21 sentyabr 2022 12:50
653

Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasət yürüdür

Doğma vətənimiz olan Azərbaycan günü-gündən gözəlləşir, inkişaf edir. Dövlət başçımızın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət respublikamızı inkişaf etmiş dövlətlər sırasına qoşmaqdadır. Dünyanı maliyyə və iqtisadi böhranın bürüdüyü bir vaxtda Azərbaycanda həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, o cümlədən sosial proqramlar ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, əhalinin həyat səviyyəsini də daha da yaxşılaşdırır. Bu uğurlar beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilbəil artmaqdadır. Son illər nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin rəhbər şəxslərinin  Azərbaycana səfərlərinin intensiv xarakter almasının əsas səbəblərindən biri də budur. Ölkəmizin  beynəlxalq müstəvidə nüfuzunun güclənməsi baxımından bu səfərlərin əhəmiyyəti  çox böyükdür.  Bu nüfuzun qazanılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda  Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Həmin siyasətin nəticəsi olaraq, hazırda Azərbaycan regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir. Prezident İlham Əliyevin milli maraqlara söykənən  praqmatik siyasəti Azərbaycanın uğurlarının əsas təminatı kimi öz bəhrəsini verib. Əldə olunan nəticələr, Azərbaycanın dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərdiyini sübut edib. Ən əsası isə müstəqil Azərbaycan dövlətinin daha parlaq gələcək üçün qələbələr, nailiyyətlərlə dolu tarixinin yeni səhifələri açılıb. 

Bundan əlavə Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Qarabağ münaqişəsinin həlli regionumuzda bir sıra layihələrin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və bu bütün ölkələr üçün faydalı olacaq. Buna görə də Zəngəzur dəhlizinin açılmasında dünya ölkələri maraqlı olmalıdırlar. Zəngəzur dəhlizinin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar haqq-ədalətin bərpa edilməsinə töhfə vermirlər. Biz bunu torpa2qlarımız işğal altında olanda da görürdük. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Biz öz haqq məsələmizi öz ordumuzun gücünə həll etdik. Azərbaycan hər zaman beynəlxalq hüququqa əsaslanan siyasət yürüdür və bu hər zaman belə olacaq.

Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı