30 sentyabr 2022 16:00
542

Müstəqilliyin keşiyində durmaq hər bir vətəndaşın borcudur

Azərbaycan öz haqqını dünyaya sübut edənə qədər ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş saysız-hesabsız terror və təxribatları, qırğın və qətliamları yaşamalı oldu. Dünya birliyi bu vəhşiliklərin qarşısını almaq, cinayətkarları cəzalandırmaq üçün heç bir addım atmadı. Əzəli və əbədi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması məqsədilə qanlı oyunlara başlandı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış siyasi qarışıqlıqdan və hərc-mərclikdən yararlanan Ermənistanın silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt etdilər və 30 il işğal altında saxladılar. Bu illər ərzində Azərbaycan nəticəsi olmayacaq məqsədsiz danışıqlara cəlb olundu, xalqımıza yalançı vədlər verildi. Amma Azərbaycan nə bu vədlərə aldanmadı, nə də işğal faktı ilə barışmadı. Zamanı gəlib çatdıqda bütün dünya kimin kim olduğunu gördü, xalqımızın, dövlətimizin öz haqqını heç kimsədə qoymayacaq gücə-qüdrətə sahib olduğunun şahidi oldu. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində həm  işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəsləmiş, məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.Uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar.  Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.  44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bu ilin  sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək Vətən müharibəsinin ilk günündəcə azad edilmiş Qaraxanbəyli kəndinin yaxınlığında, qəhrəman Azərbaycan əsgərinin bu müqəddəs savaşda öz canını fəda etdiyi ilk məkanlardan birində şəhidlərimizin ölməz xatirəsini yad ediblər. Burada bütöv qaya parçasından şəhidlərimizin şərəfinə ucaldılmış abidə Azərbaycan Ordusunun sarsılmazlığının simvoludur. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəyə aparan şanlı Zəfər yolu da məhz bu ərazilərdən başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yolunda ilk tarixi qələbəsini də məhz bu yerdə qazanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 44 günlük Şanlı Zəfər tarixindən artıq iki il ötür. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycan xalqı bütün gücünü səfərbər edib Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovub. Bu Qələbənin qazanılmasında bütün Azərbaycan cəmiyyəti birlik və iradə nümayiş etdirib. Vaxtilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə susan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın öz qüdrəti ilə əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular. Vətən uğrunda başlayan savaş göstərdi ki, həqiqətən vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, onu sonda nə gözləyəcəyini bilmədən gözüyumlu döyüşə gedən, bütün sevdiklərini, ailəsini, övladlarını geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə gedən igidlərimiz var. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. Müharibə dövründə əsgər və zabitlərimiz öz canlarını fəda etdilər ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Belə də oldu. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə getdi. Dayanmadan, durmadan, usanmadan, hər gün qan tökərək, şəhidlər verərək irəliyə getdi, Zəfərə doğru getdi. Şanlı ordumuz 44 gün davam edən Vətən savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, Şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: «Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq».

Bu dövrlər ərzində işğaldan azad edilmiş torpaqlara səfəri zamanı ölkə başçısı hər zaman çıxışlarında sülhün əldə edilməsi yönümündə öz əsaslı mövqeyini ortaya qoymuşdur.

Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa quruculuq işləri ilə yaxından tanış olmaq üçün ölkə başçısının o əzəli torpaqlara səfəri mühüm mesajlarla yadda qalır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik.

Milli həmrəyliyimiz Azərbaycan xalqının təbii güc mənbəyidir. Bundan sonra da Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır və imkan verməyəcəkdir ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
Azərbaycan torpaqları işğal altında olan dövlət statusunu qalib ölkə, qalib dövlət statusuna dəyişdi. Ölkəmiz təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqazı bəlkə də son iki yüz ildə bəşəriyyətin qarşılaşdığı, lakin düzgün qiymətləndirə bilmədiyi ən təhlükəli bəlalardan birindən – erməni faşizmindən xilas etdi. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri