Artıq həllini tapmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək lazımdır. Tarixi faktlar göstərir ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının şəxsi siyasi maraqlarına xidmət etmişdi.1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xan və Rus imperatoru Sisianov arasında Kürəkçay müqaviləsi imzalandı. Bu müqavilə ilə Qarabağ xanlığı Rusiyanın hakimiyyəti altına keçdi . 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı..
Qarabağ münaqişəsinin 20 faiz ərazisi işğal olunmuş, 1 milyon insanı məcburi köçkünə çevrilmiş tərəf kimi Azərbaycanın Minsk qrupundan qanuni və haqlı gözləntilərini lap əvvəldən bu qurumun həmsədrlərinin öz aralarındakı qeyri-həmrəyliyi, bir-birinə qarşı hegemon mövqeləri və münaqişə tərəflərinə subyektiv münasibətləri ciddi şübhə altına almışdı. Qarabağ davasının alovlanmasına imkan yaratmış SSRİ superdövlətinin varisi olan birinci həmsədr dövlət Rusiyanın münaqişənin həlli ilə bağlı daim üstün mövqe sərgiləməsi, Cənubi Qafqazdakı bu qarşıdurmadan regionda təsirinin güclənməsi vasitəsi kimi yararlanmağa çalışan ikinci həmsədr ABŞ-ın, hər şeydən əvvəl, öz maraqlarını önə çəkməsi, təpədən-dırnağa qədər ermənipərəst ölkə olan üçüncü həmsədr Fransanın isə Azərbaycana birtərəfli və əsasən qərəzli münasibəti ATƏT-in Minsk qrupunun fəaliyyətini 28 il imitasiyalar silsiləsinə çevirdi.
Azərbaycan dövlətinin rəhbərləri – ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu qurumun aldadıcı, konkret nəticəyə yönəldilməyən təsirsiz fəaliyyəti barədə davamlı xəbərdarlıqlarına baxmayaraq, Minsk qrupu bu mövqesizliyi ilə Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinin davam etməsinə şərait yaratdı, öz işində nəinki illəri, eləcə də on illəri bir-birinin ardına düzdü. Nəhayət Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 ildən bəri icrasız qalmış 4 qətnaməsinin və öz ərazi bütövlüyünü təmin etmək barədə beynəlxalq hüququn verdiyi mötəbər əsaslarla işğalçı Ermənistanın silahlı birləşmələrini əzərək Qarabağdan qovub çıxardı. Bununla Minsk qrupunun on illər boyu uzadıb həll etmədiyi Qarabağ münaqişəsinə hərbi yolla son qoyuldu və bu qurumun mövcudluğuna isə bir ehtiyac qalmadı.
Təcavüzkar Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsini beynəlxalq hüququn ən kobud şəkildə pozulması halı kimi aradan qaldırmalı olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın səmərəsiz fəaliyyətinin, əslində, nəticəsiz qalmış fəaliyyətsizliyinin özü dünyanın çağdaş siyasi tarixinə beynəlxalq hüququn biabırcasına hörmətdən salınması faktı kimi daxil oldu.
Prezident İlham Əliyev qətiyyətlə bəyan etdiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” həqiqətini reallığa çevirdi, nəinki işğalçıların “bufer zona” kimi qələmə verdikləri yeddi rayon, özü də onların üçü bir güllə atılmadan işğaldan azad olundu, Hadrut və Şuşa da ətraf əraziləri ilə birlikdə düşməndən təmizləndi. Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdə yaşayan ermənilər isə gec-tez öz gələcək talelərini müəyyənləşdirməli olacaqlar.
Hazırda isə dövlətimizin başçısının və onun rəhbərliyi ilə hökumətimizin diqqəti işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə, bərpa-quruculuq işlərinin sürətlə aparılmasına yönəlsə də, sosial-iqtisadi inkişaf tədbirləri, ümumiyyətlə, respublikanın hər yerində eyni templə davam etdirilir. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Prezident fərmanı tarixi Zəfərdən sonra ölkəmizin həyatında başlayan yeni mərhələdə şəhər və rayonlarımızın davamlı və tarazlı inkişafını nəzərdə tutur. İqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir. Bu bölgü eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun inkişaf strategiyasını digər iqtisadi rayonlar ilə qarşılıqlı şəkildə uzlaşdırır.
Bu tarixi fərman özünün iqtisadi mənası ilə bərabər, böyük siyasi əhəmiyyətə də malikdir. Belə ki, hazırda ermənilərin yaşadıqları ərazilərin bilavasitə Azərbaycanın iqtisadi rayonları tərkibində təsbit edilməsi bədnam “status” nisgili ilə yaşayanlara siyasi-hüquqi cəhətdən sərt və qətiyyətli cavabdırsa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycanın tarixi, əzəli torpağı olan Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinə, böyük türk dünyasının coğrafi baxımdan parçalanmasına son qoymaq, tarixi ədaləti bərpa etmək addımı, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” deyən Prezident İlham Əliyevin yenilməz iradəsinin və qətiyyətinin ifadəsidir.Təəssüf ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir. Bununla belə cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyət, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür. Belə ki, bu ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, gələn ilin büdcəsində də həmin həcmdə vəsait nəzərdə tutulub.
Bu gün Azərbaycan təcrübəsində ərazilərin tammiqyaslı bərpasının nadir nümunəsi həyata keçirilir və bütün işlər Strateji Fəaliyyət Planına uyğun olaraq, vahid konsepsiya əsasında aparılır. Qardaş Türkiyə və digər dost dövlətlər Azərbaycana bərpa-quruculuq işlərində böyük dəstək verirlər. “Biz Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” - cənab Prezidentin bəyan etdiyi məqsəd belədir. O, 1994-cü ilin “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının baş icraçısı olduğu kimi, bu gün də Qarabağ və Şərqi Zəngəzur torpaqlarında 2021-ci ildən başlanan “Əsrin tikintisi”nin baş icraçısıdır. Prezident İlham Əliyevin birinci xanım Mehriban xanımla və övladları ilə tez-tez Qarabağa, Şərqi Zəngəzura səfər edib, bərpa-quruculuq işləri ilə yerində tanış olması bu torpaqlara daimi sakinlərin, yurd həsrətinə son qoyulmuş həmvətənlərimizin tezliklə qayıdacaqlarını rəmzləşdirir.
Azərbaycan Prezidentinin bölgəmizdə dayanıqlı sülhün bərqərar edilməsi uğrunda apardığı gərgin mübarizə də dünyada rəğbətlə qarşılanır. Hərçənd hələ də Ermənistanda revanş arzusunda olanlar, xam xəyallarla yaşayanlar var. Dövlətimizin başçısının bu günlərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində Belçika Krallığının paytaxtı Brüsseldə keçirdiyi görüşlər onun sülh təşəbbüslərinin Avropa məkanında qəbul edildiyini, üstəlik, ermənilərin inzibati mövcudluğunu çoxdan itirmiş ərazinin “statusu” barədə ümidlərinin tamamilə puça çıxdığını bir daha təsdiqlədi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ömrünün ən gözəl çağında, möhtəşəm dövlətçilik fəaliyyətinin məhsuldar dövründədir. Xalqın qəhrəmanı olmaq və ata vəsiyyətini yerinə yetirmək, otuz ildən sonra Qarabağın, Şərqi Zəngəzurun günbəgün dirçəldiyini görmək onun taleyinə yazılmış çox böyük xoşbəxtlikdir. Dövlətimizin qüdrətli rəhbərinin, xalqımızın qəhrəman liderinin bundan sonra da Azərbaycanı yeni-yeni zəfərlərə çatdıracağına əminik.
Elçin Abasov,
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (QSC) ”Zığ ” Gəmi Təmiri və Tikintisi Zavodu Texniki Nəzarət Şöbəsini rəisi,
YAP-ın fəal üzvü
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir