44 gün Azərbaycan tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. 44 günlük Vətən savaşının bir günü hər birimiz üçün bir il qədər gərgin və həyəcanlı keçdi. Azərbaycan xalqının adına yazılmış ləkəni igid oğullarımız döyüş meydanında qanı, canı bahasına təmizlədi. Bu ləkə adımızdan da, alnımızdan da şərəfimizdən də silinib getdi.
Ən güclü iki döyüşçü səbr və zamandır. 30 il səbr etdik. Haqq səsimizi dünyaya çatdırmaq istədik. 30 ildə həll yolunu tapa bilməyən həqiqətlər 44 günün tamamında öz həllini tapdı. 30 ilin nifrəti, kini, ağri-acısı vulkan kimi püskürdü və düşməni od kimi yandırdı. Ordumuzun döyüş əzmi dünyaya səs saldı, zəfər tariximizi yazdı. Necə güclü, qüdrətli, vətənpərvər, mərd, ürəkli, igid, mübariz bir xalq olduğumuzu dünyaya nümayiş etdirdik. Beynəlxalq təşkilatlar Azərbaycanın öz qüdrəti, gücü hesabına əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular.
Bu Qələbəni bizə yaşada Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana minnətdarıq.
Ordumuz sentyabrın 27-də Qarabağda başlatdığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi. Böyük Qələbənin ilk addım səslərini noyabrın Qarabağın ürəyi olan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdik. Düşmən məğlub oldu. Qələbəni bizə yaşadan, canını vətən yolunda fəda edən, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu sağlamlıqlarını vətən yolunda, torpaq uğrunda qurban verən qazilərimizin, onları qanlı döyüşlərə yola salan analarımızın, mərd oğullar yetişdirən valideynlərin, ata yolu gözləyən uşaqların da payı var.
Bu çətin günlərdə Azərbaycan xalqı bir yumruq kimi birləşdi, yüksək səviyyədə birlik nümayiş etdirdi. Ön cəbhədə ordumuzun şücaəti, arxa cəbhədə mülki insanlarımızın göstərdikləri həmrəylik nəticəsində biz qələbə çaldıq, ərazi bütövlüyümüzü bərpa etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır.
44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhərmanlığı dünyaya bizim birliyimizi, iradəmizi, əzmkarlığımızı nümayiş etdirdi.
Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Qarşınızda baş əyirik, Vətən yolunda can verən qəhrəmanlarımız!
Elmira Rəsulova,
Bakı şəhəri, 86 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir