Ölkəmizin əlverişli coğrafi mövqeyi, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Bu, həm də beynəlxalq əməkdaşlıq formatı yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.
Qeyri-neft sektorunun inkişafı üzrə prioritet sahələrdən biri kimi logistika sektoru iqtisadiyyatın digər sektorlarının bir-biri ilə əlaqələndirilməsində mühüm amil kimi çıxış edərək, bu sektorların inkişaf etməsində təkanverici qüvvə rolunu oynayır. Ümumi iqtisadi tərəqqi baxımından logistika sektorunun gücləndirilməsinin vacibliyi və mövcud potensial nəzərə alınaraq bu sahədə mühüm hədəflərə nail olmaq qarşıya məqsəd kimi qoyulub.
Azərbaycanın tranzit imkanları və nəqliyyat-logistika imkanları dünyanın bir sıra ölkələri tərəfindən yüksək qiymətləndirilir. Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan ölkəmizin nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəlidir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması Azərbaycanın mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.
Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Koordinasiya şurasının əsas vəzifələri daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, onların sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqindən ibarətdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətə başlaması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirib. Ölkəmizin tranzit imkanları ilə bağlı fikir səsləndirərkən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Xəzər dənizinin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkədir. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirilməsi ölkəmizin ən mühüm nailiyyətlərindəndir. Üstün coğrafi mövqeyə malik olan Azərbaycan etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür.
Avropa İttifaqı ölkələri ilə nəqliyyat-logistika sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın coğrafi və iqtisadi imkanlarını düzgün qiymətləndirərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı əməli işlər görüb. Bu istiqamətdə Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətlərinin iştirakı ilə “ТRACECA – tarixi İpək yolunun bərpası” beynəlxalq konfransı keçirilib. Məhz bu önəmli tədbirdə Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulub. Ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın hərtərəfli inkişafı ilə paralel, ölkəmizin nəqliyyat-tranzit potensialının müasirləşdirilməsi istiqamətində nəhəng layihələr reallaşdırılır. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının tələblərinə uyğun həyata keçirilən bütün layihələr Azərbaycanın strateji dəyərini daha da artırır.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir