21 sentyabr 2022 14:43
693

Azərbaycanın ŞƏT-in Sammitində iştirakı dövlətimizin nüfuzudur

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Azərbaycan 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı statusuna malikdir. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu bu nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın göstəricisidir.

Azərbaycan Prezidentinin ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirakının daha bir əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Məlum olduğu kimi, son günlər Azərbaycana qarşı xain siyasətini davam etdirən Ermənistan silahlı qüvvələri dövlət sərhədində Azərbaycana qarşı yenidən genişmiqyaslı təxribatlara əl atdı. Dünyaya daim sülh və əməkdaşlıq mesajları verən Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra dərhal genişmiqyaslı quruculuq-bərpa işlərinə başladığı halda, Ermənistan tarixi “missiyasına” uyğun olaraq, yenidən xəyanət, fürsətçilik taktikası seçdi. Lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu iki il əvvəl olduğu kimi, yenə də Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi.    Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət işğalçı Ermənistan dövlətinin üzərinə düşür. Bu hadisələrdən sonra olduqca çətin vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in Səmərqəndəki Zirvə görüşündə iştirak etməyəcəyini bəyan etdi. Təbii ki, bu da gözlənilən hal idi. Çünki dəfələrlə beynəlxalq konfranslarda cənab Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Nikol Paşinyan yenidən bu durumla üzləşməmək üçün bu tədbirdə iştirak etməkdən boyun qaçırdı.

Cənab Prezident çıxışı zamanı bildirib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.

“Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin əməkdaşı