ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ - Qızıl Orda və ondan törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik oçerklər)
H Ə Ş T Ə R X A N X A N L I Ğ I
Dərviş Əlinin düşdüyü “çıxılmaz vəziyyət” türk-İslam mədəni arealında hökm sürən kompleks etik-siyasi baxışlarla, xüsusən Darül-İslam/Darül-hərb əksliyi ilə şərtlənirdi. Bilindiyi kimi, şər`i baxımdan İslam torpaqları kafir tərəfindən tutulan andan hərb səbəbinə (müharibə predmetinə) çevrilirdi. Bu vəziyyətdə xan- kimliyindən asılı olmayaraq- ya dövlətin suverenliyi uğrunda döyüşüb, yeri gəlsə, canını verməli, ya da aqibəti ilə barışıb şərəfini itirməli idi. Dərviş Əli yaxşı bilirdi ki, o, hansı yolu tutursa-tutsun, Darül-İslam torpağının kafirlər tərəfindən işğal olunması müsəlman aləmi üçün keçilməsi mümkün olmayan bir qırmızı xətdir və sona qədər qəbul edilməyəcək. (Sonrakı hadisələr də bu fikrin doğruluğunu göstərdi.) Digər tərəfdən xan belə vacib qərarları təkbaşına vermirdi. Üləma saray və xalq üzərində müstəsna təsir imkanlarına malik idi (qazılər təslim aktını təsdiq etməli, müvafiq fitva çıxarmalı idilər). Ən böyük məhdudlaşdırıcı isə, əlbəttə ki, ordunun (və dövlətin!) dayağını təşkil edən güclü tayfa birliklərinin başçılarından ibarət Dövlət Şurası idi. Qızıl Ordanın “qız xanlıqlarında” Dövlət Şurası geniş səlahiyyətlər daşıyırdı. Bu kollegial idarəçilik orqanına daxil olan (və hətta olmayan) tayfa başçıları eyni zamanda türk törəsinin, Çingiz yasalarının mühafizi funksiyasını daşıyırdılar və xan, istəsəydi belə, onların qərarlarına qarşı çıxa bilməzdi. Üstəlik Kazanda baş verənlər rusların işğal planlarında pravoslav-dini görüşlərlə hərəkət etdiklərinə şübhə yeri qoymurdu. Çar İvan Qroznının hərbi təcavüz siyasəti bütün müsəlman aləmində ortodoks xristianlığın səlib ideologiyası ilə eyniləşdirilir, bu iki xəttin paralel yürüdüldüyü düşünülürdü. Qəza anlayışı çərçivəsində bunun əksini düşünmək belə mümkün deyildi. Qarşı tərəf də Qızıl Orda torpaqlarına hücumları dini motivlərlə əsaslandırır, xristian-müsəlman qarşıdurmasını körükləməkdən çəkinmirdi. Yuxarıda IV İvanın 1554-cü ildə Polşa-Litva çarına göndərdiyi seunçu xatırlatdıq. Həmin məktubda açıq-açığına deyilirdi ki, guya rus voyevodaları Həştərxana xristianların qanının tökülməsinə cavab olaraq göndərilmiş, Allah “bizə və bütün xristianlara kömək olmuş”, xanlıq ələ keçirilmiş, müsəlman əhalidən qisas alınmışdır.
Əsil həqiqətdə, nə 1554-cü, nə də 1556-cı ildə rus qoşunları Həştərxana girərkən ciddi müqavimətlə üzləşməmişdilər. Yağmurçu xan da, Dərviş Əli xan da Kazanda baş verən dəhşətlərin təkrarlanmaması üçün şəhəri boşaltmış, sonra özləri də tərk etmişdilər. Əhalinin bir hissəsi Noqay Ordasına, bir hissəsi Krım xanlığına köç(ürül)müşdü. 1556-cı ildə Həştərxana daxil olan rus voyevodaları İvan Çeremisinov və Mixail Kolupayevin dediklərindən məlum olur ki, bu dəfə şəhər həm də yandırılıbmış. (Burada söhbət müharibələr zamanı tez-tez istifadə olunan “yandırılmış torpaq” taktikasından gedir. Bu zaman sakinlər düşmənə təslim edilən, yaxud onun keçəcəyi ərazilərdən köçürülür, ərzaq və yem ehtiyatları daşınır, suvarma kanalları, kəhrizlər torpaqla doldurulur, otlaqlar, taxıl və əkin sahələri məhv edilir, bir sözlə, ərazi yaşayış üçün yararsız vəziyyətə salınırdı.) Salnamələrdə bildirildiyinə görə, İvan və Mixayla burada qaldıqları müddətdə əsasən dağıdılmış infrastrukturun bərpası ilə məşğul olmuş və şəhərin müdafiəsini gücləndirmişdilər. (A.Şpakovski və bir sıra başqa müəlliflərə görə, “Həştərxanın ilk voyevodası olan Çeremisinov baş verə biləcək təhlükələrdən qorunmaq üçün mövcud şəhərdən 9 verst aşağıda, bir təpə üstündə yeni şəhərin əsasını qoydu və onun ətrafına ağac materialdan divar çəkdirdi, səngər və xəndəklər qazdırdı. İnzibati idarənin yerləşdiyi yeni şəhər tezliklə ticarət mərkəzinə çevrildi”.)
Həştərxan xanlığının Rusiyaya birləşdirildiyi rəsmən elan olunandan sonra “mirzələr və qara tatarlar” siyahıya alınmış, yasağa (vergiyə) bağlanmışdılar. Tez-tez pusqular qurub, rus qoşunlarına gözlənilməz zərbələr endirən, ticarətə güclü ziyan vuran Dərviş Əli ilə mübarizə bütün 1556-cı il boyunca davam etmişdi. Bu vaxt İsmayıl Mirzə yenidən Noqay Ordasında hakimiyyəti ələ almış, qardaşı oğulları ilə barışmış və onlarla birlikdə Dərvişə qarşı cəbhə açmışdı. İsmayıl yerli əhalini öz tərəfinə çəkir, müttəfiqlərindən onsuz da məhrum olmuş Dərvişi daha da zəiflədir, onun tərəfində döyüşən noqaylılara və həştərxanlılara “şərt”lər göndərib, silahı yerə qoymaq üçün çağırışlar edirdi. Çar ordusunun komandanlığı İsmayıl Mirzə qarşısında Krımdan göndərilmiş Osmanlı toplarını Dərvişin əlindən almağı əsas məsələ kimi qoymuşdu ki, çox keçmədən Yunus bəy bu işin öhdəsindən də gəldi.
Artilleriya imkanlarından məhrum olandan sonra artıq müqavimət qüvvəsini büsbütün itirən Dərviş Əli noqayların təqibindən Azov qalasına qaçaraq, Osmanlı qoşunlarına sığınır, sonra isə ibadət yolunu intixab edir və Məkkə ziyarətinə yola düşür. Lakin İ.Zaytsevin də yazdığı kimi, “1554-1556-cı illərdə Həştərxanın Moskva dövlətinə birləşdirilməsi çar hakimiyyətinin burada tam qərarlaşdığına dəlalət etmirdi. Bir çox tarixçilərin fikrincə, moskvalılar hələ uzun müddət özlərini Aşağı Volqanın tam hüquqlu sahibi hiss edə bilmir, bu böyük çayın yalnız dar bir sahil şəridini nəzarətdə saxlayırdılar”.
Moskva Həştərxana münasibətdə Kazandakından daha ehtiyatlı davranır, burada xristianlaşdırma və ruslaşdırma siyasətini bir o qədər də qəddarlıqla yeritmirdi. Doğrudur, Həştərxanda da mirzələrin və onların yaxınlarının xaç suyuna salınıb, tənəssür etdirildiklər (xristianlığa döndərildikləri) məlumdur. XVI əsrin ikinci yarısına aid sənədlərdə Həştərxan aristokratiyası nümayəndələrinin könüllü şəkildə Rusiyaya xidmət etmək istədikləri, hətta Posol Prikazının icazəsi ilə Moskvaya və şəhərətrafı qəsəbələrə köçüb getdikləri, orada malikanə və qəsrlər aldıqları haqqında qeydlərə tez-tez rast gəlmək olur. V.N.Tatişev bu əyanların bəzilərinin soyadlarını da xatırladır: şeydakovlar, urusovlar, baxteyarovlar və s. İ.Zaytsev isə 1565-ci ildə Həştərxan mirzələri arasında Litva ilə müharibədə Moskva tərəfdən iştirak edənlər olduğunu nəzərə çatdırır. Amma onu da qeyd etməyi yaddan çıxarmır ki, Həştərxan cucilərinin başqa bir qrupu da Krıma köçmüş və Moskva əleyhinə fəaliyyətlərə qoşulmuşdu. Həştərxan əyanlarının başqa bir nəsli isə Şeybanilərə sığınmış və sonradan hakimiyyətə gəlmiş “Həştərxanilər” sülaləsinin əsasını qoymuşdu. Eyni zamanda Kazandakı kimi Həştərxanda da rusların və xristian dininə etiqad edən digər köçkünlərin məskunlaşmasına şərait yaradılması, kilsələr və monastrlar tikilməsi haqqında IV İvanın məxsusi fərman və qərarlar verməsi mənbələrdə əksini tapıb. Yerli ruhanilərdən J.Jabbarovun sözlərinə görə, tezliklə arxiyepiskop təyin olunmuş Feodosinin buyruğu ilə burada da pravoslav kilsələri tikilmişdi. Bununla belə İ.Pokrovski Kazan xanlığı ilə müqayisədə Həştərxanda istehkam və qalalar salınmasının xeyli ləng getdiyini söyləyir: “ölkə uzun müddət çöllük olaraq qalırdı”. 1562-ci ildə İsmayıl Mirzə ilə Moskva arasında məktublaşmalarda əksini tapan bəzi məsələlər də artıq rus hökumətinin ehtiyatlı mövqe tutduğunu göstərir. İsmayıl vaxtilə ona düşmənçilik etmiş Həştərxan bəylərinin dərhal cəzalandırılıb sürgünə göndərilməsini istəyirdi. Lakin ona cavab vermişdilər ki, “həmin knyazların bu tezliklə sürülməsi mümkün deyil. Çünki Həştərxan alınmazdan qabaq biz onlara toxunmayacağımıza dair vəd vermişik. Həm də belə etsək, başqa yerlərdə bunu dini məsələ ilə əlaqələndirə bilərlər”. İ.İ.Polosin “başqa yerlər” deyiləndə Osmanlı dövlətinin nəzərdə tutulduğunu bildirir və zənnimizcə, düşüncəsində yanılmır.
Rus çarı Kazan və Həştərxanın ilhaq olunduğu 50-ci illərdə də sərhədləri Avropa, Asiya və Afrika qitələrini əhatə etməklə böyük canlı qüvvə və maddi ehtiyatlara, güclü hərbi potensiala malik Osmanlı dövləti ilə açıq qarşıdurmaya getmək istəmir, “sülhpərvər” siyasətini davam etdirirdi. 1554-cü ildə bəzi çərkəz bəylərinin Osmanlı sultanına qarşı döyüşmək üçün onlara hərbi yardım göndərmək haqqında xahişinin rəsmən və nümayişkəranə şəkildə rədd edilməsi də həmin siyasətin göstəricisi idi. Bununla belə Moskvanın hərbi strategiyasının ana xəttini Cuci ulusunun bütün torpaqlarının, o cümlədən, Krım xanlığının ələ keçirilməsi təşkil edirdi və 1555-1558-ci illərdə A.F.Adaşevin təsiri altında bununla bağlı əməliyyat planı da tərtib olunmuşdu. Hətta 1559-cu ildə Adaşevin qoşunları həmin plan əsasında Krıma yürüş etmiş, xanlığının ərazisinə girmiş, ilk döyüşdə müəyyən uğur da qazanmışdı. Amma bütün qüvvələrini Livon müharibəsi (1555-1583) cəbhəsində cəmləşdirmək zərurəti İvan Qroznının bu plandan imtina etməsinə səbəb olmuş, Adaşevə isə “sultanın xatirinə” əsirləri buraxmaq əmri göndərilmişdi.
Osmanlı dövləti də eyni ehtiyatkarlıqla hərəkət edirdi: öz tərəfindən pariteti qoruyur, vaxtı çatmamış hərbi münaqişəyə girməkdən çəkinirdi. Qanuni Sultan Süleyman 1555-1559-cu illərdə Moskva və Litva arasında Krım xanlığına qarşı koalisiya yaradıldığını bildiyi halda məsələyə münasibətini açıqlamamışdı. Lakin Kazandan fərqli olaraq, Həştərxan xanlığının qəsb edilməsinə etinasız da qalmamışdı. Ə.Kuratın fikrincə, Yağmurçu da, Dərviş Əli də öz yaxın adamları ilə birlikdə Osmanlı dövlətinin himayəsinə sığınmışdılar. Yağmurçu xanın aqibəti haqqında Moskvanın rəsmi mövqeyi belə idi ki, guya o, Volqanı keçərkən çayda batıb. Amma onun 20 nəfərlik məiyyəti ilə birlikdə əvvəlcə dəniz yolu ilə Azov qalasına, sonra isə İstanbula qaçması məlumatı daha səhihdir. Belə ki, 1568-ci ildə Sultan II Səlimlə Dövlət Girey xan arasında yazışmalarda Yağmurçu xandan da söz açılır. Y. Öztuna isə Dərviş Əlinin öz varisləri ilə İstanbulda sığınacaq tapdığını yazır. Osmanlı dövlətinin “Mühümme dəftərləri”ndə onun oğlanlarına (birinin adı da çəkilir- Məhəmməd) 30 axça məbləğində vəsait ödənildiyi haqqında 1560-cı il 20 mart tarixli bir qeydin mövcudluğu təkzibolunmaz dəlildir.
Lakin Osmanlı-Moskva münasibətlərində qarşılıqlı ehtiyatkarlıq uzun sürmədi. Kazanın ardınca Həştərxan xanlığının itirilməsi tez bir zamanda rus təhlükəsinin real konturları haqqında təsəvvürləri dolğunlaşdırdı. Təhlükənin miqyasları dəqiqləşdikcə Osmanlı dövləti də, Krım xanlığı başda olmaqla qonşu dövlətlər də Qızıl Orda yurdlarının müqəddəratı üçün tarixi məsuliyyət daşıdıqlarını bütün aydınlığı ilə dərk edir, təşəbbüsü ələ almaq, “beynəlmiləl” müqavimət hərəkatına başlamaq məqsədi ilə aktiv fəaliyyətə keçirlər. 1563-cü ildə Qanuni Sultan Süleyman Həştərxan səfərinə çıxmaq istəyirsə də, Malta ilə münaqişə yarandığından yürüşün istiqamətini dəyişdirməli olur. Ancaq Həştərxan məsələsi gündəmdən çıxmır. X.İnalcığın fikrincə, “Bu siyasətin aparıcı qüvvəsi rolunu Krım xanlığı oynayır. Lakin artıq tək krımlılar deyil, qıpçaq çölündə köçəri həyat sürən noqayların bir hissəsi (“Kiçik noqaylar”), Orta Asiya türkləri, Xarəzm xanı da “xəlifeyi-ruyi-zəmin” adlandırdığı Osmanlı padşahını qüvvələri rus-kazak qoşunlarına qarşı birləşdirməyə çağırırlar”. Xarəzm xanlığında Rusiyaya qarşı düşmənçilik atmosferinin Həştərxanın işğalı ilə xüsusilə şiddətlənməsini T.Korayev də qeyd edir.
Artıq İvan Qroznı Osmanlının qırımının dəyişdiyini anlamamış deyil. İlk tədbir kimi Afanasi Naqoyun səfarəti (1563-1564) vasitəsi ilə gərginliyi diplomatik yolla yumşaltmağa çalışır. Hətta 1564-cü ilin əvvəllərində Baxçasarayda Krım xanlığı ilə bir müqavilə də imzalayır. Amma bütün səylər boşa gedir: üstündən bir neçə ay keçməmiş həmin əhdnamə Dövlət Girey xan tərəfindən pozulur. Bu ərəfədə hələ İstanbulda olan rus səfiri A.Naqoy dağ çərkəzlərinin, həştərxanlıların, kazanlıların və noqayların tələbi ilə Krım xanlığı və Osmanlı ordusunun Həştərxan üzərinə yürüş hazırlığına başladıqlarından Moskvanı xəbərdar edir. Yürüşün planlaşdırılması ilə əlaqədar Sultan Səlimin Xivə xanı (onu “Xarəzm xanı” adlandırsaq, daha doğru olar, Xivə bu xanlığın paytaxtı idi) Hacı Məhəmmədə məktub da yazdığı məlumdur.
Osmanlının II Səlim dövründə Aşağı Volqa hövzəsi, xüsusən Həştərxan uğrunda mübarizədə fəallaşması müxtəlif amillərlə şərtlənir; burada din amili də, dövlətin hərbi-starteji maraqları da bir-birinə çulğaşmış şəkildə öz rolunu oynayır. Moskva Rusu Həştərxanı işğal etdikdən sonra Böyük və Kiçik Noqay Ordaları hüdudlarına çıxmış, oradan da aşağı enərək adıq (adıgey) bəylikləri ilə təmasa başlamışdı. Artıq Qafqaz yolu onların qarşılarında taybatay açılmışdı. Osmanlı və Səfəvilər arasında sıxılmaqdan yorulmuş gürcü knyazları- Baqrationilər nicatlarını şimal istiqamətdə ararmağa, çar İvanın simasında öz hamilərini görməyə başlayırdılar (1586-1587-ci illərdə Kaxetiya çarı II Aleksandre rus təbəəliyini qəbul etmişdi. Şimali Qafqazda böyük nüfuza malik Tərki şamxallığı (rus mənbələrində “Tarkov” və ya “Şavkil torpaqları) “ağ padşah”a biət etmiş və ruslar Sunja çayının Terekə töküldüyü yerdə Tərki adında bir qala inşa etmişdilər (1567). Sokullu Məhməd Paşanın Don və Volqa çayları arasında kanal qazdırıb Qara dənizlə Xəzəri birləşdirmək planı hər şeydən əvvəl türk dəniz qüvvələrinin və ticarət gəmilərinin Xəzərə yolunu açmaq məqsədi daşıyırdı. İkinci bir tərəfdən bu bölgə Səfəvilərlə aparılan uzunmüddətli müharibədə Osmanlı qoşunları üçün başlıca platsdarm kimi önəm daşıyırdı. Xəzər dənizinə çıxmaq həm də hərbi-strateji vəsifələrin həliinə hesablanmışdı və İranı şimaldan mühasirəyə almaq məqsədinə xidmət edirdi. “Giriş əvəzinə bir neçə söz”də də qeyd etdiyimiz kimi, Məhməd Paşanın başlıca hədəfləri sırasında rusları Şimali Qafqaz və Aşağı Volqa hövzəsindən vurub çıxarmaq, İran qoşunlarına arxadan zərbə endirmək imkanı qazanmaq, Osmanlı dövləti ilə Türküstan xanlıqları arasında əlaqə yaratmaq (Səfəvilərlə apardığı müharibədə Orta Asiya müsəlmanları, ələlxüsus özbəklər Osmanlını dəstəkləyirdilər) da xüsüsi yer tuturdu. 1567-ci ildə Həştərxana səfər qərarı qətiləşmiş, Krım xanlığına “təhrirat” göndərilmiş, səfərin maddi və mənəvi zərurəti əsaslandırılmış, koordinasiya məsələləri razılaşdırılmışdı. Dövlət Girey xanın padşaha yazdığı məktublardan aydın olduğu kimi, yürüş hazırlıqlarının konkret məsələlərinə dair məsləhətləşmələr ertəsi il də davam etmişdi.
1568-ci ildə İstanbula gəlmiş Xivə elçilərinin Həştərxandan Azov qalasına gedən müsəlman zəvvar və ticarət karvanlarına (çox vaxt zəvvarlarla tacirlər eyni karvanla hərəkət edirdilər) törədilən maneələrdən şikayətlənməsi Osmanlı sultanının səbr kasasını daşıran son damla oldu. Həştərxan Həcc ziyarətçilərinin Məkkəyə getdikləri ənənəvi yollardan birinin üzərində yerləşirdi və istiladan sonra Orta Asiya zəvvarları kafir torpaqlarından keçməyə məcbur olur, bu zaman da müxtəlif əngəllərlə qarşılaşırdılar. (Davam edən Osmanlı-Səfəvi müharibələri türküstanlı zəvvarların Həcc ziyarəti üçün İran yolundan istifadə etmələrinə imkan vermirdi.) 1569-cu ilin yazında Kəfə bəylərbəyi Çərkəz Qasımın rəhbərliyi altında başlanmış yürüş haqqında II Səlimin adından Polşa-Litva kralı Sigizmund Avqusta göndərilən seunçda rəsmi səbəb kimi məhz rusların zəvvar karvanlarına durmadan basqınlar etmələri göstərilmişdi. Məktubda padşahın yürüşə sövq etdiyi hərbi birliklər haqqında da məlumat verilirdi: çərkəz bəylərinə məxsus qoşunlar, Rumeli və Anadolu bölmələri, Krım xanı Dövlət Gireyin sərhəd dəstələri və s. Ə.Dəmir isə bu məlumatı daha da dəqiqləşdirərək yürüşdə iştirak etmək üçün Həştərxan məntəqəsinə göndərilən 3 min yeniçəri və 20 min sipahi ilə birlikdə Silistre, Nigbolu, Köstəndil, Amasya, Canik və Çorum alaylarını da sadalayır, tək Krım qoşununun 30 min nəfər civarında olduğunu bildirir. Rus mənbələrinin, sözsüz ki, xeyli şişirdilmiş rəqəmlərinə görə, Osmanlı tərəfindən yürüşə 80 min nəfərə döyüşçü qatılmış, qazma işləri üçün isə yerli əhalidən 30 min nəfər toplanmışdı. Tarix əsərlərində sonrakı hadisələr bu ardıcıllıqla təsvir edilir: sentyabrda gəmilərlə səfərə çıxan qoşun oktyabrda Don və Volqa çayları arasındakı məsafənin ən dar nöqtəsinə (təqribən, indiki Volqaqrad yaxınlığı) çatır və qazma işlərinə başlanılır. Lakin qışın yaxınlaşması və hava şəraitinin ağırlaşması üzündən qazıntı (işin cəmi üçdə bir hissəsi görülmüşdü) müvəqqəti olaraq dayandırılır, birləşmiş Osmanlı-Krım ordusu 40 günlük ərzaq toplayıb Həştərxana yaxınlaşır və köhnə şəhərin yerində ruslar tərəfindən tikilmiş qalanı mühasirəyə alır. Osmanlıların başının qazıntı işlərinə qarışmasından istifadə edən ruslar qalanın mühafizəsini möhkəmləndirmək üşün vaxt qazandıqlarından mühasirə uzanır və qışı burada keçirmək qərarı verilir. Əvvəlcə qışın bu yerlərdə sərt keçdiyi haqqında dedi-qodu yaymağa başlayan krımlılar çox keçmədən Osmanlı qoşununu təkbaşına buraxıb geri çəkilirlər. Bu əsnada ordugahdakı silah anbarında da şübhəli bir partlayış baş verir. Gözü qorxmuş yeniçərilər bir tərəfdən də qənimət əldə edəcəklərinə ümidlərini itirdikləri üçün üsyan qaldırırlar. Ə.Dəmirin yazdığına görə, hərəkata komandanlıq edən Qasım bəy əskərlər arasında narazılığın get-gedə artdığını nəzərə alaraq, Dövlət Girey xanın da təşviqi ilə taxtadan tikilmiş istehkamı dağıdaraq Azov qalasına dönməli olur. Donanmanın geri qayıtdığını görən çar əskərləri qazma işlərinə cəlb edilən günahsız insanlara divan tutur, mühasirədə iştirak etmiş süvariləri pusquya salırlar. Ağır itkiyə məruz qalan Osmanlı qoşunu özünü Krıma çətinliklə çatdırır.
Beləliklə, çoxdan planlaşdırılan, bir-birindən mühüm hədəflər güdən Həştərxan yürüşü tam surətdə iflasa uğramış, Osmanlı tarixi üçün unikal əhəmiyyətə malik Volqa-Don kanalı layihəsi başlanmadan sona çatmışdı. Əlbəttə ki, hərəkatın dayandırılmasının yüksək səviyyədə razılaşdırılmadan baş verdiyini və sultanın hüzurunda əsaslandırılmadığını düşünmək sadəlövhlük olardı. Həştərxan yürüşündən bəhs edən bir çox tarixçilər diqqəti əsasən mövsümi çətinliklərə, logistik dəstəyin yetərsizliyinə, təxribat-diversiya əməllərinə, işçilərin maaşlarının gecikdirilməsinə və s. amillərə yönəldir, Azov qalasına geri çəkilərkən donanmanın fırtınaya düşüb itki verməsi, minlərlə əskərin isə aclıq və susuzluqdan ölməsi faktları vurğulayırlar. Türk tarixşünaslığında Sokullu Məhməd Paşanın rəqibi vəzir Lala Mustafa Paşanın bu hərəkata əvvəlcədən skeptik yanaşması, Kiprin işğalı məsələsini Osmanlı xarici siyasətində ön plana çıxarması və baş verən İnebaxtı fəlakəti nəticəsində diqqətin cənub cəbhəsindən yayınması mövzuları da daim qızğın müzakirə mövzusu olmuşdur. Ən güclü ehtimal isə Krım xanı Dövlət Gireyin passivliyi, bir çox hallarda açıq hərəkətsizliyi və hətta təxribat törətmə cəhdləri ilə bağlıdır. Dövlət Gireyin öz taxtı üçün nigarançılıq keçirməsi, yürüşdə ikən Sultan Səlimin dəstəyi ilə xanlıqda çevriliş baş verəcəyindən şübhələnməsi, buna görə də tezliklə geri qayıtmaq üçün ikitirəlik yaratmaqdan və pozuculuqdan çəkinməməsi az qala yekdilliklə qəbul olunan qənaətlərdəndir. Mülahizələr içində Dövlət Girey xanın Həştərxan və Dəşti-qıpçaqda Osmanlı hakimiyyətinin möhkəmlənməsini Krım xanlığının müstəqilliyi üçün təhdid hesab etməsi və yürüş planını da məhz bu səbəbdən dəstəkləmədiyi mühüm yer tutur və nə gizlədək, inandırıcı səslənir. Çünki bu fərziyyə Krım xanlarına xas olan ənənəvi və ümumi strateji xəttə tam uyğundur. Dövlət Girey də sələfləri kimi Cuci uluslarını birləşdirməyi arzulayır və bu arzunun gec-tez gerçəkləşdiriləcəyinə səmimi şəkildə inanırdı. Bu versiyanı əsas aldıqda, hətta Dövlət Gireyin- müəyyən müddətə olsa belə,- siyasi məqsədinə çatmaq imkanı qazandığını da deyə bilərik. Zira Həştərxan yürüşündən sonra Osmanlı dövlətinin şimali Qara dəniz və dolayısı ilə Moskva siyasəti ilə bilavasitə məşğul olmadığı və bunu Krım xanlığına həvalə edildiyi tarixi həqiqətdir.
Lakin Həştərxan yürüşündən söz açarkən, süquta uğramasına rəğmən, səfərin diplomatik uğurlarını da yaddan çıxarmaq olmaz. Osmanlı dövləti qarşıya qoyduğu əsas məqsədlərə çata bilməsə belə, bu yürüşdən müəyyən siyasi dividendlər əldə edə bilmişdir. Rusiyanın belə genişmiqyaslı hərbi-siyasi əməliyyatdan vahiməyə düşməsi və bunu gizlədə bilməməsi yürüşün ən mühüm nəticəsi sayıla bilər. Çar İvan hadisələr başa çatandan sonra Osmanlı dövlətinin bu yürüşünün iflasa uğramasından nə qədər sevinirdisə, onun intiqam alacağından, bölgəyə yeni hərbi ekspedisiya göndərəcəyindən də bir o qədər ehtiyat edirdi. Əsas diqqətini Litva ilə apardığı uzun və üzücü müharibədən yayandırmaq isyəməyən rus çarı 1570-ci ildə II Səlimin cülusunu təbrik etmək fürsətini əldən verməyib səfir Novoseltsevi İstanbula göndərdi və aparacağı danışıqlarda onun qarşısına hücum etməmək haqqında müqavilə bağlanmasına nail olmaq vəzifəsi qoydu. Lakin rus səfiri Babi-alidə heç vaxt olmadığı qədər soyuq qarşılandı və təbii ki, bu vəzifənin öhdəsindən gələ bilmədi. Onun vasitəsi ilə göndərdiyi namədə Sultan II Səlim Krım xanlığı və Çərkəz diyarı üzərində mütləq hakimiyyətini vurğulayaraq, iki dövlət arasında sülh yaranmasının əsas şərti kimi çardan Kabardada inşa olunan rus qalasının (Tərki) sökülməsini və Həcc yolunun boşaldılmasını tələb edirdi. Tezliklə Tərki qalası uçuruldu, Orta Asiyadan gələn Həcc və ticarət karvanlarına sərbəst hərəkət imkanı yaradılacağı vəd olundu (bu vaxtdan etibarən mənbələrdə zəvvarlar məsələsinin aktuallığını itirməsi yolun boşaldılması təəssüratı yaradır).
Barışıq əhval-ruhiyyəsinə baxmayaraq, Dövlət Girey xan sultandan aldığı səlahiyyətlər çərçivəsində aqressiv siyasətini davam etdirir, Moskvanı və ətraf əraziləri daimi təhdid altında saxlamaqla Həştərxanı geri qaytarmaq üçün fürsət qazanacağına inanırdı. 1571-ci ildə o, Rusiya torpaqlarına hücuma keçdi, Moskvaya qədər irəliləyərək, şəhər ətrafına od vurdu, alov mərkəzə qədər yayıldı və bəzi mülahizələrə görə, şəhər tamamilə yandı. Çar Moskvanı tərk edib, Aleksandrovskiyə sığındı. Sultan II Səlim “İslamın himayəsində göstərdiyi böyük igidliyə görə” Dövlət xanı şəxsən təbrik etdi, ona “taxt alğan” ünvanı, həmçinin “Krım əmiri və paytaxtın sadiq və sevimli dostu” payəsi verdi. Bir il sonra Molodin döyüşündə məğlub olsa da, Dövlət Girey xan gec-tez oğlu Adil Gireyi Kazan və Həştərxan taxtlarına oturdacağına sarsılmaz inamını bir an belə itirmir və yeri gəldi-gəlmədi, rus tərəfindən bunu israrla tələb edirdi. Mənbələrə əsasən, 70-ci illərin ortalarına doğru Moskvada Dövlət xanın Həştərxan üzərinə yeni bir səfərə çıxacağını güman edir və buna hazırlıq görürdülər, hətta dəstək almaq üçün noqaylarla (orada da “Moskva partiyası” yaranmışdı) danışıqlar aparılmışdı. Rus diplomatiyası bir ara özünü hətta Həştərxanı geri qaytarmağa razılaşmıq kimi göstərmiş, əvəzində Ukrayna uğrunda müharibədə Dövlət Gireydən yardım tələb etmişdi.
70-80-ci illərdə Sultan II Səlim və III Murad (1574-1595) Həştərxan və Kazan probleminin həlli üçün konkret addımlar atmır, lakin Dövlət Gireyin apardığı əməliyyatların uğur qazanacağına ümidlərini də itirmirdilər. 1583-cü ildə isə vəziyyət yenidən dəyişdi. Moskva döyüşçülərinin Dağıstandan Krıma gedən Osmanlı birliklərinə hücum etməsi İstanbulun yenidən fəallaşmasına, Həştərxana yürüş planının gündəmə qaytarılmasına səbəb oldu. Qarşıya qoyulan vəzifələr əsas etibarilə Qafqaz və Qara dənizə doğru irəliləyən rusların önünün kəsilməsindən və Krım xanlığının daxili işlərinə qarışmağa başlamış çarın müdaxilə cəhdlərinin qarşısının alınmasından ibarət idi. Lakin Krım xanlığı bu dəfə də Moskvaya səfər etməyin Həştərxana yürüşdən daha effektiv və təhlükəsiz olacağını əsas gətirərək III Murad hökumətini öz fikrinə inandırmağı bacardı. Krımlılar həmişəki kimi, yenə də Həştərxana səfər edərlərsə, yarımadanın müdafiəsiz qalacağından və rusların əks-hücum üçün fürsət qazanacağından ehtiyatlanırdılar. Hətta Osmanlı dövlətinin müdafiə məqsədi ilə bölgəyə donanma göndərmək təklifi də İslam Gireyin (Dövlət xandan sonra 1577-ci ildə taxta o çıxmışdı) şübhələrini ortadan qaldırmadı. Beləliklə, Osmanlı sultanının Həştərxana səfər etmək son təşəbbüsü də reallaşmadı, üstəlik Krım qoşunlarının Moskvaya hücumu baş tutmadı, yaranmış problemlərlə bağlı ruslarla aparılan danışıqlar isə nəticəsiz qaldı. Sonra Avstriya ilə 13 illik müharibənin başlanması ilə Osmanlı dövləti bütün diqqət və resurslarını qərb cəbhəsinə yönəltməli oldu. Krım ordusu da Osmanlı tərəfindən iranlılar, macarlar və avstriyalılarla aparılan müharibələrə sövq edildi, çar hökuməti Volqaboyunda oturuşub möhkəmləndi və nəticə etibarilə Kazan və Həştərxan uğrunda mübarizə bölgənin öz daxilində belə arxa plana keçdi.
Amma mənbələrdən göründüyü kimi, Krım xanları, bütün çətinliklərə rəğmən, Cuci ulusunu bərpa etmək istəklərindən imtina etməmiş, bu iddialarından sona qədər dönməmiş, ölkənin xarici siyasətinin başlıca istiqaməti kimi daim diqqət mərkəzində saxlamışlar. Buna sübut kimi 1654-cü ildə Polşa ilə imzalanmış paktı xatırlatmaq mümkündür. Sənədə xüsusi olaraq belə bir maddə daxil edilmişdi: “Krımın Moskva ilə müharibəyə girəcəyi və Allahın köməyi ilə Həştərxan, Kazan, Terek və Turanı (Sibirdəki Tura şəhəri nəzərdə tutulur-N.M.) alacağı təqdirdə Polşa kralı buna qarşı çıxmayacaq, İslam torpaqları, tatar və noqay xalqları krımlıların hakimiyyəti altına keçəcəkdir”. Zaman isə, bildiyimiz kimi, Krım xanlarının istəkləri əleyhinə işləyirdi. Onlar, bütün siyasi-diplomatik təşəbbüs və səylərinə rəğmən, nəinki Kazan və Həştərxanın azad edilməsinə nail ola bilməmiş, əksinə, tezliklə Qızıl Ordanın son törəməsi olan bu dövlətin özü də tənəzzül və süqut dövrünə qədəm qoymuşdur. Təsadüfi deyil ki, Ə.Dəmirin yazdığına görə, Osmanlı dövləti artıq XVI əsrin sonlarında Krımın Həştərxan məsələsində uğur qazanacağına inanmırdı. Alimin qeyd etdiyi kimi, “1592-ci ildə Osmanlı sultanı Kazan və Həştərxanı ruslardan geri istədi ki, bu da Krım xanının öz məqsədinə çata bilmədiyinə dəlalət edirdi”. Başqa sözlə, Qızıl Ordanın mirasına yiyələnmək istəyən Krım xanlarının bu arzusunun tarixə hələ XVII əsrin əvvəllərindən qovuşduğunu təxmin edə bilərik.
Həştərxanın sonrakı aqibətinə gəlincə, əhalinin uzun müddət rus əsarəti ilə barışmadığını, passiv də olsa, müqavimət göstərdiyini, bölgənin daim Moskva dövləti daxilində baş verən müxalif hərəkatlara səhnə olduğunu cəsarətlə söyləyə bilərik. Misal üçün İ.V.Zaytsev Həştərxan əyanlarının XVI əsrdə baş vermiş qarışıqlıq və hərc-mərclik hadisələrində (ruslar özləri bu dövrü arxaik “smuta” sözü ilə ifadə edir, türklər “qarğaşa” kimi çevirirlər) fəal iştirak etmələrindən bəhs açır. Alimin başqa bir məlumatına görə isə, Həştərxan əsilzadələri XVII əsrin əvvəllərində Moskvadan ayrılaraq Səfəvilər dövlətinə birləşmək planı qururmuşlar. Hətta bu ehtimal rus administrasiyasını qorxuya salacaq qədər yüksək imiş. İ.Zaytsevin “şəhərin sərhəd mövqeyi ilə” izah etdiyi bu məlumatda, çox güman ki, 1651-1653-cü illər Səfəvi-Rusiya müharibəsi ərəfəsində Həştərxanda yaranmış situasiyadan bəhs olunur. Amma həmin siyuasiyanı anlamaq üçün tarixə qısa bir ekskursk etməyə ehtiyac duyuruq.
Səfəvilərin, onlardan əvvəl də sələfləri olan Ağqoyunluların Rusiya və Avropa dövlətləri ilə diplomatik və ticarət əlaqələrini Volqa-Xəzər yolu vasitəsi ilə həyata keçirdikləri “Giriş”də qeyd olundu. Venesiya respublikasından Təbrizdəki Ağqoyunlu sarayına elçi göndərilmiş Ambroco Kontarininin yazdığına görə, 1475-ci ildə o, burada Böyük İoannın (III İvan Vasilyeviç) adından Uzun Həsənlə (1453-1478) danışıqlar aparan Marko Rosso (lat. Markus Rufus) adlı daha bir səfirlə görüşmüş və Moskvaya onunla birlikdə, Dərbənd-Hacı-tərxan marşrutu üzrə getmişdi. Tacir və diplomatların əks istiqamətə, yəni Moskvadan Təbrizə də Həştərxan-Dərbənd-Bakı yolu ilə hərəkət etmələri 1466-1472-ci illərdə İran və Hindistana səyahəti ilə yaxşı tanınan Afanasi Nikitinin “Üç dəniz arxasına səyahət” əsərində ətraflı təsvir olunub. (Yeri gəlmişkən, bu səyyahın əslində bir “ticarət kəşfiyyatçısı” olduğu, “səyahət”ə də İran və Hindistana səfər etmək deyil, Volqaboyundan Dərbəndə, Şamaxı və Bakıya gedən ticarət yollarını öyrənmək məqsədi ilə çıxdığı artıq hamıya məlumdur. Yalnız Həştərxanda gəmilərindən birinin tatarlar tərəfindən ələ keçirilməsi, ikincisinin isə qəzaya uğraması onun aldığı borcları qaytara bilməyəcəyi qorxsu ilə uzaq ölkələrə səyahət etməsinə səbəb olmuşdur.) Deyilənlərdən də aydın gördüyümüz kimi, Rusiya və Səfəvilər arasında Volqa-Xəzər nəqliyyat-tranzit magistralının (Həştərxan-Dərbənd-Bakı-Astarabad) vacib tərkib hissəsi kimi strateji önəm daşıyan Həştərxan bu iki dövlətin əlaqə saxlaması və yaxınlaşması üçün tarix boyu körpü rolu oynamışdır. Xatırlayırsınızsa, oçerklərin girişində Moskva Rusu-Səfəvilər əlaqələrinin mahiyyətini aşkarlamağa çalışmışdıq. Deyilənlərə bunu da əlavə etmək olar ki, I Şah Təhmasib dövründə (1524-1576) Həştərxan yolu ilə Moskvaya mütəmadi elçilər göndərilirdi. Şah Abbas da səltənətinin lap başlanğıcından Rusiya ilə siyasi və ticari münasibətləri möhkəmləndirmək xətti götürmüş, 1592-ci ildə onun Moskvaya göndərdiyi 50 nəfərlik ticarət heyəti ertəsi ilin oktyabrında çar Fyodr tərəfindən qəbul olunmuş, şahın Həştərxan limanında saxlanılmış 4 İran gəmisinin buraxılması xahişi ona çatdırılmışdı. Şah Abbas eyni zamanda çar ordusunu Osmanlı-Səfəvi müharibəsinə də cəlb etmək istəyirdi. İstanbul sülhünün (1590) imzalanmasını fürsət bilərək, o, Moskvaya göndərdiyi elçilər vasitəsilə “ortaq düşmənlə” (yəni, osmanlılarla) birgə mübarizə aparmağı, həmçinin Həştərxan yolunu “düşmən”dən təmizlənməsini rus çarından xahiş etmişdi. (Bu təklifləri bəyənən Fyodr 1598-ci ildə qarşılıqlı dostluq və yardımlaşma andlaşması bağlamaq üçün İrana böyük bir səfarət heyəti yollamış, lakin yolda ikən vəbaya tutulan bu heyətdən Qəzvinə ağır xəstə vəziyyətdə olan cəmi 37 nəfər çatmış, onlar da Şah Abbasın əmri ilə təcili şəkildə geri göndərilmiş və beləliklə, imzalanma baş tutmamışdı.)
Deyilənləri də nəzərə aldıqda aydın görürük ki, Səfəvilərin Moskva çarlığı ilə qarşılıqlı münasibətlərində iki faktor- siyasət və ticarət xüsusi rol oynamış, hər iki vektor üzrə dominant üstünlük Rusiya tərəfində olmuşdur. Yəqin, Osmanlılarla müttəfiqlik məsələsində oxucu üçün qaranlıq bir məqam yoxdur. Ticarətə gəlincə, Səfəvilər dünya ticarət arteriyalarından ayrılmış vəziyyətdə idilər. Qara dəniz Osmanlı imperiyasının, Fars körfəzinin başlıca limanı olan Hörmüz boğazı isə portuqaliyalıların nəzarətində idi. Səfəvilər, ümumiyyətlə, dəniz donanması quruculuğuna girişmir, bu işə maraq göstərmirdilər. Odur ki, dünya ticarətinə yeganə çıxış kimi daim Həştərxan vasitəsi ilə Rusiya yoluna üz tuturdular.
Lakin Osmanlı dövləti ilə Qəsri-Şirin müqaviləsinin (1639) imzalanması Səfəvilərin hər iki vektor üzərində Moskvadan nisbi asılılığını ortadan qaldırmış və onların qarşılıqlı münasibətləri təbii bir şəkildə rəqabət müstəvisinə keçmişdi. Rusların Qafqaza gəlişində müstəsna rol oynamış Səfəvi kaim dairələri onların “müttəfiqlik” niqabı altında gizlətdikləri əsl sifətlərini yalnız bundan sonra görmüş, həqiqi niyyətlərinin bu torpaqların işğalı olduğunu anlamışdılar. Və gec olsa da, onların Qafqazda irəliləməsinə yol verməmək üçün tədbirlər görməyə başlamışdılar. Bu isə labüd olaraq çoxsaylı sərhəd toqquşmalarına gətirib çıxarırdı. II Şah Abbas rusların Şimali Qafqaza nisbətdə işğalçılıq planlarına qarşı ehtiyatı əldən vermir, sərhədlərin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü addımlar atırdı.
1651-1653-cü illər böhranının əsas səbəbi rusların Sunja çayı üzərində qala tikməsi və öz tərəfdarlarını, o cümlədən, quldurluqla məşğul olan kazakları onun ətrafında yerləşdirilməsi, birbaşa vəsiləsi isə 1650-ci ildə həmin kazak dəstələri tərəfindən şirvanlı və dağıstanlı tacirlərin Kabardaya gedən karvanına basqın edilməsi oldu. Girişdə bu məsələyə aydınlıq gətirildiyindən burada onun üzərində ətraflı dayanmağa hacət yoxdur. Yalnız onu əlavə etməyi lazım bilirik ki, münaqişəni kökündən həll etmək istəyən II Abbas Şamaxı bəylərbəyi Xosrov xana Sunja istehkamını dağıtmaqla bərabər Həştərxan üzərinə yürüş etmək direktivi də vermişdi. Əlbəttə ki, uzun əziyyətdən sonra olsa belə minimum hədəfə çatılmış, maksimum vəzifə isə tarixin arxivinə gömülmüşdü. Kiçik bir basqın münaqişəsinə görə Həştərxanın azadlığı uğrunda Moskva çarlığı ilə tammiqyaslı müharibəyə girməyin nə qədər çətin olduğunu şah özü də- lap əvvəldən- bilməmiş deyildi. Bu epizodu xatırlatmağımızın və onun üzərində belə ətraflı dayanmağımızın yeganə səbəbi oxucuya Həştərxa məsələsinin əvvəldən sona qədər bütün türk-müsəlman dünyası üçün Darül-hərb mahiyyəti kəsb etməsi fikrini bir daha əyani olaraq göstərməkdir. Bu baxımdan bir nüans da maraq doğurur. Sözügedən hərbi əməliyyatlar çərçivəsində Sunja qalasına hər iki yürüş zamanı Tərki şamxalı (XVII əsrdə bu şamxallıq Moskvadan üz çevirib yenidən Səfəvi təbəəliyinə keçmişdi) Surxay xüsusi fəallıq nümayiş etdirmişdi. Mənbələrdə bildirildiyinə görə, o, Səfəvilərin köməyi ilə bölgədəki rus qalalarını sıradan çıxarmaq və yerli əhalini öz ətrafında birləşdirib, qumuqların, noqayların, tatarların və kabardalıların daxil olduğu yarımmüstəqil bir dövlət qurmaq vəzifəsini qarşısına məqsəd qoymuşdu. Son hədəfi isə Osmanlı və Səfəvi dövlətlərindən dəstək alaraq Qara dənizə, Azov qalasına və Həştərxana çıxmaq idi. Onun şəxsində bir daha görə bilirik ki, Həştərxan məsələsi təkcə dövlətlərin və dövlət başçılarının deyil, nisbətən kiçik ranqlı ayrı-ayrı feodal başçıların da yaddaşında silinməz izlər buraxmışdı.
Sözümüzün canı budur ki, İ.Zaytsevin yuxarıdakı mülahizəsini Həştərxanla bağlı XVII əsrdə də populyarlığını kifayət qədər saxlayan bu “ümumi ictimai” atmosfer kontekstində qiymətləndirmək mümkündür. Öz ölkəsini Moskva boyunduruğundan qurtarmaq planları quran hansısa Həştərxan əsilzadələri qrupunun belə bir fikrə düşməsi nəzəri cəhətdən mümkün olsa da, belə bir faktın mövcudluğunu nə təsdiq, nə inkar etmək üçün əldə tutarlı bir əsas yoxdur.
Bizə görə, qüdrətli Azərbaycan hökmdarı, böyük fateh Nadir şah Əfşarın 1742-ci ilin qışında şimal istiqamətində başlayan yürüşü zamanı Həştərxana hücum edib, şəhəri ruslardan almaq istəməsi haqqında məlumatlar daha ağlabatandır. Bu mənada publisist-araşdırmaçı Araz Şəhrilinin mülahizələrini xatırlatmaq, zənnimizcə, yerinə düşər. O yazır: “Nadir xan Dağıstanın qiyamçı xanlarını cəzalandırmaq məqsədi ilə 1734-1735-ci illərdə iki dəfə yürüşə çıxmış, bütün döyüşlərdə qalib gəlmiş, 1735-1736-cı illərdə isə Rusiya imperiyasını Dağıstandan vurub çıxarmışdı. 1740-cı ildən sonra onun şimal torpaqları məsələsinə yenidən qayıtmasının səbəbi o idi ki, Rusiya imperiyasının güclü dəstəyi sayəsində fəallaşmış qiyamçı feodallar 1740-1741-ci illərdə şəhər və kəndlərə basqınlar etməyə başlamışdılar”. Müəllif bu fikrinin sübutu üçün Britaniya tarixçisi və şərqşünası Lourens Lokkartın (1890-1995) aşağıdakı fikirlərini sitat gətirir: “1742-ci ilin noyabrında Nadir şah şimal istiqamətində hərəkətə başladı. Çox güman ki, onun məqsədi donmuş Terek çayını keçərək Qızlara (rusca: Kizlyar) getmək idi. Çeçenistandan aldığı bir məktubda Nadir şaha bildirilirdi ki, çeçenlər onun təbəəliyini qəbul etmək niyyətindədirlər. Əgər o, Çeçenistana gəlsə, yerli xalq Rusiya ilə müharibəsində Nadir şaha əllərindən gələn köməyi edəcəkdir. Aydındır ki, Nadir şah Kabardanı, Kubanı və Krımı ələ keçirmək istəyirdi. Belə görünürdü ki, Rusiya ilə İran arasında müharibə mütləq baş verəcəkdir”. Lokkartın dediklərinə geniş şərh verən publisist sözlərinə belə davam edir: “Yuxarıdakı sətirləri oxuduqdan sonra Nadir şahın Dağıstana qış aylarında hücum etməsinin səbəbini anlamaq olur. Onun əsl hədəfi Şimali Qafqazın dağlıq əraziləri deyil, Rusiyanın cənub şəhərləri idi. Nadir şahın qızılbaşlardan, özbəklərdən və əfqanlardan ibarət qoşununun qarşısını geniş və bolsulu çaylar kəsirdi. Böyük ordu üçün su maneələri qışda- onların üstünü qalın buz təbəqəsi örtdükdən sonra dəf etmək daha asandır. Sözsüz ki, Nadir şah Dağıstanda ləngimək fikrində deyildi. Çox güman ki, o, sürətlə hərəkət edib Qızlara çatmaq, yazın əvvəllərində səfərini davam etdirərək Həştərxan istiqamətində irəliləmək, bu şəhəri hücumla ələ keçirmək niyyətində idi. İstənilən halda, Səfəvi şahı II Abbas kimi Nadir şah Əfşar da Həştərxanın azad edilməsini ölkənin xarici siyasətinin prioritet məsələlərindən biri sayırdı (seçdirmə bizimdir-N.M.). Amma Dağıstan feodallarını itaət etdirmədən Rusiya ilə müharibəyə başlamaq səhv olardı”. Daha sonra A.Şəhrili dağlıların Nadir şaha güclü müqavimət göstərdiklərini, Şimali Qafqazdakı rus qalalarının komandirlərinin onunla mübarizə aparan qiyamçılara silah-sürsatla dəstək verdiklərini təsvir edir və Dağıstan səfərini mürəkkəbləşdirən digər amillərdən söz açaraq, araşdırmasını belə yekunlaşdırır: “Bütün çətinliklərə baxmayaraq Nadir şah 1743-cü il fevral ayının 10-dək Dağıstanın böyük bir hissəsini özünə tabe etdi. Artıq Rusiya istiqamətində yürüşü davam etdirmək olardı. Lakin fevralın 15-də şah məlumat aldı ki, nəhəng bir Osmanlı ordusu onun sərhədlərinə yaxınlaşır. Bu hücumu dəf etmək üçün Nadir şah Əfşarın geri döbnəkdən başqa bir əlacı qalmamışdı... 1747-ci il iyun ayının 17-də böyük fatehin sui-qəsd nəticəsində öldürülməsi Rusiyanın işinə yaradı”.
İndi biz bütün bu niyyət və təşəbbüslərin reallaşdığı təqdirdə türk xalqları tarixində gedişatın hansı səmtə yönələ biləcəyi barədə istənilən qədər müzakirələr açıb polemikaya girə bilərik. Amma hansı qənaətə varmağımızdan asılı olmayaraq, gəlinən nəticə yalnız xəyal, ehtimal və fərziyyə olmaqdan o yana getməyəcək. Gerçəklik isə bundan ibarətdir ki, Rusiya dövləti daim Həştərxanın işğalını tanrının böyük bir lütfü kimi qəbul etmiş, bu uğurla öyünmüş və Həştərxanı kimsəyə güzəştə getməyə heç vaxt, heç bir halda hazırlaşmamışdı (belə faktlar varsa da, siyasi manevr kimi qiymətləndirilə bilər). Əksinə, Həştərxanın müdafiə mövqeyini gücləndirmək, onu abadlaşdırmaq, inkişaf etdirmək, genişləndirmək və çiçəkləndirmək çar hökumətinin diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur.
Türk tarixçisi Ə.Dəmirin yazdığına görə, Həştərxan rus hakimiyyəti altına keçdikdən sonra ətraf qəbilələrin hücumlarına məruz qalmasın deyə şəhər 1558-ci ildə müdafiə məqsədi ilə öz əvvəlki yerindən 12 kilometr cənuba, çay yatağının sol sahilindəki bir adaya köçürülüb. Lakin onun sözlərinə görə, burada da asayişi bərqərar etmək mümkün olmayıb. Rus mənbələrində IV İvanın ölümündən (1584) az sonra Moskvadan Həştərxan voyevodalarına “Asiya ölkələrinə xəbər göndərin ki, tacirlər Həştərxana gələ bilərlər və burada ticarət azaddır” məzmununda bir əmr-təliqə göndərildiyi qeyd olunsa da Ə.Dəmir faktlar əsasında şəhərdə hələ uzun müddət sabitlik yaranmadığını bildirir: 1605-ci ildə Terek kazakları tərəfindən talan edilən Həştərxan 1614-cü ildə ataman Zarutskinin (o, oğlunu “yalançı Dmitri”lərdən biri kimi qələmə verib, Moskva taxtına yiyələnmək istəyirdi) əlinə keçmiş, 1632-ci ildə isə kalmıkların hücumuna məruz qalmış, 1670-1671-ci illər Stepan Razin hərəkatının, 1705-ci ildə streletslər üsyanının mərkəzlərindən biri olmuşdu. 1680-ci ildə isə yerli əhali rus zülmünə qarşı üsyan qaldıraraq, burada hakimiyyəti ələ almış və bir müddət saxlaya bilmişdi. Həştərxanın müdafiə mövqeyinin möhkəmləndirilməsi bütün bu hadisələrdən əvvəl də çar hökuməti tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Çar Fyodr İvanoviçin 1578-ci ildə Qızıl Ordadan qalan xarabalıqları şəhərlər salınması üçün təmizləmək barədə fərmanına uyğun olaraq 1631-1632-ci illərdə ilk növbədə Həştərxanın yenidən tikildiyi tarixdən məlumdur. Bu məqsədlə Moskvadan göndərilən əmrlər əsasında köhnə şəhərdə xanın evinin və məscidinin qalıqları yerlə bir edilmiş, inşaat işlərinin aparılması üçün Saray-Berke şəhərinin xarabalıqlarından, Kazan xanlığı ərazilərindən, xüsusən Axtubdan buraya çay yolları ilə, sallar və gəmilərlə ağ daş, dəmir materialları daşınıb gətirilmişdi.
XVII əsrin ikinci yarısında isə Həştərxanda ticarət donanması yaradılmışdı. Gəmilərin tikilməsi üçün çar hökuməti heç nəyə qızırğanmamış, korabella Van Svedenin başçılığı altında Birləşmiş Əyalətlərdən (Hollandiyadan) böyük bir qrup gəmi ustası gətirilmişdi. Dəniz işlərinin biliciləri arasında məşhur Y.Streys də vardı. Həştərxan voyevodasının sərəncamına verilən donanma İrandan, Mərkəzi və Cənubi Asiyadan kommersant və diplomatların Rusiyaya çatdırılması, liman şəhərlərində ticarətin təhlükəsizliyinin təmin edilməsi, rus mallarının Dərbənd və Bakıya daşınması, onların dəniz quldurlarının hücumundan müdafiə olunması məqsədlərinə xidmət edən müxtəlif növlü gəmilərdən ibarət idi. Həştərxan ticarət donanmasının eyni zamanda hərbi təyinat daşıdığına da şübhə yoxdur.
XVIII əsrin 20-ci illərindən etibarən, Həştərxan tarixi qaynaqlarda artıq Rusiyanın Qafqaz istiqamətində apardığı hərbi əməliyyatların qərargahı (1722-23-cü illərdə I Pyotr Xəzəryanı vilayətlər, Bakı və Dərbənd üzərinə yürüşünü məhz buradan başlamışdı), bir qədər sonra Yaxın Şərq ölkələri ilə iqtisadi-ticarət və siyasi-diplomatik əlaqələrinin mərkəzi, inkişaf etmiş liman şəhəri kimi təqdim olunur. 1806-cı ildə Həştərxanda klassik kişi gimnaziyasının fəaliyyətə başladığı məlumdur ki, bu da şəhərə xüsusi önəm verildiyini ifadə edir. Çünki o dövrdə imperiyanın çox böyük şəhərləri hələ klassik kişi gimnaziyasına malik deyildi. Gimnaziyada Şərq dillərinin tədrisi, tərcüməçi kadrların hazırlanması isə aydın məsələdir ki, çarizmin müstəmləkəçilik siyasətində yeni mərhələyə qədəm qoyması ilə bağlı idi.
N.MUSTAFA
(ARDI VAR)
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir