24 sentyabr 2022 11:34
670

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan növbəti qəhrəmanlarını dünyaya təqdim etdi. Onlar qanları, canları ilə Zəfər tariximizi yazdılar. Bu tarixi 30 il gözlədik. Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, torpağa, Vətənə bağlılığımız, sevgimiz sayəsində qazandığımız bu Zəfər dünənimizi, bugünümüzü və gələcəyimizi özündə ehtiva edir. Azərbaycan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində hər bir sahədə davamlı uğurlara imza atdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunur.  Ümummilli lider Heydər Əliyev bldirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Onun siyasi kursunun layiqli davamçısı, cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bildirir ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.

44 günlük İkinci Qarabağ müharibəsi torpaq, Vətən sevgimizin dünyaya təqdimatı oldu.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini gözləyən Vətən oğulları bu tapşırığı 27 sentyabr 2020-ci ildə alaraq torpaqlarımızı işğaldan azad etmək, Ermənistan silahlı qüvvələrinin  müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı, 44 gündə  5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa azad edildi. Şuşa əməliyyatı bir dastana çevrildi.

Prezident İlham Əliyev Anım Günü ilə bağlı Sərəncam imzaladı.  Sərəncama əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq. Sərəncamda 44 gündə nümayiş etdirdiyimiz “Dəmir yumruq” öz əksini tapıb. Haqq və şərəf işimiz olan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısında dayana bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bildiririk. 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması bugünkü və gələcək nəsillərə Zəfər tariximizin qəhərəmanlarını tanımağa bir çağırışdır.

Azərbaycan xalqına daim Qələbə yaraşır. Möhtəşəm Zəfərimiz milli kimliyimizi, qürurumuzu bərpa etdi, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmçinin sübut olundu ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycanın zəngin çoxəsrlik tarixini vərəqlədikcə Zəfər səhifəsini yazan, belə qürurlu günü bizlərə bəxş edən Vətən oğullarımızla fəxr edəcəyik. Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşərək tarixi Zəfərimizin reallıqlarının həyata keçirilməsinə öz töhfəmizi verməliyik. Qalib Azərbaycanın vətəndaşı olmaq böyük xoşbəxtlikdir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizin cənnət məkana çevrilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İki ildə görülən işlərin miqyası Azərbaycanın iqtisadi və maliyyə imkanlarının, xalqımızın qurucu xalq olduğunun təqdimatıdır. 44 gündə 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən dövlətimiz, məğrur xalqımız tezliklə bərpa-quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımız bu torpaqlara qayıdışı ilə onlara əvəlki nəfəsi verəcək. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni Prioritetlərin reallığa çevrilməsi əsasında böyük investisiyalar və turizm məkanı kimi dünyanın diqqətində olacaq.

Gülər Kərimova,

YAP Şabran rayon təşkilatının məsləhətçisi