21 sentyabr 2022 23:57
663

Bizə haqq, ermənilərə isə tutarlı şapalaq effekti verən medal...

Azərbaycan torpaqlarını işğal etməyi qarşısına məqsəd qoymuş çar Rusiyası  1804-cü ildən başlayaraq Gürcüstana topladığı hərbi qüvvələri İrəvan xanlığı üzərinə qəti hücuma göndərdi. Mənşəcə erməni olan general Sisianov, Yermolov, Zubov və başqaları uzun illər ərzində İrəvan şəhərini və qalasını döyüşlə işğal edə bilməyərək məğlubiyyətə uğrayıb geri çəkilməli olmuşdular. Lakin qəddarlıqda bədnam ad qazanmış general, qraf İvan Paskeviç İrəvan üzərinə hücuma keçən qoşunlara komandan təyin olunandan sonra hərbi əməliyyatlar amansız xarakter aldı.  Sərdarabad qalasının mühasirəsindən sonra xanlıqda vəziyyət pisləşdi. Qala ətrafına gətirilən toplar divarları dağıdaraq düşmənin bu qədim Azərbaycan şəhərinə yolunu açdı. Amansız qanlı vuruşmalarda xanlığın qüvvələrinin və qala qarnizonunun məğlubiyyətindən sonra Sərdarabad qalası və İrəvan şəhəri süqut etdi. Müdafiənin təşkilatçıları Həsən xan və Hüseynqulu xan qardaşları artan təzyiqlərə davam gətirə bilmədilər.

Rusiya çarı I Nikolay tərəfindən “alınmaz qala” adlandırılan İrəvan qalasının rus qoşunlarının fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının hamısı Rusiyanın işğalı altına düşdü. Xüsusi qeyd edilməli faktdır ki, İrəvan şəhərinin və Sərdarabad qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan xəyanətkar ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini onlara nişan verir, xislətlərinə uyğun olaraq casusluq fəaliyyəti göstərirdilər. 1827-ci ildə Tiflisdə təşkil olunmuş erməni könüllü dəstələri rus qoşunlarının tərkibində İrəvan xanının qoşunlarına qarşı vuruşurdular. İrəvan qalasının ələ keçirilməsinin ləngidiyini görən arxiyepiskop Nerses Aştarakesi sentyabrın 27-də və 28-də xanlığın ərazisində yaşayan ermənilərə müraciət etmişdi ki, dərhal rus ordusuna köməyə gəlsinlər. Şəhərdə olan ermənilər hər vasitə ilə qalanın süqutuna çalışırdılar. Belələrindən birini- Astvasaturyan soyadlı bir ermənini etdiyi xəyanətinə görə, sərdarın əmri ilə topun lüləsinə bağlayaraq atəş açmışdılar ki, digər satqın ermənilərə dərs olsun. Amma belə sərt cəza satqın və xəyanətkar ermənilərə dərs olmadı. Çünki onlara burada,  yəni tarixi Azərbaycan torpağında dövlət qurmaq vədi verilmişdi. Ona görə də min ildən də artıq bu arzuda olan ermənilər heç bir itkiyə və məhrumiyyətə baxmayaraq xəyanətkar əməllərindən əl çəkmirdilər.

Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri şəhərdə talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə-yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu.

İrəvan qalasının alınmasına görə general-feldmarşal İvan Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və "II dərəcəli Müqəddəs Georgi" ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. Həmin medalla məhdud sayda generallar və zabitlər təltif edilmişdilər. İmperatorun buyuruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə, daha doğrusu xəyanətlərinə görə "Aleksandr Nevski" ordeni ilə təltif edilmişdi.

İrəvan qalasının alınması xəbəri Rusiya impreratoru I Nikolaya Riqada səfərdə olarkən çatdırılmışdı. Həsən xanın qılıncını orada çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqa səfərindən xatirə olaraq şəhər ratuşuna bağışlamışdı. Hazırda həmin qılınc Moskvada-Kremlin “Silahlar Palatası”nda saxlanılır. Tarixi ədəbiyyatda yazıldığına görə həmin qılınc zamanında Əmir Teymura məxsus olub. Qılıncın dəstəyi qızıldan hazırlanımşdı. Qilincı ilk dəfə ələ keçirənlər onun dəstəyini sındırıb götürmüş, yerinə metal dəstək düzəltdirmişdilər.

Peterburqa qayıtdıqdan sonra şənliklər düzəldən İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdi. Sankt-Peterburqda təşkil edilən şənliklərdə İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi. 

İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Salmas və Ərdəbil şəhərlərini də ələ keçirmişdilər. 1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmənçay kəndində imzalanan müqavilə ilə İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirilmişdi. Məhz həmin hadisədən sonra ermənilər Rusiya çarlarının mərhəməti altında İrandan, Türkiyədən, Suriyadan kütləvi surətdə köçürülərək Azərbaycan torpaqlarında məskunlaşdırıldılar.

Maraq doğuran nüans ondan ibarətdir ki, 1828-ci ildə təsis olunan, üzərində İrəvan şəhərinin Ağrı dağının fonunda çəkilmiş rəsmi olan “İrəvan qalasının alınmasına görə” medalı bu günlərdə yada “düşmüş” və Rusiya Federasiyasının internet kanallarında nümayiş etdirilmişdir. Təsvirin altında isə medalın hansı səbəblə təsis olunduğu  və buraxıldığı il barədə mətn də yazılmışdır.

Bu medalın bir neçə gün əvvəl Rusiyanın internet kanallarında yayılması əslində bizə haqq, Ermənistana isə tutarlı şapalaq effekti verir. Əmin ola bilərik ki, bizə belə sürprizlər hələ çox olacaq. Bunlar həm də düşmənlərimizə gözləmədikləri "sürpriz"lərdir...Nəhayət, min hiylə və məkrlə "kürsüsündən düşürülmüş" haqq-ədalət öz yerini tutmağa başlayıb. Əbədi olsun!

Vəli İlyasov, “İki sahil”