21 sentyabr 2022 13:05
612

Ermənistan tərəfi hər cür vasitələrlə sülh prossesini ləngitməyə çalışır

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin yenidən üçtərəfli Bəyanatın şərtlərini, beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq genişmiqyaslı təxribat törətmələri onların işğalçı siyasətindən əl çəkmədiyini bir daha bəyan etmiş oldu. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında Ermənistanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu bildirib. Deyib ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu gün Ermənistanın törətdiyi təxribatların Azərbaycan xalqının Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışına zərbə vurmaq, geniş abadlıq-quruculuq işlərini ləngitmək, eləcə də sülh sazişinin imzalanmasını gecikdirmək kimi məqsədin dayanması şübhəsizdir. “Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik”, - deyə Azərbaycan Prezidenti Səmərqənddə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Ümumiyyətlə, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlardan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri almışdır.

Bütün qarayaxmalarına və düşmən ölkələrin dəyirmanlarına su tökmələrinə baxmayaraq 44 günlük Vətən müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında bütün strateji hədəflərinə çatır və birlik bizi yeni-yeni zəfərlərə aparacaq.

Cari ilin 27 iyun tarixində möhtərəm  Prezidentimiz cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir: "Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir."

Son zamanlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində aşkar edilmiş minaların 2021-ci il tarixində Ermənistanda istehsal olunduğunu təsdiq edən faktların üzə çıxması, Ermənistanın kommunikasiyaların və nəqliyyat marşrutlarının açılmasında maraqlı olmaması, eləcə də sülh danışıqlarına dəstək verməməsi bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərinə doğru inamla irəliləyir və istədiklərinə nail olur. Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzu və ordumuzun peşəkarlığının gündən-günə yüksəlməsi sübut edir ki, bizim daha böyük uğurlarımız hələ qabaqdadır.

İslam Bafadarov,
YAP-ın gənc fəalı