Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Prezident İlham Əliyev sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə görüşlər keçirib.
Prezident İlham Əliyev sammitdə çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Son illər yük daşımalarının həcminin artırılması məqsədilə Azərbaycan müvafiq modernizasiya işləri apararaq, dəniz limanlarının yükaşırma qabiliyyətini 15 milyon tona çatdırıb. Səmərqənd sammitində çıxış edən Azərbaycan prezidenti yükaşırma qabiliyyətinin 25 milyon tona qədər artırıla bildiyini də vurğuladı. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmiləri istehsal edə bildiyindən qısa zamanda ticarət donanmasının sayı daha da artırıla bilər. Azərbaycanın logistika imkanları multimodal xarakterlidir. 19 min km-lik avtomobil yolu, 1400 km-lik dəmiryolları, Bakı-Tbilisi-Qars dəmiryolu və Xəzər limanlarından savayı Azərbaycan 7 hava limanı və 18 təyyarə ilə regionda ən böyük mülki hava donanmasına malikdir.
Dövlət başçısının Səmərqənd sammitində iştirakının dövlət siyasəti baxımından əhəmiyyətini dərk etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına kənardan nəzər yetirə bilərik. ŞƏT ölkələri 34 mln. km2-lik ərazini və 3 milyarddan çox insanı əhatə edir. ŞƏT ölkələrinin yerləşdiyi məkan beş okeandan üçünün (Hind, Sakit və Şimal-Buzlu) suları ilə yuyulur. Təşkilata üzv ölkələrin toplam ÜDM-si dünya ümumdaxili məhsulunun 25%-ni təşkil edir. Müqayisə üçün bildirək ki, ən son hesablamalara görə ABŞ dünya ümumdaxili məhsulunun 15,78%-ni, Aİ isə 14,81%-ni təşkil edir. Bundan belə qənaətə gəlmək olar ki, ŞƏT ölkələrinin dünya iqtisadiyyatında payı Qərb ölkələrinin toplam payına yüksək templə yaxınlaşır.
Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətini də bu kontekstdə diqqətə çatdırıb. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlara toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Səmərqənd sammiti Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Camalxan Xanbutov,
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatı, Neapol 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir