23 sentyabr 2022 12:30
599

Qızıl hərflərlə yazılan Şanlı Zəfər

27 sentyabr... Məhz bu gün Azərbaycan tarixinin şanlı səhifələrindən birinin başlandığı gün idi. Həmin gündən 2 il ötsə də, sanki dünən yaşanmış kimi gəlir insana... Füzulinin bir neçə kəndinin və Murovdağ zirvəsinin geri alınması xəbəri isə xalqımızın ürəyində olan ən böyük arzunun gerçəkləşməyə başlamasının ilk müjdələri idi. Artıq saatlar keçdikcə ön cəbhədən ilk şəhid xəbərləri gəlirdi. Xalqımızın ürəyində olan milli birlik və intiqam hissi yenidən alovlanmışdı. Hər kəs cəbhəyə can atır və ya döyüşən ordu üçün əlindən gələni etməyə çalışırdı...

Artıq 30 ilə yaxın bir müddət idi ki, Qarabağ düşmən tapdağı altında idi. Amma dünya məsələnin həll olunmasına yox, uzadılmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar heç bir nəticə verməmişdi. İşğal illəri ərzində Ermənistan işğalçı siyasətini yenə də davam etdirmiş, ərazimizdə təxribatlar törətməyə cəhd etmişdir.

Səbr kasamızı dolduran sonuncu damla isə Ermənistanın 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribatı törətməsi oldu. Bununla da 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızı azad etmək uğrunda  cənab Ali Baş Komandan tərəfindən bütün cəbhə boyu istiqamətlərdə əks-hücuma keçmək haqqında əmr verildi. Azərbaycan xalqı sevinirdi, çünki bizim ən böyük arzumuz olan Qarabağın azad edilməsi prosesi Ali Baş Komandan tərəfindən start götürmüşdü. Azərbaycan ordusu müharibənin ilk günündən son gününə kimi irəlilədi, yeni-yeni əraziləri düşmən tapdağı altından azad etdi... Ali Baş Komandan cənab İlham Əliyev ordumuzun döyüş meydanında yazdığı tarixi masada rəsmiləşdirdi. Bütün dünyanın bizə qarşı olduğu vaxtda prezidentimizin qətiyyəti, təəsübkeşliyi, siyasi manevrləri Azərbaycanın dünyanın siyasi arenasında nüfuzlu dövlət kimi öz sözünü deməsi ilə nəticələndi. Xarici jurnalistlərə müxtəlif dillərdə verilən müsahibələr də bu hadisələrin fonunda az rola malik deyildi.

Azərbaycan xalqı qalib xalq kimi tanınır. Biz xalq-iqtidar birliyi sayəsində inamlı qələbə qazandıq və öz gücümüzü bütün dünyaya sübut etdik! Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda öz canlarından keçmiş şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyirəm. Allah qazilərimizə tezliklə şəfa versin! Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan!!!

Mais Günəşli,
YAP-ın gənc fəalı