Çar Rusiyası tərəfindən ermənilərin qədim Azərbaycan yurdu olan Qarabağa köçürülməsindən 200 ildən çox vaxt keçib. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparmış və həmin çirkin əməllərini hazırda da davam etdirirlər.
ХХ əsrin əvvəllərində, 1905-1907 və 1920-ci illərdə 100 minlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olmuşdur. 1918-1920-ci illərdə erməni silahlı quldurlarının amansız, misli görünməmiş qəddarlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu illərdə qədim Azərbaycan torpaqları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və bir çox digər ərazilərimizdə dinc azərbaycanlı əhali ermənilər tərəfindən işgəncələr verilərək qətlə yetirilmiş, soyqırımına məruz qalmış, öz ata ocaqlarından qovulmuşlar. Sovetlər dövründə də ermənilər bu soyqırımı siyasətini davam etdirmişlər. 1948-1953-cü illərdə Ermənistandakı tarixi Azərbaycan torpaqlarıdan 150 min, 1988-ci ildə isə 300 min soydaşımız deportasiya olunaraq Azərbaycana yerləşdirilmişdir. Həyata keçirilən bu deportasiya zamanı 10 minlərlə insan qətlə yetirilmiş, evləri dağıdılmış, yurd yerləri viran qoyulmuşdur.
Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırımına ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli Liderin 26 mart 1998-ci il tarixdə imzaladığı Sərəncamla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Azərbaycan torpaqlarınının 20 faizi Ermənistan tərəfindən işğal edildi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər böyük vəhşiliklər törətdilər, minlərlə soydaşımızı amansızlıqla qətlə yetirdilər. 1992-ci il fevralın 26-da ermənilər XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını həyata keçirdilər. Yüzlərlə qadın, uşaq, qoca ən ağır işgəncələrlə qətlə yetirildi.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələnin həllinə yox, dondurulmasına yönəlmişdir. Elə bu səbəbdən də illərlə davam edən danışıqlar nəticəsiz qalmışdır. Beynəlxalq təşkilatlar bu problemə ciddi yanaşmadılar. BMT TŞ-nın qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı və bu təşkilat bir dəfə də olsun Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərmədi.
Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovuldu. Tarixi, mədəni, dini abidələrimiz dağıldı, şəhər və kəndlərimiz yerlə yeksan edildi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlər erməni təxribatları nəticəsində həlak olurdular. Prezident İlham Əliyev dəfələrlə Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycan xalqının bu işğalla barışmayacağını bəyan etmişdir. 2016-cı ildə Aprel döyüşləri və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bir daha nümayiş etdirdi. Ermənistan isə bu məğlubiyyətlərdən heç bir nəticə çıxarmadı və təxribatçı hərəkətlərə, bəyanatlarına son qoymadı.
2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv top və raket zərbələri endirməyə başladı. Ermənistanın bu genişmiqyaslı hərbi təxribatının qarşısını almaq və bu təxribatlara son qoymaq üçün Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 27 sentyabr tarixindən Azərbaycan Ordusunun başladığı əks hücum zamanı əsgər və zabitlərimiz böyük şücaət göstərdilər. Silahlı Qüvvələrimiz Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı 44 günə işğaldan azad etdi. Mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı. 10 noyabr 2020-ci ildə atəşkəsin elan olunması barədə üçtərəfli Bəyannamə imzalandı və bununla da Ermənistan kapitulyasiya aktına imza atmış oldu. 44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Vətən müharibəsində 2994 şəhid verdik, 1000-dən çox hərbiçimiz yaralandı, 7 nəfər itkin düşdü.
Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi, bir çox hərbi əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu, qətiyyətli siyasət nəticəsində Kəlbəcər, Laçın, Ağdam rayonları bir güllə atılmadan, heç bir şəhid vermədən Azərbaycana qaytarıldı.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığımı Zəfər tariximizə yazılan ən şanlı hadisədir. Ordumuz torpaqlarımızı işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ və ədaləti bərpa etdi. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda şəhid olmuş zabit və əsgərlərimizə ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərə imza atdı. Bu gün Azərbaycan Silahlı Qvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Həmçinin ordumuz döyüş hazırlığına görə MDB dövlətləri arasında ön sıralardadır, eləcə də Cənubi Qafqazın ən güclü Silahlı Qüvvəsinə çevrilib. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərbi islahatların, o cümlədən silahlı qüvvələrin maddi – texniki bazasının gücləndirilməsi istiqamətində reallaşdırdığı böyük işlərin məntiqi nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası dünya hərb tarixində yenilik hesab edilir. Bir çox Qərb dövlətləri, eləcə də ABŞ Hərbi Akademiyası və Pentaqon Azərbaycan Ordusunun hərbi taktikasının öyrənilməsinin zəruri olduğunu qeyd ediblər.
Vətən müharibəsi zamanı Ermənistan rəhbərliyi və hərbiçiləri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini anladıqları üçün hərbi cinayətə əl atdılar. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goranboy şəhərlərini top və raket atəşinə tutdular. Nəticədə 100-ə yaxın dinc, günahsız azərbaycanlı həlak oldu, 400-dən çox insan yaralandı. Minlərlə fərdi ev, onlarla çoxmərtəbəli yaşayış evi dağıdıldı. Ermənistan rəhbərliyinin daha bir hərbi cinayəti isə işğalçı ölkə tərəfindən ərazilərimizin minalanması faktıdır. Ermənistan hələ də minalanmış ərazilərimizin xəritələrini Azərbaycan tərəfinə verməyib. Buna görə beynəlxalq təşkilatlar işğalçı Ermənistanı qınamalı və hərbi məsuliyyətə cəlb etməlidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinə və qazilərimizə böyük ehtiram göstərir. Azərbaycan Ordusunun tarixi Zəfəri münasibəti ilə təsis edilmiş orden və medallar bu Qələbənin əbədiləşdirilməsinə və müharibənin iştirakçılarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə igid və qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunublar. “Zəfər” və “Qarabağ” ordenləri ilə yanaşı, 15 yeni medal təsis edilib.
Bu gün dövlətimiz tərəfindən bütün şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş yaralılar ən son texnologiyalarla hazırlanmış protezlərlə təmin edilir. 10 mindən çox şəhid ailəsi və qazi yeni mənzillərlə təmin edilib. Bu kateqoriyadan olan insanlara 7 mindən çox avtomobil verilmişdir. Bu ilin sonunadək sözügedən kateqoriyadan olan insanlara Bakıda, Sumqayıtda, həmçinin digər şəhər və rayonlarımızda yeni mənzillər veriləcək. Bu qayğılara dəstək olaraq dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “Yaşat Fondu” yaradılıb. Bu Fonda indiyədək 75 milyon manata yaxın vəsait toplanmışdır. Bu vəsait şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, eləcə də onların sağlamlığının bərpasına sərf olunur.
Azərbaycanın tarixi Zəfəri Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı və yeni reallıqlar yarandı. Bu reallıqlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir