21 sentyabr 2022 12:50
769

Dövlətimizin başçısı ŞƏT-in sammitində işğalçı Ermənistanı növbəti dəfə ifşa etdi

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) siyasi və hərbi bir təşkilat olmasa da, iqtisadi sahədə formalaşmış böyük bir platformadır. Rusiya,  Çin,  Hindistan və Pakistan kimi böyük dövlətlərin üzv olduğu ŞƏT getdikcə nüfuzlu bir təşkilata çevrilməkdədir.

Bu ilin 15-16 sentyabr tarixlərində ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin mötəbər qonaq qismində dəvət olunması ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, Asiya qitəsində yerləşən dövlətlərin iqtisadi cəhətdən inkişaf etməsində də müstəsna rol oynayır.

ŞƏT-ə üzv dövlətlərin, hətta iqtisadi cəhətdən dünyanın ən öndə gedən ölkələrindən biri olan Çinin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub marşrutları ilə quru yolla Avropaya çıxışı Azərbaycan ərazisindən keçir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşağı istiqamətlərində dəmir yolu və avtomobil magistrallarında hərəkətin asanlaşdırılması üçün böyük nəqliyyat infrastrukturu yaradıb.

ŞƏT-in üzvləri Azərbaycanın təklif etdiyi nəqliyyat marşrutlarına və ölkə daxilində yaratdığı nəqliyyat qovşağına böyük üstünlük verirlər. Ölkəmiz dəniz yükdaşımaları sahəsində də bütün dünya üçün əhəmiyyətli layihələr həyata keçirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır. Prezident İlham Əliyev ŞƏT-in Səmərqənddə keçirilən sammitindəki çıxışında Azərbaycanda yaradılmış böyük nəqliyyat infrastrukturunun hazırki vəziyyəti, dövlətimizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsi üçün verdiyi böyük töhfə və eləcə də Ermənistanın ölkəmizə qarşı törətdiyi irimiqyaslı hərbi təxribatlar barədə ətraflı məlumat verdi.

Bu gün Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Böyük və müasir texnologiyalara malik Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal etmək gücündədir. Son 20 ildə Azərbaycanda 20 min km-ə yaxın avtomobil yolu, 1400 km dəmir yolu xətti çəkilib. İşğaldan azad edilmiş ərazilərimizdə də hazırda avtomobil və dəmir yollarının çəkilişi uğurla həyata keçirilir.

Prezident İlham Əliyev çıxışında Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi hərbi təxribatları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, regionda baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan hökuməti baş vermiş hərbi təxribatların məhz Ermənistan tərəfindən başlanılması barədə sübut və dəlilləri dünya ictimaiyyətinə təqdim edib. BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən təcili və qeyri-şərtsiz çıxarılması barədə 4 qətnaməsi icra olunmadı. Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsəydi, təbii ki, bölgədə müharibə baş verməzdi. Azərbaycan dövləti həmin qətnamələrin icrasını özü yerinə yetirdi. Ordumuz doğma torpaqlarımızı işğaldan azad etməklə beynəlxalq hüququ da bərpa etdi.

Azərbaycan işğalçı Ermənistana hər iki tərəfin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı nəzərə alınmaqla 5 bənddən ibarət prinsip təqdim edib. Dövlətimiz məhz bu bəndlər əsasında sülh sazişinin bağlanması barədə öz fikrini bütün beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırıb. Həmin bəndlər beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor