22 sentyabr 2022 02:59
745

Ermənilərin bitib tükənməyən mina sevgisi

Tarixi Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayan ermənilər bu ərazilərimizi xarabalığa çevirməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzuru başdan-başa minalayıb. Bununla da işğalçı ölkə piyada və tank əleyhinə olan bu partlayıcı qurğular sayəsində dinc əhaliyə, texnikaya, əraziyə mümkün qədər çox ziyan vurmaq məqsədi güdüb. Yeri gəlmişkən onu da qeyd edək ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində xeyli sayda vətəndaşımız həlak olub, ciddi xəsarət alıb.

Hazırda Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesidir. Ölkəmiz bu istiqamətdə bütün potensialından istifadə edərək həmin yerləri tez bir zamanda mina təhlükəsindən təmizləmək istəyir. Sözsüz ki, bu elə də asan məsələ deyil, çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Hətta Azərbaycan bütün beynəlxalq tribunalarda hər dəfə işğaldan azad edilmiş ərazilərimizdə mina probleminin həlli ilə bağlı məsələni qaldırır, xalqımızın üz-üzə qaldığı bu təhlükəni dünyanın diqqətinə çatdırır.  Ermənistanın işğal altında saxladığı müddətdə Azərbaycan ərazilərinə basdırdığı minaların xəritələrinin ölkəmizə verilməsinin əhalimiz üçün həyati əhəmiyyət daşıdığını qeyd edir.

Onu da qeyd edək ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir. Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. Həmin ilin iyulun əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Təəssüf ki, həmin xəritələrin də dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.

Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin beynəlxalq humanitar hüquqa zidd olaraq Laçında aşkarlanan PMN-E növlü minalarla bağlı birgə bəyanatında da məlumat verilir ki, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının Birinci Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.

2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində növbəti dəfə genişmiqyaslı təxribatlar törətdilər. Həmin tarixdə Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdilər. Düşmənin Azərbaycana qarşı törətdiyi təxribatlar, ərazilərimizə mina döşəmələri qanlı əməllərinin daha bir nümunəsidir. Bütün bu yaramaz və ağılsız davranışları ilə Ermənistan 10 noyabr üçtərəfli Bəyanatında öhdəliyinə götürdüyü və qeyd-şərtsiz əməl etməli olduğu müddəaların icrasını yubatmağa, pozmağa yönəlik mövqe nümayiş etdirir.

Ermənistanın törətdiyi bu bu cür təxribatlar, hətta minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi iki ölkə arasında sülh prosesinə böyük zərbədir. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında Ermənistanın bölgədə sülhə mane olan təxribatçı əməlləri ilə bağlı söylədi ki, Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib: “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışlar. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbədir. Buna görə də bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Mənsumə Babayeva, “İki sahil”