XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesi nəticəsində regionda demoqrafik vəziyyət dəyişmiş, nəticədə ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onlar tərəfindən XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur. 1988-1989-cu illər ərzində azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Xocalının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri Şuşa şəhəri və Laçın rayonu, 1993-cü ildə isə Azərbaycanın daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Qəbul edilən qətnamələrə baxmayaraq 30 il ərzində beynəlxalq təşkilatlar heç nə edə bilmədilər. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Nəhayət 2020-ci ilin sentyabrında cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz öz haqlı mübarizəsinə başladı. Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Beləliklə dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Əlbətdə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. Azərbaycan şəhid və qazilərimizin canı-qanı bahasına, xalqın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində böyük qələbəyə nail oldu. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Qarabağ bizimdir Qarabağ Azərbaycandır!
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir