22 sentyabr 2022 11:25
858

Azərbaycan Xəzər dənizində ən böyük yük donanmasına malikdir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan "Aleksandr" barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker - "Zərdüşt" də Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli "Vandal, "Delo"  gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb.

Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur. Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir.

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına "çay-dəniz" tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı — Türkmənbaşı gəmi-bərə keçidi işə salınır.

1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa - Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti isə Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycanda mövcud olan iki böyük donanmanın — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

İki donanmanın birləşdirilməsində məqsəd dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılmasına və ölkənin tranzit potensialının gücləndirilməsinə nail olmaqdır.

Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir.

Dənizyolu ilə istənilən növ yükü daşımaq mümkündür: maye və təhlükəli, yanma ehtimalı olan ağır və ölçülərinə görə qabaritsiz yüklər və s. Əgər böyük partiyalarda yükləriniz varsa, ən yaxşı üsul onun dənizyolu nəqliyyatı ilə daşınmasıdır. Dənizyolu daşımalarını avtomobil və havayolu nəqliyyatından mübahisəsiz üstün edən daha bir özəllik isə onun ucuz qiymətə başa gəlməsidir

Dəniz nəqliyyatı böyük həcmli yüklərin uzun məsafələrə daşınması üçün ən ucuz və məqsədyönlü nəqliyyat növüdür. İndi Azərbaycan Xəzər dənizində 52 gəmi ilə ən böyük mülkü yük donanmasına malikdir. Bunu Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev bildirib. Dövlət başçısı deyib ki, Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir: “Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq”.

Fəridə Cəfərova,
Xətai MKS-in böyük metodisti