Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarından bəhs edərək bildirdi ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq
Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi bu önəmi daha da diqqətçəkən edir. Dövlət başçısı İlham Əliyevin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.»
Regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında yerini və rolunu möhkəmləndirir. Əvvəlcə regional çərçivədə qurulan əməkdaşlığın illər keçdikcə ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsi fonunda coğrafiyası genişləndi, beynəlxalq miqyas aldı. Ümumilikdə hər bir ölkənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyi düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.
2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.
Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm vətəndaşlarımız görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına nəzər salaq. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz: «Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.»
İki ilə yaxındır ki, işğaldan azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına start verilib. Bu işlər planlı şəkildə görülür. Cənab İlham Əliyev bildirir ki, Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik.
Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq ötən il Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Cari ildə Zəngilan Hava Limanının istifadəsi nəzərdə tutulur. Üçüncü hava limanı isə Laçın rayonu ərazisində inşa edilir və 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsini şərtləndirən amillərin əks olunduğu «Azərbaycan -2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret, konseptual proqramlar, düşünülmüş, ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir.
İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin quruculuq və bərpa işlərinin əsas tərkib hissəsi kimi öncə yol-nəqliyyat infrastukturunun bərpasına xüsusi diqqət göstərməsi diqqətdən yayınmır. Füzulidə Zəfər yolunun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi bunun bariz nümunəsidir. Dövlət başçısının tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Bu səfər zamanı ölkə Prezidenti Zəfər yolunun çəkilişi ilə bağlı göstəriş vermişdi. Ötən ilin sonlarında yolun çəkilişi başa çatdı. Zəfər yolu ötən bu dövrdə 30 il torpaq həsrəti ilə yaşayan, Qarabağın tacı Şuşaya qayıtmaq istəyinin reallığa çevriləcəyi günü səbirsizliklə gözləyən soydaşlarımızı musiqi beşiyimizlə qovuşdurur.
Prezident İlham Əliyevin bu müddət ərzində işğaldan azad olunmuş rayonlara tarixi səfərlərinə diqqət yetirsək, yol infrastrukturu ilə bağlı atılan addımların, təməlqoyma, yaxud açılış mərasimlərinin şahidi olarıq. Həmin bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək üçün yol infrastrukturunun bərpası prioritetdir. Davamlı və yüksək iqtisadi artımın sosial islahatların həllinə yönəldilməsi istiqamətində Azərbaycanın malik olduğu təcrübənin şaxələndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Beynəlxalq aləmdə özünü doğruldan yeniliklərdən ölkə vətəndaşlarının bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Regionların sosial- iqtisadi inkişafı Dövlət proqramlarında olduğu kimi, 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə də paytaxtın və regionların tarazlı inkişafı üçün mühüm vəzifələr əksini tapır.
Təhlillər əsasında onu da qeyd edə bilərik ki, işğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzur quruculuq, təmir-bərpa dövrünü yaşayır. Azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Qarabağdan və Şərqi Zəngəzurdan dünyaya açılan hava qapılarının istifadəyə verilməsi nəticəsində ölkəmizin tranzit imkanları daha da artacaq. Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadənin təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır.
Dövlət başçısı İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışı Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının təqdimatıdır. Belə ki, statistik rəqəmlər əsasında Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələrindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülkü yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülkü hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Təhlil əsasında bu qənaətə gələ bilərik ki, səylərin birləşdirilməsi nəticəsində hədəflərə yüksək səviyyədə və nəzərdə tutulan zamanda nail olmaq mümkündür. Azərbaycan hər bir layihənin müəyyən edilmiş vaxtda və uğurlu sonluqla başa çatmasında maraqlıdır. Bugünədək heç bir layihənin icrası uzadılmayıb, yaxud təxirə salınmayıb. Azərbaycanın müəllifi olduğu enerji və nəqliyyat layihələri ölkəmizin maliyyə imkanların artmasında öz sözünü deyir. İstər regional, istərsə də beynəlxalq çərçivədə əlaqələrin yeni istiqamətlərini müəyyənləşdirməklə dövrün tələblərini lazımi səviyyədə yerinə yetirə bilərik. Üzv ölkələrə qarşılıqlı etimad və qonşuluq münasibətlərini gücləndirməyə, regionda sülhün, təhlükəsizliyin və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsinə, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasına çağırışlar edən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinin yekunu olaraq qəbul olunan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb. Yeni əməkdaşlıq formatlarının yaradılması yeni iqtisadi və siyasi yol xəritəsi kimi dəyərləndirilir.
Yeganə Əliyeva, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir