. Dünyanın böyük dövlətləri ölkəmizə maraq göstərməyə başladı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq təşkilatların gündəliyinə salındı. Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi bəyanatların qəbul olunmasına nail olundu.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti əbədi yaşayacaq. Əsrlər keçəcək, gələn nəsillər bu dahi insanı hər zaman öz qəlblərində yaşadacaqlar.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor