Azərbaycan xalqının son bir neçə əsrlik tarixində bizi sevindirəcək hadisələr bir o qədər çox olmamışdır. Əksinə bir çox hallarda ağrılı-acılı proseslər xalqımızın qəlbini göynəltmiş və onu məyus etmişdir. Lakin nəhayət ki, 2020-ci ilin payızı xalqımızın qürur və şərəf tarixinə böyük hərflərlə yazılmış oldu. 2020-ci ilə qədər 27 sentyabr sadəcə təqvimin adi günlərindən biri idi. Amma 2020-ci ilin 27 sentyabrı böyük zəfərə gedən yolun başlanğıcı oldu. 30 ilə yaxın torpaqları mənfur düşmən işğalında olan Azərbaycan bu illər ərzində zəfəri yaxınlaşdırmaq üçün yorulmadan çalışdı. Xüsusilə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ordu quruculuğu sahəsindəki əməyi xüsusi vurğulanmalıdır. Onun ölkəmizə rəhbərliyi dövründə yüksək mənəvi dəyərlərə sahib vətənpərvər bir gənclik, eyni zamanda qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan çox güclü silahlı qüvvələr formalaşdırıldı.
30 illik işğal dövründə saysız-hesabsız hərbi cinayətlər törədən Ermənistan və onun hərbi-siyasi rəhbərliyi cəzasız qalacağını düşünürdü. Fəqət düşmən kökündən yanılmış, Azərbaycanın necə bir qüdrətli orduya sahib olduğunu unutmuşdu. Düşmən anlamalı idi ki, uzun müddətli işğal illərində sonsuz vətən həsrəti çəkən Azərbaycan xalqı öz əbədi və əzəli torpaqlarının azadlığı uğrunda bir gün qəti döyüşə atılacaq. Nəhayət həmin gün gəlib çatdı. Düşmənin cəbhə xəttində törətdiyi növbəti təxribatdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev əks hücum əmrini verdi. Qəhraman Azərbaycan ordusu cəmi 44 günə işğalçı düşmənin silahlı birləşmələrini darmadağın edərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Ölkə prezidenti Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsindən əvvəlki dövrdə hər zaman qeyd edirdi ki, Azərbaycan torpaqları son qarışınadək düşmən işğalından azad ediləcək. Müzəffər Ali Baş Komandan dedi və dediyini də tam qətiyyətlə yerinə yetirdi. Bu qüdrətli ordumuzun 44 günə yazdığı şanlı tarix idi.
Azərbaycan əsgərləri döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərdilər. Onlar Vətən torpağını öz qanları ilə suvardılar. Neçə-neçə cəsur vətən övladı Şəhidlik zirvəsinə ucaldı. Bir çox əsgərimiz qazi oldu. Postmüharibə dövründə dövlətimiz şəhid ailələrinə ən yüksək səviyyədə diqqəti göstərir, öz qayğısını heç zaman onlardan əsirgəmir. Şəhid ailələrinin bütün tələbatlarının ən yüksək səviyyədə təmin olunması üçün ölkə prezidenti Cənab İlham Əliyev bütün lazımi Sərəncam və tapşırıqları vermişdir. Qazilərimiz də dövlətimizin daim diqqətindədir. Onların müalicəsi ölkəmizin və bizə dost olan inkişaf etmiş xarici dövlətlərin ən müasir tibb müəssisələrində həyata keçirilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın bərpa, reabilitasiya prosesi peşəkar həkimlərin səyləri ilə daha da sürətli şəkildə təşkil olunur. Şəhid ailələrinin və qazilərin mənzil təminatı da diqqət mərkəzində olan vacib məsələlərdəndir. Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır. Elə bu qayğının nəticəsidir ki, artıq Azərbaycan ordusu dünyanın güclü orduları içərisində özünə layiqli yer tutur. Şübhəsiz ki, ordumuzun günü-gündən artan gücü və qüdrəti xalqımızın və dövlətçiliyimizin təhlükısizliyinin tam və yüksək səviyyədə təmin olunması deməkdir.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir