Əlverişli coğrafi mövqeyindən yararlanaraq mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Respublikası Cənubi Qafqazda geoiqtisadi həmçinin logistik mərkəz kimi qəbul edilir.İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Bu səbəbdən ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik bir hala çevrilməsi üçün real imkanlar yaradır.

Burada önəmli bir məsələni vurğulayaq ki. qərblə şərqin iqtisadi əlaqələrini tənzimləyən tranzit xətlər son illərdə baş vermiş hadisələr o cümlədən Rusiya ilə Qərb arasında Ukrayna səbəbindən yaşanan gərginlik, baş verən hərbi-texniki toqquşmalar səbəbindən demək olar ki, iflic olub. Məhz burada əlaqələrin davamını təmin etmək üçün İpək yolu üzərində olan ölkələr alternativ yollar axtarışında Azərbaycanın Respublikasının imkanlarını da dəyərləndiriblər. Əlbəttəki ölkəmizdə tranzit və nəqliyyat-logistik imkanları sürətlə inkişaf edir.Ən əsası isə Azərbaycan dövlətinin etibarlı tərəfdaş olmasıdır.
Ötən həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz,həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımaların reallaşması üçün yaratdığı infrastruktur barədə məlumat verib.Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.
Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Hər iki nəqliyyat dəhlizi ilə ölkəmiz üzərindən yüklərin daşınması üçün zəruri olan avtomobil və dəmiryol infrstrukturunda da ciddi işlər görülüb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu,1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycan 2020-ci il II Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Ölkəmiz həmçinin 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq.
Beynəlxalq yükdaşıma şirkətləri sanksiyaların təsirinə düşməmək üçün Rusiya ərazisindən yükdaşımaları dayandırmağa, yükləri yeni marşrutlara yönəltmək imkanlarını genişləndirməyə başlayıblar. Bu marşrutlardan biri Azərbaycan ərazisindən keçən Cənub Transxəzər marşrutudur. Aprel ayında bu marşrutla Çinin Sian şəhərindən ilk konteyner qatarı Rusiyadan yan keçərək Çindən Avropaya yola düşüb. Yük Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya vasitəsilə Sian şəhərindən Mannheymə (Almaniya) göndərilib.
Ölkəmiz Transxəzər marşrutuna daxil olan ölkələrlə iqtisadi əlaqələrini genişləndirib. Artıq Türkmənistanla Azərbaycan arasında Xəzər dənizindəki neft-qaz yatağı ilə bağlı yaranan mübahisə həll edilib, eyni zamanda iqtisadi-siyasi əməkdaşlıq ən yüksək səviyyəyə qaldırılıb. Orta Dəhlizin digər iştirakçı Qazaxıstanla da münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu ilin fevral-mart aylarında Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları əlaqələndirəcək birgə müəssisə yaradılıb.
Azərbaycanın Özbəkistan və Qırğızıstanla da qarşılıqlı münasibətləri dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdirilir. Həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir. Son aylar Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacı kəskin artıb. İndiyədək bu dəhlizə böyük maraq göstərməyən Moskva artıq onun işə salınması prosesini maksimum sürətləndirməyə çalışır. Asiyadan İran-Türkmənistan-Qazaxıstan üzərindən keçməklə yüklərin Rusiyaya və əksinə daşınması çox vaxt aparır. Türkmənistanın mövcud infrastrukturu yükdaşımaların ciddi artırılmasına imkan vermir. Bu da Azərbaycan üzərindən keçən quru yolların – avtomobil və dəmiryollarının əhəmiyyətini artırır.

Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin imkanları Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək.
Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir. Bu mənada Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənd zirvəsində və ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi və 10 noyabr sənədinin tam icrasının vacibliyi məsələsini gündəmə gətirməsi təkcə Azərbaycanın maraqlarında olan məsələ deyil. Bu dəhlizin yaradılması Azərbaycan qədər ŞƏT dövlətlərinin də marağındadır. Lakin hər marağın həyata keçirilməsi üçün münbit siyasi, regional və beynəlxalq şərtlərin olması vacibdir. Yeni və daha səmərəli əməkdaşlıqların axtarışında olan ŞƏT ölkələri Zəngəzur dəhlizinin işləməsində öz faydalarının konkret çərçivəsini cızmalıdır. Bu faydalar isə o halda real olacaq ki, 10 noyabr 2020-ci il və ondan sonrakı razılaşmaların icrası naminə Ermənistana təzyiqlər göstərilsin. Burada Rusiya ilə bərabər ŞƏT-in ən iri güclərindən olan Çin və digər maraqlı dövlətlərdən gözləntilər var.
Azərbaycan inkişaf kursuna və əməkdaşlıq formatlarının rəngarəngliyinə görə çox fərqlənir.O, sülhsevər, sivil, dinc yanaşı yaşama fəlsəfəsini nəzərə alan və davamlı inkişaf edən ölkədir. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun sammitində iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir