ATƏT-in Minsk qrupunun 30 illik vasitəçiliyi ilə Avropa İttifaqının postmünaqişə dövründə vasitəçiliyi arasında fərq günümüzün reallıqlarından aydın görünür
Qarabağ münaqişəsinin tarixə qovuşması ilə Azərbaycan münasibətlərdə yeni səhifənin açılması üçün Ermənistana sülh müqaviləsini təklif etdi. Təəssüf doğuran hal budur ki, 30 illik işğal dövründə olduğu kimi, postmunaqişə zamanı da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Fransa və ABŞ ikili standartlara əsaslanan siyasətlərinə ara vermir, sözdə və əməldə fərqli yanaşma nümayiş etdirirlər. Reallıq budur ki, Qarabağ münaqişəsinin 30 il həllini gözləməsində, BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin kağız üzərində qalıb saralmasında dünyanın ikili standartlara əsaslanan siyasətinin rolu böyükdür. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılmışdı, amma 30 illik dövrün real mənzərəsi bu idi ki, qurum sanki öz missiyasını Ermənistanı qorumaqda, müdafiə etməkdə, atdığı hər bir beynəlxalq hüquqa zidd əməlinə haqq qazandırmaqda görürdü. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə həm işğalçı Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara, o cümlədən Minsk qrupunun həmsədrlərinə lazım olan mesajları çatdırdı. Həmin mesajlarda əsas tələb bu idi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var və onların zamana, məkana görə tətbiq edilməsi yolverilməzdir. Rəsmi Bakı işğal dövründə ən yüksək tribunalardan bəyan edirdi ki, bu prinsiplərin tətbiqi üçün vahid mexanizm lazımdır. Ermənistanın 30 il davam edən işğalı dövründə diqqət çəkən və hər zaman Azərbaycan dövlətinin narazılığına səbəb olan məqamlardan biri də bu idi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən 1-2 saat ərzində tam icra edilir, amma Azərbaycana gəldikdə isə bu sənədlərdə əksini tapan müddəalar 30 ilə yaxın müddətdə kağız üzərində qalmalı oldu. Dövlət başçısı İlham Əliyev sentyabrın 16-da fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində də bu məqamı xüsusi qeyd etdi və bəzi beynəlxalq təşkilatlara mesajlarını çatdırdı. «Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur» söyləyən cənab İlham Əliyev bildirdi ki, bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.
Azərbaycanın 2019-cu ildən 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyini bir daha xatırladan dövlət başçısı onu da əlavə etdi ki, sədrlik müddətinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini bir daha Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından bəyan etdi. Artıq əksər dünya gücləri yeni reallıqları qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qururlar. Postmünaqişə dövrünün əsas reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş miqyas alması, dost, qardaş ölkələrin bu işə öz dəstəklərini ifadə etmələridir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalayan tərəflərdən biridir. Həmçinin 2021-ci il yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmizin səyləri dəstəkləndi. Hazırda Rusiya regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə üzərinə düşən missiyanı yerinə yetirmək üçün müəyyən addımlar atmaqdadır. Dövlət başçısı İlham Əliyev Özbəkistana səfəri çərçivəsində Rusiya Prezdienti Vladimir Putinlə görüşündə də bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində dövlət başçısı İlham Əliyevi görməkdən çox şad olduğunu bildirən Vladimir Putin bildirdi ki, ikitərəfli münasibətlərə gəldikdə, çox uğurla inkişaf edir. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir. Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.
Dövlət başçısı İlham Əliyev bu məqamı qeyd etdi ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb. Diqqəti Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya Rusiya Prezdientinin operativ reaksiya verməsinə yönəldən cənab İlham Əliyev qeyd etdi ki, döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.
Digər həmsədr dövlətlər ABŞ və Fransa isə 30 illik işğal dövründə necə ikili standartlara əsaslanan siyasət yürüdürdülərsə, postmünaqişə dövründə də eyni yanaşmanı nümayiş etdirirlər. Bir müddət öncə Şuşa konfransının iştirakçıları arasında ABŞ və Fransa səfirlərinin olmaması bir çox məqamlara aydınlıq gətirmişdi. ABŞ və Fransa səfirlərinin bu mötəbər beynəlxalq tədbirdən yayınmalarının hansı məqsədə xidmət etdiyi məlum idi. Onların bu addımı, eyni zamanda, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edildi. Artıq heç kim üçün sirr deyil ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Sual olunur: ABŞ və Fransa bugünkü addımları ilə daim havadarlıq etdikləri Ermənistana hansı mesajları ünvanlamaq istəyirlər? Bu dövlətlər münaqişənin bitməməsi barədə görüntü yaratmaqla heç nə əldə edə bilməyəcəklərini düşünürlərmi? Təbii ki, bundan sonra həmin dövlətlərə hansısa etimaddan danışmaq mümkün deyil. Sözügedən ölkələrin diplomatik nümayəndəliklərinin nümayiş etdirdikləri dövlətlərin suveren hüquqlarına, ədalət prinsiplərinə zidd yanaşmaları bir daha təsdiqlədi ki, dünya bu gün də hüquq problemi yaşamaqdadır. Azərbaycan tarixi Zəfəri ilə nəinki regionun, dünyanın siyasi mənzərəsini dəyişdi. ABŞ və Fransa kimi güclərin belə yanaşma ortaya qoymaları heç nəyi dəyişmək imkanında deyil. Azərbaycan öz tarixi torpaqlarına sahibdir və daim bu torpaqlarda olacaq. Zəfərimizi inkar etmək imkanında olmayan ABŞ və Fransa yaxşı olar ki, Ermənistanı sülh danışıqlarına başlamağa məcbur etsinlər. O zaman bəlkə 30 illik işğal və postmünaqişə dövründə özlərinə qarşı yaratdıqları etimadsızlıq mühitində dəyişiklik edə bilərlər.
Bir mühüm məqamı da unutmasınlar ki, Azərbaycan Brüssel gündəliyini yaradıb. Avropa İttifaqı (Aİ) Şurasının Prezdienti Şarl Mişelin təşəbbüsü ilə avqustun 31-də sayca 4-cü görüş keçirildi. ATƏT-in Minsk qrupunun 30 illik vasitəçiliyi ilə Avropa İttifaqının postmünaqişə dövründə vasitəçiliyi arasında fərq günümüzün reallıqlarında aydın görünür.
Qeyd etdiyimiz kimi, ABŞ və Fransa fürsət düşüdükcə erməni sevgisini açıq-aşkar nümyiş etdirirlər. Fransanın BMT TŞ-də sərhəd toqqoşmasını gündəliyə gətirməsindən sonra Azərbaycan ABŞ və Fransaya inana və etibar edə bilməz. Hal-hazırda Fransa və ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel gündəliyini dəstəkləməlidirlər. Fransa və ABŞ Ermənistanı qızışdırır və sülh gündəliyinin irəli getməsinə imkan vermirlər. Şarl Mişel və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşırlar. Bir tərəfdən Minsk qrupunu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. 31 avqustda Brüssel görüşündə real nəticələrin əldə olunmaması bu siyasətin nəticəsi idi. Bundan cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina etdi və təxribatlara əl atdı.
Günümüzün əsas çağırışı budur ki, hal-hazırda siyasi-diplomatik provokasiyalarla alternativ gündəlik yaratmaq lazım deyil. Brüssel sülh gündəliyi dəstəklənməli və xüsusilə Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Bütün fəaliyyət bu istiqamətə yönəlməlidir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana sentyabrın 18-də olan səfəri və səfər sərçivəsində Azərbaycanın ünvanına ermənipərəst siyasətindən ünvanladığı ittihamlar bir çox məqamların açıqlaqmasına yardımçı oldu. Nensi Pelosinin Azərbaycanın ünvanına əsassız və haqsız ittihamları yolverilməzdir. Ədalətdən və demokratiyadan danışan N.Pelosi indiyədək bir dəfə belə olsun Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına, Azərbaycan şəhərlərinin, kəndlərinin, məktəblərinin, xəstəxanalarının, məzarlıqlarının dağıdılmasına, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyib. Belə birtərəfli addımlar və əsassız bəyanatlar bölgədə kövrək sülhün möhkəmlənməsinə deyil, gərginliyin artırılmasına xidmət edir.
O da məlumdur ki, sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirildi. Antoni Blinken özünün «Tvitter» hesabında yazır ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birbaşa danışıqlara ev sahibliyi etdim. Görüş zamanı bildirdiyim kimi, diplomatların masa arxasına qayıtmasının vaxtı gəlib.
Düşünürük ki, bu kimi bəyanatlardan konkret addımlara keçmək zamanıdır. Azərbaycan 30 ililk işğal dövründə bu kimi bəyanatların çox şahidi olub. Əsas olan sözlə əməlin birliyidir. Sözdə ədaləti və beynəlxalq hüququ dəstəkləyib, yaranan gərinliklərdən narhatlıq ifadə edən ABŞ, Fransa kimi dünya gücləri real addım atmaq zamanı gələndə erməni sevgilərini ortaya qoyurlar. Əvvəldə də qeyd etdiyimiz kimi, bu kimi yanaşmalar Azərbaycanın tarixi Zəfərinə kölgə salmaq imkanında deyil.
Yeganə Əliyeva, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir