Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi tarixi köklərə əsaslanan müxtəlif xüsusiyyətlərə malikdir. Ermənistanın Azərbaycana təcavüzünün və işğalçı müharibənin tarixi kökləri Ermənistan tarixinin bəzi məsələlərini nəzərdən keçirməyi zəruri edir. Bu işğalçılıq siyasəti həmişə erməni tarixinin mərkəzində olub. Bu səbəbdən də ermənilər tarixi və yerli şəraitin imkan verdiyi dərəcədə azərbaycanlılara qarşı niyyətlərini həyata keçirmək üçün hər vasitəyə əl atırdılar. XX əsrin sonlarında yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlıların yaşadıqları kənd və rayonlarda törədilmiş soyqırımı Azərbaycanın müasir tarixinin öyrənilməmiş səhifələrindən biridir. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi XX əsrin tarixinə nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərən ən faciəli münaqişələrdən biri kimi daxil olub. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı açıq ərazi iddiaları və hədə-qorxu aktları və etnik təxribatları ilə başlayan bu münaqişə Azərbaycana hərbi hücumla nəticələndi.
Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ məsələsinin həll olunmaması səbəbindən Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalmaqda davam etsə də, beynəlxalq ictimaiyyət üçün ən az aktual olan məsələlərdən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da nə Dağlıq Qarabağ, nə Ermənistan, nə də bu sərhədlərdən kənarda olan ermənilər separatçılıq fəaliyyətlərini dayandırmadılar. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq ermənilər yaxın və uzaq xaricdən olan havadarlarının köməyi ilə mövcud vəziyyətdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yenidən ərazi iddiaları irəli sürdülər. Beləliklə 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycan torpaqlarının 20%-nin işğalı ilə nəticələnib.
Ötən illər ərzində Ermənistan və qondarma separatçı rejimin nümayəndələri mütəmadi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirmişlər. Bu işğalçı dövlətin yürütdüyü işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimai rəyinin gözü qarşısında baş verirdi. Məsələnin həlli prosesində Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin İlham Əliyev Azərbaycan xalqının və dövlətinin bu işğalla, torpaqlarımızın müvəqqəti itirilməsi ilə heç vaxt barışmayacağını bəyan edir və öz torpaqlarımızı xilas etmək üçün bütün vasitələrdən istifadə edəcəyini qətiyyətlə vurğulayırdı. Son illərdə artıq vəziyyət daha da gərginləşməyə başlamışdı, belə ki, 2016-cı il aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş vermiş ən şiddətli döyüşlər idi. Döyüşlər böyük zəfərin başlanğıcı kimi Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Beləliklə 2020-ci ilin sentyabrında başlanalan Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıqlar yaratdı. Bu gün 30 il davam edən status-kvo yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.
Səba Rzayeva,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir