24 sentyabr 2022 12:50
626

İşğalın fəsadları və daimi erməni təxribatları

2020-ci sentyabrın 27-də müzəffər Azərbaycan ordusu düşmənin növbəti təxribatına cavan kimi əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində xalqımız yumruq kimi birləşib, düşmənin layiqincə cavabını verdi. Bu yumruq tarixdə yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğudur.

Münaqişənin tarixinə nəzər salanda görürük ki, 30 ildən artıq aparılan sülh danışıqları mənfur düşmənin qeyri-konstruktiv mövqeyinə görə heç bir nəticə vermədi. Ona görə də BMT-nin uzun illər kağız üzərində qalan qətnamələri səngərdə Azərbaycan əsgəri tərəfindən icra olundu. Haqq-ədalət öz yerini tapdı. İşğalda olan ata-baba yurdumuz - gözəl Qarabağımız azadlığına qovuşdu. Başımızın üstünü alan qara buludlar azadlıq günəşi ilə əvəz olundu.

İşğal... Vəhşicəsinə yandırılmış ev-eşik... Min bir əzab-əziyyət hesabına başa gəlmiş xaniman... Yandırılmış yurd yeri... Yanan təkcə evlərimiz deyildi, ocağı sönən təkcə Qarabağ camaatı deyildi. Sızıldayan qəlbimizin, sönən bütün xalqımızın ümidləri idi.

Bu yaxınlarda bir çəkilişə baxdım. Yanmış, ot kol-kos basmış bir evi kimsə çəkir, çəkə-çəkə hönkürüb ağlayırdı. Doğrusu hansı rayon olduğu yadımda deyil. Boynu bükük, qəlbi sınıq, həsrətlə bu dünyadan köçən ev sahiblərini haraylayırdı. Haray verən yox idi...

Ancaq, o yanmış torpaqlar, yerlə yeksan olmuş şəhər və kəndlər əvvəlkindən də gözəl şəkildə bərpa olunacaqdır. Ata-anamızım, baba-nənəmizin viran olmuş yurdunu balalarımız cənnətə çevirəcəkdir. 

Düşmənlərimizə gücümüzü, kim olduğumuzu göstərdik. Haqq nazilər, amma, üzülməz. İşğalın maddi ziyanını hesablayıb, başa vurmaq olar, amma, mənəvi fəsadları, sarsıntıları... Bunlar hesaba-kitaba sığmaz! Biz sülhsevən xalqıq. Həmişə də ədalət tərəfində olmuşuq. Qoy dünyada ədalət hökm sürsün! Qarabağımızda Xanın səsi havalansın! Dünya sülh və əmin-amanlıq şəraitində dönsün! Adı dastana dönən şəhidlərimizin ruhu şad olsun! Və düşmən əmin olsun ki, onun hər bir təxribatının qarşısı qalib Azərbaycanın qalib ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Şəfəq BAYRAMOVA

Bakı şəhəri Xətai rayonu 221 saylı orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi