30 sentyabr 2022 13:14
475

İşğaldan azad olunmuş ərazilərimiz müasir yaşayış zonasına çevriləcək

Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı, qəsbkar Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir texnologiyadan istifadəyə xüsusi önəm verdi. Nəticədə 30 il işğal altında olan torpaqlarımız erməni faşistlərindən təmizləndi, həm də “yenilməz” Ermənistan ordusu yerlə-yeksan edildi. 44 gün davam edən Şanlı Vətən Müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli həmrəylik və qəhrəman əsgər və zabitlərimizin möhtəşəm ruh yüksəkliyi ilə qazanıldı.

1993-cü ildə erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə 30 il kağız üzərində qaldı. Həmsədr ölkələr öz fəaliyyətləri dövründə işğalçı Ermənistanın təcavüzkar siyasətinə qarşı “hüquq” və “ədalət” ifadələrini sadəcə sözdə dilə gətirməklə kifayətləndilər. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində böyük zəfərə imza atdı. İkinci Qarabağ müharibəsi ərzində bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın şəkildə gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi.

İşğaldan azad edilən ərazilərin bərpası və iqtisadi inkişafı, əhalinin məşğulluğunun təmin olunması Azərbaycan dövlətinin prioritet iqtisadi hədəflərinin önündə gəlir. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Xüsusilə Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları mövcuddur. Erməni vandalizminə məruz qalmış ərazilərin əvvəlki vəziyyətinə qaytarılması müəyyən müddət və vəsait tələb etsə də qısa zaman ərzində orada əhatəli layihələr reallaşdırılacaqdır. Azərbaycan hökuməti bərpa-quruculuq işlərinin həyata keçirilməsində ağıllı texnologiyalardan da istifadə edir. Bununla əlaqədar, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Birinci belə layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu layihənin icrası 5 komponent üzrə aparılmışdır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Bu konsepsiyanın həyata keçirilməsiylə həm aqrar sektoru inkişaf etdirilir, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına nail olunur.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində artıq “Şuşa” yarımstansiyası fəaliyyət göstərir. Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə 2020-ci ilin dekabr ayında  “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılmışdı. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, qısa zaman ərzində yekunlaşdırılmışdır.

Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağ və ətraf ərazilərdədir, ancaq həmin ərazilərdəki 30-a yaxın kiçik su elektrik stansiyası ermənilər tərəfindən dağıdılmışdır. Təbii, həmin elektrik stansiyaları bərpa edilir, yenidən quraşdırılır və yeniləri də inşa ediləcək. Bərpa olunmuş və inşa ediləcək yeni su elektrik stansiyalarının istismara verilməsindən sonra həmin ərazilərdə böyük miqdarda elektrik enerjisinin əldə edilməsi mümkün olacaq.

Prezident İlham Əliyevin dediyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır: “Bu, bizim gələcəyə baxışımızdır”. Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, “Yaşıl enerji” konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.

44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun uğurlu əməliyyatları Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə Füzulinin bir sıra kəndləri, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi.

Birinci infrastruktur layihələrinin həyata keçirilməsi məhz Füzulidən başlanmışdır. 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı olmuşdur. Həyata keçirilən infrastruktur layihələri Füzulini öz çiçəkli günlərinə geri qaytaracaqdır.

Anım Günündə Azərbaycan Respublikası Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfərinin çox böyük əhəmiyyəti var. Qaraxanbəyli kəndi yaxınlığında cənab Prezident Anım Gününə həsr olunmuş xatirə lövhəsi önünə gül dəstəsi qoydu və qeyd etdi ki, Qaraxanbəyli kəndi və digər 5 kənd Vətən müharibəsinin ilk günündə azad edilib. Cənab Prezident İlham Əliyev vurğuladı ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, bu ərazi bütövlüyümüzün keşiyində əbədi dayanacağıq. Qoymayacağıq ki, düşmən bir daha başını qaldırsın, qoymayacağıq ki, düşmən bir daha bizim üçün təhdid yaratsın.

Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ Azərbaycandır!

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı