Xalqımıza qarşı məlum 1905-1907-ci illər və 1918-ci ildə xüsusi vəhşiliklə törədilən soyqırımdan sonra Sovet hakimiyyəti illərində də ermənilərin düşmənçilik siyasəti davam etmişdir. Mənfur düşmənlərimiz azərbaycanlıları öz tarixi-etnik torpaqlarından çıxarmaq üçün hər cür vasitəyə əl atmışlar.
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 1948-53-cü və 1988-91-ci illərdə planlı şəkildə həyata keçirilmişdir.
28 noyabr 1943-cü ildə SSRİ, ABŞ və İngiltərənin Tehranda keçirilən konfransında ermənilər SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdilər.
19 oktyabr 1946-cı ildə İ.Stalinin razılığı əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti xaricdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul etdi. Lakin Daşnaksutyun Partiyası və Qriqorian kilsəsinin xeyir-duası ilə həyata keçirilən bu köçürülmə azərbaycanlıların öz dədə-baba torpaqlarından çıxarılması və həmin ərazilərdə ermənilərin yerləşdirilməsini nəzərdə tuturdu.
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarı ilə 100000 nəfər azərbaycanlı əhalinin Ermənistandan Kür-Araz ovalığına köçürülməsi planlaşdırılmışdı. Onlardan 10000 nəfəri 1948-ci ildə, 40000 nəfəri 1949-cu ildə, 50000 nəfəri isə 1950-ci ildə köçürülməli idi. Əksəriyyəti dağətəyi rayonlarda, dağlıq ərazilərdə yaşayan insanların guya "könüllülük prinsipi" əsasında çox isti olan Kür-Araz ovalığına deportasiyası Ermənistan hökumətinin millətçi, qeyri-insani şovinist münasibətinin, insanlığa sığmayan antidemokratik fəaliyyətinin nəticəsi idi.
1948-1953-cü illər ərzində Ermənistandakı tarixi-etnik torpaqlarından 150000 azərbaycanlı deportasiyaya məruz qalmışdı.
1954-1956-cı illərdə daha 5876 nəfər azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalmışdı.
1988-89-cu illərdə Ermənistan hökuməti daha qanlı aksiyalar törətməklə azərbaycanlıların Ermənistandan qovulması prosesini davam etdirmişdir. Bu müddətdə 250 mindən artıq azərbaycanlı tarixi yaşayış yerlərindən qovulmuş, 185 yaşayış məntəqəsi boşaldılmış, 217 nəfər soydaşımız xüsusi amansızlıqla döyülərək, yandırılaraq, elektrik cərəyanı verilərək, suda boğularaq qətlə yetirilmişdir.
"Dənizdən dənizə Ermənistan" yaratmaq istəyən xəstə xülyalı mənfur düşmənlərimiz 1992-ci ildə Azərbaycan ərazisində də dünyada analoqu olmayan bir qətliamı - Xocalı faciəsini törətdilər. İnsanlığa sığmayan, damarlarda qan donduran vəhşiliyin, qəddarlığın, bəşəri cinayətin ən bariz nümunəsi olan Xocalı qətliamı nəticəsində 613 nəfər şəhid olmuş, 487 nəfər ağır yaralanmış, 1430 nəfər əsir düşmüş(135 nəfərin taleyi hələ də məlum deyil), 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hər birindən yalnız 1 nəfər sağ qalmışdır.
1997-ci il dekabrın 18-də Ulu Öndər Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarımızdan kütləvi surətdə deportasiyası haqqında" Fərman imzaladı və ilk dəfə olaraq soydaşlarımızın faciəsinə hüquqi-siyasi qiymət verildi.
Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatının məsləhətçisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir