21 sentyabr 2022 13:11
602

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr: Azərbaycanın beynəlxalq nüfuzu artır

Sentyabr ayının 16-cı günü tarixi Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı öz işinə başladı. Hal-hazırda doqquz ölkənin üzv olduğu regional növlü təşkilat 2001-ci ildə yaradılmışdır. 9 Ölkədən əlavə olaraq, təşkilatda 3 müşahidəçi dövlət də mövcuddur. Mərkəzi Pekin olan təşkilatın məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə işlərin görülməsi və bunun davamlı şəkildə təmin olunmasıdır. 2015-ci ilin 10 iyul tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir.

Qeyd etdiyim kimi, 16 sentyabrda ŞƏT-in 22-ci iclası öz işinə başladı. Üzv ölkələrlə bərabər, dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan Respublikasını sammitdə cənab prezident İlham Əliyev təmsil etdi. Öz çıxışında bir sıra məsələlərə yer ayıran və bütün dünyaya çatdıran prezident gündəmin hərbi-siyasi tərəfi sayılan sərhəd toqquşmaları, Ermənistan təxribatları və ümumiyyətlə Qarabağda olan siyasi düyünün illərlə bağlı qalması, lakin 2020-ci ildə açılması haqqında öz fikirlərini bildirib. Belə ki, 13 sentyabr tarixində Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı və öncədən planlaşdırılan hərbi təxribat törətməsi və bunun nəticəsində regionda gərginliyin artması göz önünə gətirildi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alması və düşmənə öz həddini bildirməsi də vurğulanıb. Bütün bu və bu kimi hərəkətlər etməklə təbii ki, Ermənistan sülh prosesinə böyük zərbə vurur və regionda əmin-amanlığın, sabitliyin təmin olunması yolunda əsaslı işlər görməyə çalışan Azərbaycanın fəaliyyətinə mane olur. 1993-cü ildə BMT TŞ-nın Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən dörd qətnaməsi uzun bir zaman kağız üzərində qaldı. Həmin qətnamələri icra etmək məsələsi BMT üçün çox "çətin" bir məsələ oldu. Nəhayət ki, 2020-ci ildə Azərbaycan ordusu həmin qətnamələri icra etdi. Müzəffər ordumuz 44 gün ərzində işğal altında olan torpaqlarımızı öz gücü hesabına azad etdi. Bütün bunlar bir daha sübut etdi ki, həmin qətnamələr və onları qəbul edən BMT heç bir siyasi nüfuza malik deyil. Müasir dünyamızda BMT heç bir işə yaramır.

Xülasə, Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci iclasında Prezidentimiz cənab İlham Əliyevin də yer aldığı liderlər masasında müzakirə olunan məsələlər və yeni reallıqlara aparan söhbətlər yaxın gələcəkdə regional olaraq böyük bir rola sahib olacaqdır.

Mais Günəşli,
YAP-ın gənc fəalı