26 sentyabr 2022 10:37
619

Azərbaycan Ordusunun zəfər yürüşü  Cənubi Qafqazın tarixində tamamilə yeni  səhifə açdı

30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. 2020-ci ilin sentyabrın 27-də erməni silahlı dəstələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutması nəticəsində növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Bu qərar təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar idi. Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Xalqına güvənən ordu, ordusuna güvənən xalq qələbəyə kökləndi. Millətimiz bir yumruq tək həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu. Beləliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı.  Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni faşizminə qarşı Zəfər yürüşünə başladı. Azərbaycan Ordusu qətiyyətiylə, döyüş və mənəvi-psixoloji hazırlığıyla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını, “yenilməz ordu” mifini darmadağın etdi. Nəticədə ermənilərin 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Sürətlə irəliləyən Azərbaycan Ordusu bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Yenilməz Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Xalqdan  dəstəkdən və Ali Baş Komandanın siyasi iradəsindən ilham alan cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı addm-addım azad edirdilər. Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə tariximizin ən şərəfli səhifəsini yazdı. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitanın işğalçı ordusu döyüş meydanında hərbi texnikasını qoyaraq qaçdı. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Prezident İlham Əliyev adını, Azərbaycan tarixinə müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan kimi yazdı. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. 2020-ci ilin dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu gün cənab İlham Əliyevin yürütdüyü siyasət, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu baxımdan aparılan islahatlar ordu quruculuğunun tərkib hissəsi olmaqla dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazanan Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü, milli qürur və ləyaqəti bərpa, BMT-nin 30 ilə yaxın müddət ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını özü təmin etdi. Bu, müsbət nümunə olmaqla yanaşı, dünya siyasi tarixində bir ilk idi.

Ali Baş Komandan İlham Əliyev hər zaman deyirdi ki, biz şəhidlərimizin qanını yerdə qoymayacağıq. Azərbaycan Prezidenti indiyədək verdiyi bütün vədlərə dəqiqliklə əməl edib. Dövlət başçımızın bu kəlmələri də Vətən müharibəsinin gedişində reallaşdı. Azərbaycan Ordusu şəhidlərimizin qanını düşməndən aldı və bunu döyüş meydanında etdi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Əlbəttə ki, şəhidlərimiz, onların ailələri, Qarabağ qaziləri, müharibə iştirakçıları cəmiyyətin qürur mənbəyidir və onların sosial problemlərinin həlli, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğının göstərilməsi həm dövlətin vəzifəsi, hər birimizin borcudur. Dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Şəhidlərimizin ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam da şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın aydın ifadəsidir.    Bu gün qalib Azərbaycan vədinə, öhdəliklərinə sadiqdir, sülhyaratma prosesi ilə əlaqədar öz üzərinə düşənləri tam və zamanında yerinə yetirir. Amma rəsmi İrəvanın üçtərəfli Bəyanatın bütün müddəalarına tam, vaxtında və qeyd-şərtsiz əməl etməkdən başqa çıxış yolu yoxdur. Digər tərəfdən, beynəlxalq ictimaiyyətə məlumdur ki, sülh gündəliyi ilə əlaqədar öz təkliflərini irəli sürən, prinsipial mövqe nümayiş etdirən Azərbaycanın təşəbbüsləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün müstəsna əhəmiyyət daşıyır.

Ayaz  Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri